13 C
Baku
Sunday, November 27, 2022

Çinin Qaşqar şəhərindən Avropaya Azərbaycan ərazisi ilə konteyner daşınacaq

Bakıda “Asiya Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının iclası keçirilib.

Banker.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, tədbirdə səhmdar cəmiyyətinin sədr müavini İqbal Hüseynov iştirakçı ölkələrin dəmir yolu idarələrinin marşrutun cəlbediciliyini artırmaq istiqamətində birgə əməkdaşlığından danışıb. O, bildirib ki, marşruta yüklərin cəlb edilməsi, ortaya çıxan problemlərin operativ həllinin sürətləndirilməsi istiqamətində səylərin birləşdirilməsi zəruridir.

Həmçinin altı ölkəni təmsil edən operatorlar Çinin Qaşqar şəhərindən Avropaya konteynerlərlə yükdaşımalar üzrə pilot layihəni müzakirə edib. Bildirilib ki, dəhliz boyu yükdaşımaların səmərəliyinin artırılmasını, əməliyyatların optimallaşdırılmasını təmin edəcək rəqəmsal platformanın sınaq versiyası artıq hazırdır. Bu sahədə ixtisaslaşmış “UNİSER” şirkətinin hazırladığı platformanın test rejimində tətbiqi başlayır.

Toplantıda marşrutla bağlı məlumatların yer alacağı veb səhifənin müzakirəsi də aparılıb. Operatorlar marşrutun səmərəliyinin artırılması üçün tərəflərin iştirakı ilə Konsorsiumun yaradılmasının zəruriliyini vurğulayıblar, bu istiqamətdə müzakirələrin davam etdirilməsi barədə qərar qəbul ediblər.

“Asiya və Sakit okean regionu-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat marşrutu 2019-cu ildə, ADY və müvafiq ölkələrin dövlət dəmir yolları qurumlarının iştirakı ilə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər
X