“Citi” yaxın perspektivdə Brent neftinin qiymətinin 120 dollara çatacağını gözləyir. Analitiklər hesab edirlər ki, bazar Yaxın Şərqdəki münaqişə fonunda tədarük problemlərinin uzanması riskini yetərincə qiymətləndirmir.
Ekspertlərin fikrincə, əgər Hörmüz boğazında tanker daşımalarının sərbəst hərəkəti yalnız üçüncü rübdə bərpa olunarsa, Brent-in qiyməti 150 dollara qədər arta bilər.
“Citi”nin 2027-ci il üçün baza proqnozu Brent neftinin 80–90 dollar diapazonunda ticarət olunacağını nəzərdə tutur. Bu proqnoz İranın Hörmüz boğazında gəmiçiliyə nəzarəti bərpa etməsi və neft ixracını gözlənilən tələbat səviyyəsinə uyğunlaşdıracağı ehtimalına əsaslanır. Bununla yanaşı, analitiklər uzunmüddətli proqnozların verilməsinin olduqca çətin olduğunu vurğulayıblar.
Bank ekspertləri bu il qlobal neft ehtiyatlarının 1 milyon barel azalacağını da proqnozlaşdırırlar. Onların qiymətləndirməsinə görə, ehtiyatların əsas azalması Çindən kənar ölkələrdə baş verəcək və göstəricilər 2011–2014-cü illərin minimum səviyyələrinə yaxınlaşacaq.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Yaxın Şərqin üç regional dövlət liderinin müraciətindən sonra İrana zərbə endirmək planını ləğv etdiyini açıqlamışdı. Daha sonra ABŞ rəsmiləri Hind okeanında İranla əlaqəli neft tankerinin ələ keçirildiyini bildiriblər. Tramp isə İrana qarşı hərbi əməliyyatların yenidən başlaya biləcəyi ilə hədələyib.
Ekspertlər qeyd edirlər ki, münaqişənin həlli ilə bağlı qeyri-müəyyənliyin artması neft qiymətlərində geosiyasi risk əlavəsini qoruyur və kotirovkaları 110 dolların üzərində saxlayır.






