“AlixPartners” konsaltinq şirkəti çip çatışmazlığının qlobal avtomobil sənayesinə vurduğu ziyana dair proqnozunu dəyişdirib.
Banker.az xəbər verir ki, əgər may ayında mütəxəssislər 11 milyard dollar itki gözləyirdilərsə, indi bu rəqəm 210 milyard dollara çatıb. “Alix Partners”in hesablamalarına görə, cari ildə avtomobil istehsalı 7.7 milyon ədəd aşağı olacaq.
“Əlbəttə ki, hamı çip böhranının indiyə qədər az-çox zəifləyəcəyinə ümid edirdi, lakin Malayziyadakı lokdaunlar və digər bir sıra problemlər vəziyyəti daha da pisləşdirdi”, – deyə şirkətin idarəçi direktoru Mark Ueykfild söyləyib.
Qeyd edək ki, son aylarda bir çox avtomobil istehsalçıları (“Ford Motor”, “GM”, “Volkswagen”, “Jaguar Land Rover”, “Nissan”, “Honda”, “Toyota”, “Fiat Chrysler”) çip çatışmazlığına görə istehsalı ya məhdudlaşdırıb, ya da tam olaraq dayandırıb.