Çinin iqtisadi möcüzəsi, SSRİ-nin iqtisadi fəlakəti

Yarandığı tarixdən sosialism və kapitalizm arasında geosiyasi mübarizə davam edir. Kapitalizmin əsas bayraqdarları ABŞ və Avropa öz ənənələrinə sadiq qalaraq, sərbəst iqtisadiyyat modeli ilə iqtisadi rifah əldə edərkən, siyasi qütbün digər tərəfinin əsas fiqurları SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) və ÇXR (Çin Xalq Respublikası) isə illərlə sosializmin gətirdiyi aclıq və iqtisadi tənəzzülə uğramış və öz iqtisadi modellərində yeniliklər etməyə məcbur qalmışdılar. Bu iqtisadi yenilikləri Çində Den Syaopin uğurla tətbiq edərək, iqtisadi möcüzəyə imza atmış, SSRİ-də isə Qorbaçovun başçılığı altında iqtisadi islahat (yenidənqurma ) dərin böhran və imperiyanın süqutu ilə nəticələnmişdir. Siyasi iradəsi bir birinə çox bənzər, bəzi vaxtlar isə tam üst-üstə düşən bu iki ölkənin tətbiq etdiyi iqtisadi yeniliklərində əsas fərq nələr idi? Niyə ÇXR bu qədər uğurlu iqtisadi transformasiya edə bildi, ancaq kommunist qardaşı (bəzən də düşməni) bu işi bacara bilmədi? Məqalədə bu suallara aydınlıq tapmağa çalışacayıq.

Hər iki iqtisadi modeli təhlil etmək üçün ölkələrin hansı şərtlər altında iqtisadi reformlara başladığına baxmaq lazımdır. Kənd təsərrüfatı sahəsində geriləmə və artan əhali səbəbi ilə hər iki ölkə aclıq çəkirdi. Bundan əlavə, Çin lideri Mao Se Dunun mədəni inqilabı nəticəsində, Çində savadlı elita tamamilə məhv olmuş, çox sərt qanunlar nəticəsində ölkə tamamilə qapalı iqtisadiyyata çevrilmişdi. Ölkəni aclıq bürümüş və ucqar rayonlarda narazılıqlar başlamışdı. Siyaopin məhz belə bir şəraitdə, partiya nümayəndələrini inandıraraq onların dəstəyi ilə iqtisadi islahatlara başlamışdı. Syaopin iqtisadi modelinə görə siyasətdə dəyişiklikyə getmədən də, iqtisadi islahatlar tətbiq etməklə, iqtisadiyyatı dirçəltmək olardı. Syaopin iqtisadi islahatlarını sadə dillə  belə izah etmişdi: “Pişik siçanı tutursa onun nə rəng olduğu vacib deyil”. Yəni, əgər iqtisadi uğur varsa onun kapitalist və ya sosialist addımlar nəticəsində olduğu vacib deyil. Ancaq, Qorbaçovun hakimiyyətə gəldiyi illərdə kommunist partiyasında yeniliyə qapalı və onu hakimiyyətə qəbul etmək istəməyən “Stalin komandası” ilə qarşılaşdı və onların dəstəyini almadan islahatlara başladı.

Çinin iqtisadi islahatlarının əsasında kənd təsərrüfatının inkişafı dururdu. Syaopin ölkədə insanların qarınlarını doyurmağı, ağır sənayenin inkişafından daha üstün tuturdu. Syaopin kənd təsərrüfatında lizinq modeli ilə, ölkədəki torpaqlar üzərində dövlətin sahibkarlığını saxlamaqla, əkinçilərə torpaq sahələrini kirayə verdi. Əkinçilər isə müəyyən edilmiş sabit kvota həcmində məhsulu dövlətə verir, artıq qalanını isə böyük şəhərlərdə satırdılar. 1982-ci ildə isə Syaopin kəndlərdə kolxozları ləğv etdi və bütün torpaqlar əkinçilərin ixtiyarına verildi. 1978-1982 illər arasında əkinçilərin orta aylıq gəlirləri iki dəfə artdı və bu uğur Syaopinə yeni islahatlar üçün həm xalq, həm də partiya tərəfindən dəstəyin verilməsini təmin etdi.

Qorbaçov isə iqtisadi reformlara sənayedən başladı. İslahatlara əsasən, Çinin aqrar sektorunda olduğu kimi, SSRİ-də də sənaye müəssisələri dövlətə məxsus qalır, ancaq müəssisələr sərbəst şəkildə büdcələrini hazırlayır və istehsalatın həcmini müəyyən edirdilər. İqtisadi terminlərlə izah etsək, ölkədə tələb dəyişməsə də, təklifi formalaşdıran dövlət aradan çıxmış, təklifi bazar iqtisadiyyatı formalaşdırırdı. İslahat nəticəsində, müəssisələr marjası az olan və ya dünənə kimi ziyana da olsa satdıqları malların istehsalını dayandırdılar. Qısa müddətdə ölkədə ərzaq məhsullarının xüsusilə də yağ, sabun, qənd kimi ən adi malların qıtlığı yarandı.

Syaopinin islahatlarının əsas fərqli cəhətlərindən biri də onun siyasi uğuru iqtisadi uğurlar sayəsində qazanması idi. Belə ki, Syaopin ölkədə totalitar rejimi iqtisadi islahatların əsas fiquru kimi görürdü və onların dəstəyini almadan hərəkət etmirdi. Syaopin Çinin sosialist rejimə ehtiyacı olduğunu bilirdi. Ən əsası, Syaopin partiyanın şəxsiyyətə pərəstiş siyasətini dəylşmək istəmirdi və ancaq gələcəyə baxırdı. Ona görə də, o, ölkədə yalnız iqtisadi islahat həyata keçirirdi və siyasi islahata yaxın durmurdu. Qorbaçov isə tam əksinə, eyni vaxtda həm iqtisadi, həm də siyasi islahat keçirmək istəyirdi. O partiya içi çıxışlarında da neo-Stalinist yanaşma ilə iqtisadi islahat olmayacağını və vəziyyəti yalnız siyasi iradə ilə həll etmək lazım olduğu fikrini müdafiə edirdi. Buna görə də o, nə Moskvada, nə də regionlarda islahat üçün dəstək ala bilmirdi ki, bu da islahatların kağız üzərində qalması ilə nəticələnirdi. Qərb yönümlü iqtisadçılar SSRİ-in iqtisadi modelini isə belə xarakterizə edirdilər: “Guya biz işləyirik, siz də guya bizə ödəniş edirsiniz”.

İki ölkənin iqtisadi islahatları həm də iqtisadi siyasi əlaqələri ilə fərqlənirdi. Syaopin başa düşürdü ki, siyasi idealogiyalarda fərqlərə baxmayaraq, Çin dünya ilə normal iqtisadi əlaqələr qurmalı və inkişafı buna bağlı idi. Syaopin ölkənin qapılarını dünyaya açaraq, inkişaf etmiş ölkələrin yeni texnologiyalarıını ölkəyə gətirmək və məhsuldarlığı yüksəltməklə ümumi daxili məhsul istehsalını artırmaq istəyirdi. Bu fikir dünyada yaşayan çinlilər tərəfindən də dəstəklənmiş və Çin diasporası xaricdən kapital axınına kömək etmişdi. SSRİ-də isə vəziyyət fərqli idi. SSRİ elitasının səviyyəsi Çinin elitasından çox mütərəqqi və qərbə daha yaxın idi. Ancaq onlar da SSRİ hakimiyyətini dəstəkləmirdi və Qorbaçova heç bir kömək etmirdilər.

Son olaraq, Syaopinin islahatlarının önünü açan əsas faktorlardan biri də Çinin uğursuz neft strategiyası oldu. Çinin planı neft satışı ilə əldə olunacaq gəlirlə, yeni texnologiyalar almaq idi. Ancaq Çində kəşf edilən yataqlarda proqnozlaşdırılan həcmdə neft ehtiyatları olmadığından Syaopinin strategiyasının qarşısına heç bir alternativ qalmadı SSRİ-də isə vəziyyət fərqli idi. Ölkənin Sibirdə ərazilərində kəşf edilən neft yataqlarında kifayət qədər xammal olduğu aşkarlandı və SSRİ üçün xammal istehsalı iqtisadiyyatın əsas faktoru kimi qaldı.

Yekunda onu qeyd etmək lazımdır ki, Syaopinin modeli sosialist ölkəni uğurla açıq dünya iqtisadiyyatına transformasiya edən iqtisadi möcüzədir. Bu möcüzə sayəsində ötən əsrin 70-ci illərindən sonra Çin iqtisadiyyatı böyük irəliləmələr əldə edərək, ÜDM-in həcminə görə dünyanın ən qabaqcıl ölkələri sıralamasında öz yerini tutdu. Çinin nə qədər böyük nəaliyyət əldə etdiyini başa düşmək üçün onu demək kifayətdir ki, 1970-ci ildə SSRİ-nin ÜDM-i Çinin ÜDM-dən 4 dəfə çox idisə, indi Çinin ÜDM-i 14 trilyon dollara çatdığı halda, Rusiyanın ÜDM-i cəmi 1,7 trilyon dollar səviyyəsindədir. Bəli, Çin iqtisadiyyatı bugün Rusiyanın iqtisadiyyatından 8 dəfə böyükdür.

Son olaraq onu qeyd etmək istərdim ki, Çinin iqtisadi möcüzəsi mövzusunda maraqlananlar görkəmli akademik Ziyad Səmədzadənin “Çin – Qlobal Dünya İqtisadiyyatında” kitabını oxuya bilərlər.

    — Müəllif —
Ali Dadashzade, ACCA


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.