20 C
Baku
Saturday, May 25, 2024

Çinin xarici ticarəti 5 faiz artıb

Çinin xarici ticarəti ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə yuan ifadəsində 5 faiz artaraq 10,17 trilyon yuana (1,43 trilyon ABŞ dolları) çatıb.

Bu dövrdə ixrac yuan ifadəsində 4,9 faiz, idxal isə 5 faiz çoxalıb. İxracda əsas yeri maşınqayırma, elektronika məhsulları tutub.

Dünyanın 2-ci ən böyük iqtisadiyyatı olan Çinin xarici ticarəti ilk dəfə olaraq bir rüb ərzində 10 trilyon yuanı ötüb. Hesabat dövründə Çinin “Bir kəmər, bir yol” təşəbbüsü üzrə tərəfdaş ölkələrlə ticarətindəki artım tempi (5,5 faiz) ölkənin xarici ticarətinin artım tempindən yüksək olub. Bu ölkələrlə ümumi ticarətin həcmi Çinin xarici ticarətinin 47,4 faizini təşkil edib.

Qeyd edək ki, Çinin xarici ticarəti yuan ifadəsində artsa da, dollar ifadəsində azalıb. Belə ki, martda ixrac 7,5 faiz, idxal isə 1,9 faiz azalıb. Xarici ticarətdə müsbət saldo yanvar-fevralda 125,1 milyard, martda isə 58,6 milyard dollar olub.

Çinin Baş Gömrük Administrasiyasının sədr müavini Van Lincun bildirib ki, beynəlxalq vəziyyətdəki dərin dəyişikliklər və qlobal iqtisadi inkişafın üzləşdiyi çoxsaylı ciddi problemlər fonunda Çinin xarici ticarəti sınaqlarla üzləşib. Buna baxmayaraq, Çin iqtisadiyyatının əsas gücü hələ də yüksələn bir trayektoriyadadır və ölkənin xarici ticarətindəki davamlı inkişaf möhkəm bir təməl üzərində qurulub.

Ekspertlər hesab edirlər ki, cari il ərzində Çinin ixracının 5 faiz civarında artacağı gözlənilsə də, daxili tələbatın azalması fonunda idxalın çoxalacağına ümid yoxdur. Ötən il Çinin ümumi ixracı dollar ifadəsində 4,6 faiz azalıb. Bu, son 7 ildə ilk azalma olub.

Ümumi daxili məhsulun (ÜDM) dəyərinə görə dünyada ikinci olan Çinin iqtisadiyyatının qlobal iqtisadiyyata təsiri olduqca böyükdür. Təsadüfi deyil ki, bir sıra təhlil mərkəzlərinin dünya iqtisadiyyatı ilə bağlı proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər