20 C
Baku
Tuesday, September 30, 2025

Çinin qızıl istehsalçısı “Zijin Gold” $3.2 milyardlıq IPO keçirib

Çinin qızıl hasilatı şirkəti “Zijin Gold” Honq-Konq Fond Birjasında 3.2 milyard dollarlıq IPO həyata keçirib. Şirkət 349 milyon səhm yerləşdirib, hər birinin qiyməti 71.59 Honq-Konq dolları (təxminən 9 ABŞ dolları) olub, bu barədə “Financial Times” məlumat verib.

Debüt ticarət zamanı “Zijin Gold”un səhmlərinin dəyəri 68% artıb. Şirkətin bazar dəyəri 40.1 milyard dollara yüksəlib. Buna həmçinin IPO-nun qızılın rekord qiymətləri fonunda keçirilməsi də təsir edib.

Sentyabrın 29-da “Comex” əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti bir unsiya üçün 3850 ABŞ dollarını ötərək rekord yeniləyib. Bakı vaxtı ilə saat 15:15-də qiymətli metalın dəyəri 0.72% artaraq 3851.6 dollara çatıb. “Financial Times”ın sorğu keçirdiyi analitiklər və bazar iştirakçıları qiymət artımının əsas səbəbi kimi Qərb investorlarının qızılla təmin olunmuş birja fondlarına sərmayə yatırmasını göstəriblər.

Nəşrin məlumatına görə, ABŞ hökumətinin fəaliyyətinin dayandırılması perspektivi qızılın qiymətlərini daha da möhkəmləndirib. Qızıl ölkənin siyasi sistemindəki qeyri-müəyyənliklərə qarşı qoruyucu vasitə kimi qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər