Bəzi əskinasların üzrində əsl nəqqaşlıq nümunələriə rast gəlmək olar
Sosial Son zamanlar bir ucu cırılmış yaxud üstünə müxtəlif şəkillər çəkilmiş əskinasların sayı durmadan artır. Qanunvericilikdə bildirilir ki, gerb, himn və bayraq kimi pullar da dövlətçiliyin əsas atributu hesab olunur. Buna görə də əskinasların üzərində yazı yazmaq, şəkil çəkmək və ya hər hansı qeydiyyat aparmaq olmaz. Onların üzərinə lent yapışdırılmamalı və əskinas əzilməməlidir. Əskinasların keyfiyyətinin saxlanılması məqsədi ilə onların portmanatda daşınması məqsədəuyğundur. Amma bu olmazlar elə qayda olaraq da qalıb.
Pulu harada, necə gəldi saxlayır və əzirik. Hətta bəzi əskinasların üzrində əsl nəqqaşlıq nümunələrinə də rast gəlmək olar.
Zədələnmiş, cırılmış, aşınmış əskinasları Mərkəzi Bankın qurumlarında və ya banklarda dərhal dəyişdirmək lazımdır. Çünki üzərində yazı və ya qeyd olduğu halda Mərkəzi Bank tərəfindən həmin əskinas dövriyyədən çıxarılır və yenisi ilə əvəz olunur. Beləliklə də əlavə dövlət vəsaiti xərclənmiş olur.
İqtisadçı-ekspert Nicat Hacızadə ANS-ə açıqlamasında deyir ki, Avropa və Amerika ölkələrində pulun zədələnməsilə bağlı xüsusi cinayət məcəllələri var. Məcəlləyə görə, əgər pul süni şəkildə insanlar tərəfindən dəyərdən salınarsa onda həmin insanlar müəyyən qədər cərimə olunur və cinayət məsuliyyəti daşıyırlar. Ekspert bildirdi ki, MDB ölkələrində və Azərbyacanda bununla bağlı heç bir tədbir görülmür. Amma bu cür halların qarşısını almaq üçün gələcəkdə qanunvercilikdə müəyyən dəyişikliklərin ediləcəyi gözlənilir.
Təcrübədə isə görülür ki, bir şəxsin səhlənkarlığı üzündən korlanmış pul alan vətəndaş daha sonra onu istifadə edərkən problemlər yaşayır. Halbuki korlanmış pulla rastlaşan vətəndaş o pul əskinasını istənilən banka təhvil verib onu bütöv pulla əvəz edə bilər. Banklar isə heç bir zərərə düşmədən zədəli əskinasları Mərkəzi Banka təhvil verməlidir. Əlində olan cırılmış pulunu banka təhvil verə bilmədikdə, insanlar dəyən zərərlə barışmalı olur. Nəticədə dövriyyədə böyük həcmdə korlanmış pullar qalır.
Bank rəsmilərinin sözlərinə görə, isə qanunvericiliyin banklara qarşı qoyduğu korlanmış pulların dəyişdirilməsi tələbi o demək deyil ki, onlar bütün zədəli əskinazları götürməlidirlər. Bunun üçün gərək cırılmış pul müəyyən göstəricilərə uyğun olsun.
Bank rəsmisi Rauf Ağayev bildirdi ki, korlanmış pulu bankda dəyişdirəndə bu proses müəyyən şkala üzrə aparılmalıdır. Yəni, pul özünün 60% satılma dəyərini saxlamalıdır. Əgər bu göstərici 60%-dən aşağı olarsa onda bank pulun nominalını vermir.
Mərkəzi Bankdan isə bildirdilər ki, vətəndaş cırılmış pulu yenisi ilə dəyişdirmək üçün iş günləri, saat 11:00-dan 14:00-dək bu quruma müraciət edə bilər.
Mütəxəssislərin fikrincə, ümumiyyətlə pullarla kobud rəftar həm sosioloji, həm də psixoloji problemlərdən də qaynaqlana bilər. Amma istənilən halda bu istiqamətdə hüquqi cəhətdən qaydalar daha da sərtləşdirilməlidir ki, əskinaslara qarşı hörmətsizlik edən şəxslər cəzalandırılsın.