Çip istehsalçısı “Cerebras Systems” ABŞ-də IPO zamanı $5,55 milyard cəlb edib

Süni intellekt üçün çip istehsal edən “Cerebras Systems” ABŞ-də ilkin ictimai səhmlərin yerləşdirilməsi (IPO) zamanı 5,55 milyard dollar cəlb edib. Bu barədə şirkətin açıqlamasına istinadə “Bloomberg” məlumat yayıb.

Əvvəlcə “Cerebras” investorlara hər biri 115–125 dollar qiymətinə 28 milyon səhm təklif etmişdi. Mayın 11-də şirkət IPO-nun həcmini 30 milyon səhmə, qiymət diapazonunu isə 150–160 dollara qədər artırıb. Lakin sonra “Cerebras” IPO-nun yekun qiymətini daha yüksək — hər səhm üçün 185 dollar səviyyəsində müəyyən edib. “Bloomberg” yazır ki, investorların yerləşdirmədə iştiraka tələbi təklifi 20 dəfə üstələyib. Agentliyin hesablamalarına görə, IPO qiyməti əsasında şirkətin kapitallaşması təxminən 40 milyard dollar təşkil edir.

“Cerebras” səhmlərinin ticarətinə mayın 14-də “Nasdaq” birjasında CBRS tikeri altında başlanacaq.

“Bloomberg” qeyd edir ki, “Cerebras”ın IPO-su 2026-cı ilin əvvəlindən bəri ən böyük IPO olub. Şirkət bazar lideri “Nvidia” ilə rəqabət aparmağa çalışan çip istehsalçıları sırasına qoşulub.

“Cerebras” artıq süni intellekt sahəsinin ən böyük oyunçuları ilə, o cümlədən “Amazon” ilə müqavilələr bağlayıb. “Amazon” bildirib ki, süni intellekt proqram təminatını işə salmaq üçün özünün “Trainium” prosessorları ilə yanaşı “Cerebras” çiplərindən də istifadə etməyi planlaşdırır.

“Bloomberg” mənbələrə istinadən xəbər verir ki, IPO-dan bir neçə həftə əvvəl Yaponiyanın “SoftBank Group” və ona məxsus Britaniya çip istehsalçısı “Arm Holdings Cerebras” şirkəti almaq təklifi ilə çıxış edib, lakin “Cerebras” bu təklifi rədd edib.

“Cerebras”ın IPO keçirmək planları barədə hələ 2024-cü ilin payızında məlumat verilmişdi. Lakin şirkət rəhbərliyi ABŞ-nin Xarici İnvestisiyalar üzrə Komitəsinin (CFIUS) milli təhlükəsizlik baxımından apardığı yoxlama səbəbindən prosesi təxirə salmışdı. Komitənin diqqətini BƏƏ-nin bulud texnologiyaları və süni intellekt şirkəti olan, həmçinin “Cerebras”ın ən böyük müştərisi sayılan G42in investisiyaları cəlb etmişdi. “Reuters” yazırdı ki, ABŞ hakimiyyəti G42-nin Çinlə əlaqələrindən şübhələnirdi.

Son xəbərlər
Digər xəbərlər