ABŞ və İran arasında danışıqların ikinci raundunun 22 aprel tarixində Pakistanın paytaxtı İslamabadda keçirilməsi planlaşdırılır. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Telekanalın həmsöhbətlərinin sözlərinə görə, ABŞ-nin vitse-prezidenti Cey Vens artıq bu gün Vaşinqtondan yola düşəcək. Ağ Evdə isə CNN-ə bildirilib ki, ABŞ–İran danışıqlarının tarixi ilə bağlı rəsmi məlumat yoxdur. “Nümayəndə heyətinin yaxın vaxtlarda yola düşəcəyini gözləyirik, lakin bunun nə vaxt baş verəcəyi hələlik məlum deyil”, – deyə ABŞ prezident administrasiyasında qeyd edilib.
ABŞ prezidenti Donald Tramp daha əvvəl yeni raund danışıqların 21 aprelə planlaşdırıldığını bildirmişdi — həmin gün tərəflər arasında iki həftəlik atəşkəs başa çatır. Prezident qeyd edib ki, tərəflər atəşkəs bitənə qədər sülh razılaşması əldə etməsələr, onun uzadılması “son dərəcə az ehtimallıdır”. “Axios” portalının məlumatına görə, İranın ali rəhbəri Mojtaba Khamenei danışıqların davam etdirilməsi tapşırığını verib.
Əvvəlki danışıqlar aprelin 11-də İslamabadda keçirilib. ABŞ prezidenti onların uğursuz olduğunu bildirib: tərəflər İranın nüvə proqramı və Hörmüz boğazında gəmiçilik məsələsi üzrə razılığa gələ bilməyiblər. Tehran da Vaşinqtonla bir sıra məsələlər üzrə razılıq əldə olunmadığını təsdiqləyib. İki gün sonra ABŞ Hörmüz boğazı ətrafında İran limanlarını blokadaya alıb. Aprelin 17-də Tehran dəniz dəhlizinin açıldığını elan etsə də, ertəsi gün onun üzərində hərbi nəzarəti bərpa edib.






