27 C
Baku
Saturday, July 27, 2024

“Citibank” proqram təminatının qarışıq interfeysi səbəbindən $500 mln. itirib

2020-ci ilin avqustunda “Citibank” proqram təminatının qarışıq interfeysi səbəbindən səhvən kreditorlara 500 milyon dollar göndərib.

Qeyd edək ki, “Citibank” uzun müddət ərzində “Revlon” şirkətinin kredit agenti olub. 2020-ci il 11 avqust tarixində bank kreditorlara faiz ödəmələri şəklində təxminən 7.8 milyon dollar ödəyəcəyini açıqlayıb. Həmin ərəfədə “Revlon” yenidən maliyyələşmə mərhələsində idi  və borcunun bir hissəsini kreditorlara göndərməyi, digərini isə yeni kreditə köçürməyi planlaşdırırdı. Lakin “Flexcube” proqramının qarışıq interfeysi səbəbindən kreditin əsas məbləği səhvən “Revlon”a göndərilib.

Köçürmə ilə Hindistan əsilli subpodratçı məşğul olub və o, proqramdakı “principal” (əsas məbləğ) işarəsinin borcun böyük hissəsini bankda saxlamağa imkan verdiyini hesab edib. Verilən məlumata görə, ödənişin qarşısını almaq üçün mütəxəssis həmçinin “front” (hesab) və “fund” (borc) bölmələrini doldurmalıdır, podratçı isə bu tələbi yerinə yetirməyib. Bundan əlavə, vəsaitlərin köçürülməsini üç nəfər – subpodratçı, onun Hindistandakı həmkarı və bankın ABŞ-ın Delaver ştatındakı yüksək vəzifəli əməkdaşı tərəfindən təsdiqləməlidir. Onlar isə proqrama daxil edilən məlumatları dolğun hesab edərək, köçürməni təsdiqləyiblər.

Nəticədə “Citibank” kreditorlara təxminən 900 milyon dollar göndərib – bu, ertəsi gün planlaşdırılmış yoxlama zamanı ortaya çıxıb. Bank bunun yanlışlıq olduğunu bildirərək, vəsaiti geri qaytarmağa çalışsa da, kreditorlar milyonları geri qaytarmaqdan imtina edib.

Daha sonra “Citibank” məhkəməyə müraciət edib və səhvən göndərilən vəsaitin geri qaytarılması tələbini irəli sürüb. Doğrudur, Nyu-York qanunları səhv köçürmə edən şəxsin vəsaiti geri qaytarmağa hüququna sahib olduğunu qəbul edir, lakin bu, kreditorlara şamil edilmir.

Bank məhkəmə qərarı ilə razılaşmadığını və apelyasiya instansiyasına müraciət edəcəyini bildirib. Məhkəmə prosesi zamanı kreditorlara alınan vəsaiti xərcləmək qadağan edilib.

Son xəbərlər
Digər xəbərlər