11 C
Baku
Monday, December 8, 2025

Çinin ticarət profisiti ilk dəfə $1 trilyonu keçib

Bu il Çinin mal ticarət balansındakı profisit tarixdə ilk dəfə 1 trilyon dolları keçib. ABŞ prezidenti Donald Trampın başladığı tarif müharibəsinə baxmayaraq, ixracın həcmi kəskin şəkildə artıb. Ölkənin gömrük xidməti tərəfindən bazar ertəsi dərc edilən məlumatlara görə, ilin ilk 11 ayında Çinin ticarət balansı profisiti 1,076 trilyon dollar təşkil edib (bu göstərici yalnız malları əhatə edir, xidmətləri yox). Müqayisə üçün, 2024-cü il üzrə bu rəqəm 1 trilyon dollardan bir qədər aşağı olub.

Rekord profisit Vaşinqton və Pekin arasında ticarət gərginliyinin zəifləməsi fonunda qeydə alınıb — tərəflər oktyabrda bir illik “barışıq” barədə razılığa gəlmişdilər. Çinin ixrac və idxalı arasındakı böyük fərq onun ticarət tərəfdaşları tərəfindən tənqid olunur. Məsələn, Fransa prezidenti Emmanuel Makron ötən həftə ölkəyə səfəri zamanı bu “dözümsüz” disbalanslara işarə edib.

Statistika nə göstərir

Bazar ertəsi dərc edilən məlumatlara görə, noyabrda ixrac illik müqayisədə 5,9% artıb. Bu artım Trampın rüsumları tətbiq etdiyi apreldən bəri baş verən ilk gözlənilməz azalmadan (oktyabr ayında) sonra qeydə alınıb. Noyabrda idxal isə 1,9% artıb və nəticədə aylıq profisit 112 milyard dollar təşkil edib.

Çinin ABŞ-yə ixracı son aylar kəskin azalıb və ötən ay illik müqayisədə 29% aşağı düşüb. Lakin digər regionlara, xüsusilə Cənub-Şərqi Asiyaya tədarüklər sürətlə artıb. İqtisadçılar hesab edirlər ki, Cənub-Şərqi Asiyaya edilən bu tədarüklərin bir hissəsi (ötən ay 8% artım) daha sonra ABŞ-yə yenidən ixrac olunur.

“Düşünürəm ki, problem ondadır ki, ABŞ üçüncü ölkələr üzərindən edilən re-eksportun qarşısını almayıb”, — deyə UBP-nin Asiya üzrə baş iqtisadçısı Karlos Kazanova bildirib.

O qeyd edib ki, ABŞ-də tələbat “sabit” qalıb və əlavə edib: “ABŞ-əa tələbatın azalmadığını gördüyümüz üçün regionda ixrac artımı davam edir və Çin bundan dolayı şəkildə faydalanır”. Çin lideri Si Cinpinin hökuməti zəif daxili tələbat və artıq beş ildir davam edən daşınmaz əmlak bazarındakı durğunluq fonunda iqtisadi aktivliyi stimullaşdırmaq üçün əsasən ixraca güvənir.

Noyabrda Aİ-yə də ixrac kəskin artıb — illik müqayisədə 14,8% (oktyabrda bu göstərici cəmi 0,9% olub). ING-nin Çin üzrə baş iqtisadçısı Linn Sonq bildirib ki, noyabr rəqəmlərində bu “böyük sürpriz” olub. Onun sözlərinə görə, yuanın avroya nisbətən ucuzlaşması Çin ixracının rəqabət qabiliyyətini artırıb və Aİ ilə ticarət profisitini genişləndirib. O, Çinin ixrac gücünün gələn il də davam edəcəyini, lakin ticarət tərəfdaşlarının artan müqaviməti ilə üzləşəcəyini proqnozlaşdırıb.

“Makron bildirib ki, Aİ potensial olaraq Çin mallarına tarifləri artıra bilər, buna görə də bu, qeyri-müəyyənlik yaradan amillərdən biridir”, — deyə Sonq əlavə edib.

Nə gözlənilir

“Morgan Stanley” analitikləri, Asiya üzrə baş iqtisadçı Çetan Ahiya rəhbərliyində hazırladıqları hesabatda qeyd ediblər ki, 2030-cu ilə qədər Çin dünya ixracındakı payını hazırkı 15%-dən 16,5%-ə yüksəldəcək. Onlar hesab edirlər ki, ticarət tərəfdaşlarının artan proteksionist tədbirləri bu prosesi dayandıra bilməyəcək.

“İnkişaf edən sektorlar — elektromobillər, akkumulyatorlar və robototexnika — kimi sahələrdə dominant mövqeyini nəzərə alaraq, biz hesab edirik ki, Çin dünya istehsalı və ticarətində mövqeyini gücləndirməyə davam edəcək”, — deyə analitiklər yazıblar.

Son xəbərlər
Digər xəbərlər