9 C
Baku
Monday, November 18, 2024

Çinin yatırımları və şərtləri Azərbaycanın marağına uyğundurmu?

Azərbaycan Çinlə iqtisadi, ticarət və regional əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Ancaq Çinlə əməkdaşlıqda ehtiyatı da əldən vermək olmaz. Misal üçün biz Ələt limanı üzərindən Avropaya daha çox Çin məhsulunun çatdırılmasını istəyirik. Bununla həm Bakı–Tbilisi–Qars dəmiryolu tam gücü ilə işləyəcək, həm də gələcəkdə Zəngəzur dəhlizinə faydası olacaq.

“Ancaq Ələt limanına Çin şirkətlərinin sahib olması maraqlarımıza uyğun deyil”- deyə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

“Çünki Çinin yatırımlarının ardınca, başqa istəkləri də gələ bilər. Mərkəzi Asiyadakı durum buna sübutdur”.

Çinin illərdir Mərkəzi Asiyada nüfuzu artır. SSRİ dağıldıqdan sonra Mərkəzi Asiya ölkələri Çinlə yaxınlaşmağa başladılar. Bu ilkin illərdə tərəflər üçün faydalı idi. Çin Mərkəzi Asiya ölkələrinə kreditlər verir, əvəzində bu ölkələrin yataqlarını əldə edir və infrastruktur çalışmaları həyata keçirirdi. Pekin ilkin illərdə yatırım qoyduğu ölkələrin siyasətinə qarışmırdı.

Buna baxmayaraq, münasibətlərdə gərginlik illər keçdikcə artır. Misal üçün yalnız 2019-2020-ci illərdə Mərkəzi Asiya ölkələrində Çinin yatırımlarıyla bağlı 40-a yaxın insident qeydə alınıb. Səbəblər müxtəlif olub. Çində uyğurlara qarşı edilən zülmdən tutmuş Çin şirkətlərinə verilən torpaq sahələrinə qədər mövzularda yerli əhali ilə çinlilər arasında toqquşmalar olub. Məsələ burasındadır ki, Çin yatırım qoyduğu ölkələrdə çinli işçiləri yerləşdirməyə çalışır, bu isə yerlərdə narazılıq yaradır. Misal üçün Qırğızıstanda bir ara vəziyyət o həddə gərginləşdi və Çin əleyhinə o qədər aksiya təşkil edildi ki, bu ölkənin keçmiş prezidenti vətəndaşlarına xəbərdarlıq etmək məcburiyyətində qaldı. Halbuki, Çin yalnız Bişkəkdəki elektrik stansiyanın yenidən qurulması üçün 386 milyon dollar yatırım qoyub.

Kazakhstan port railway asia europe fullsizeoutput 73d
Qazaxıstanda dəmir yol xətti

Özbəkistanda da eyni vəziyyətdir. Bu ölkənin Çinə olan borcu ümumi gəlirinin 16 faiz həcmindədir. Yığlan borc Çinə imkan verir ki, bu ölkələrə təsirini artırsın. Pekinin Mərkəzi Asiya ölkələri ilə qeyri-rəsmi razılaşmaları mövcuddur. Bu razılaşmalara görə, bu ölkələr Çinə olan borcun qarşılığında Çin şirkətlərinə daha çox imkanlar yaratmaq məcburiyyətindədirlər. Çin Qərb ölkələrindən fərqli olaraq investisiya yatırmaq üçün ölkələrə ağır şərtlər irəli sürmür, layihələrin icrasında şəffaflıq və xüsusi hesabatlılıq tələb etmir, razılaşmalar şifahi vədlər əsasında hazırlanır.

“Bəzən bu kimi hallar böyük korrupsiyaya səbəb olur. Misal üçün Qırzısıtanda aparılan araşdırma nəticəsində bəlli olub ki, Çin mallarının böyük hissəsi Qırğıxıstana rəsmiləşdirilmədən daxil olurmuş. Bundan bir sıra Gömrük işçiləri varlanıb” – deyə, siyasi şərhçi E.Şahinoğlu deyir.

Çin son illərdə Mərkəzi Asiyada möhkəmlənən mövqelərindən istifadə edərək hakimiyyətə iddialı olan siyasətçilərlə sıx əlaqələr qurub. Həmin siyasətçilərin bir qisminin yaxınlarının Çinlə böyük ticarət sövdələşmələri və ya birgə şirkətləri var.

E.Şahinoğlu bu məsələyə də şərh verməklə bildirib ki, bunlar Pekinə əlindəki alətlərdən istifadə edərək Mərkəzi Asiya dövlətlərinin daxili və xarici siyasətinə nüfuz edə bilmə imkanı verir.

“Başqa sözlə Mərkəzi Asiyada son 20 ildə formalaşan siyasi və iqtisadi elita nə Rusiyaya, nə də Qərbə bağlıdır. Çinə bağlılıq artır. Çinin maliyyəsi çoxdur və yatırım qoymağa məkanlar axtarır. Pekin bu məkanları özü üçün müəyyənləşdirərkən dünyanın özü kimi böyük güc mərkəzlərini qabaqlamağa çalışır. Bunun yolu isə həmin dövlətlərə şirnikləndirici təkliflərdən keçir”.

Pekin eyni siyasəti Əfqanıstanda da həyata keçirməyə çalışır. Kasıb və iqtisadiyyatı uzun illərin müharibələrindən dağınıq vəziyyətə düşən Əfqanıstan xarici investisiyalara ehtiyacı var. Əfqanıstana böyük investisiyaları yatıra biləcək tək ölkə Çindir. Pekin Mərkəzi Asiya ölkələrini Əfqanıstanla birləşdirəcək regional layihələri maliyyələşdirməyə də hazırdır.

“Bununla Çin ətrafındakı həm iqtisadi, həm təhlükəsizlik, həm də asılılıq çəmbərini genişləndirməyə çalışır”, deyə siyasi şərhçi deyib.

Son xəbərlər
Digər xəbərlər