Çinin “Moonshot” adlı AI startapı $18 milyard qiymətləndirmə ilə $1 milyarda qədər investisiya cəlb etməyi planlaşdırır

Çində süni intellekt modelləri hazırlayan “Moonshot AI” genişləndirilmiş investisiya raundu çərçivəsində $1 milyarda qədər vəsait cəlb etməyi planlaşdırır. Şirkətin mümkün qiymətləndirilməsi təxminən $18 milyard ola bilər. Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, “Kimi” çat-botunun yaradıcısı yeni investisiya raundu ilə bağlı danışıqlara başlayıb. Danışıqlarda hansı investorların iştirak etdiyi hələ məlum deyil. “Moonshot” isə “Bloomberg”in sorğusuna şərh verməyib.

2026-cı ilin yanvarında Çin KİV-ləri “Moonshot”un “IDG Capital”, “Alibaba Group” və “Tencent” şirkətlərindən $500 milyon nvestisiya cəlb etdiyini və həmin vaxt şirkətin qiymətləndirilməsinin $4,3 milyard olduğunu yazmışdı. Fevral ayında isə “Bloomberg” mənbələri bildirirdi ki, maliyyələşdirmə raundunun genişləndirilməsi çərçivəsində şirkət $10 milyard qiymətləndirməyə nail olmağa ümid edir.

2023-cü ildə yaradılmış “Moonshot” “Kimi” çat-botunu və eyni adlı süni intellekt modellərini hazırlayıb. Məsələn, 2025-ci ilin noyabrında şirkət “K2 Thinking” modelini təqdim edib.

2026-cı ilin yanvarında isə ekran görüntülərinə əsasən interfeysləri təkrarlaya və mürəkkəb tapşırıqlar üçün “subagentlər sürüsü” yarada bilən açıq süni intellekt modeli “Kimi K2.5″ təqdim olunub. Fevral ayında isə “Kimi Claw” adlı alət istifadəyə verilib ki, bu da “OpenClaw” platformasının sadə şəkildə yerləşdirilməsinə imkan verir.

Son xəbərlər
Digər xəbərlər