19 C
Baku
Wednesday, October 16, 2024

Çinin xarici ticarəti 5%-dən çox artıb

Cari ilin 9 ayında Çinin xarici ticarəti ötən ilin eyni dövrü ilə müqayisədə yuan ifadəsində 5,3 faiz artaraq 32,33 trilyon yuana (4,57 trilyon ABŞ dolları) çatıb.

Bu barədə Çinin Baş Gömrük Administrasiyası açıqlama yayıb. Bu dövrdə ixrac yuan ifadəsində 6,2 faiz, idxal isə 4,1 faiz çoxalıb. İxracda əsas yeri (təxminən 60 faiz) maşınqayırma, elektronika məhsulları tutub. Yüksək texnoloji avadanlıq ixracı 43,4, inteqral sxemlər 22, avtomobil 22,5, məişət texnikası isə 15,5 faiz çoxalıb.

İdxaldakı artım isə əsasən xammal, o cümlədən neft, qaz və daş kömür (4,8 faiz), habelə metal filizi (4,9 faiz) təmin edib. Dünyanın 2-ci ən böyük iqtisadiyyatı olan Çinin xarici ticarəti ardıcıl 3 rübdür ki, 10 trilyon yuanı ötüb. Hesabat dövründə Çinin “Kəmər və yol” təşəbbüsü üzrə tərəfdaş ölkələrlə ticarətindəki artım tempi (6,3 faiz) ölkənin xarici ticarətinin artım tempindən yüksək olub. Bu ölkələrlə ümumi ticarətin həcmi Çinin xarici ticarətinin 47,1 faizini təşkil edib. BRICS ölkələri ilə ticarət 5,1 faiz, ASEAN üzvləri ilə isə 9,4 faiz artıb.

Ekspertlər hesab edirlər ki, cari ildə Çinin ixracının 5 faiz civarında artacağı gözlənilsə də, bu baş vermədi. Ötən il Çinin ümumi ixracı dollar ifadəsində 4,6 faiz azalıb. Bu, son 7 ildə ilk azalma olub.

Qeyd edək ki, ümumi daxili məhsulun (ÜDM) dəyərinə görə dünyada ikinci olan Çinin iqtisadiyyatının qlobal iqtisadiyyata təsiri olduqca böyükdür. Təsadüfi deyil ki, bir sıra təhlil mərkəzlərinin dünya iqtisadiyyatı ilə bağlı proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər