Britaniyada baş nazir postunu tərk edən Boris Conson keçmiş maliyyə naziri Rişi Sunakdan başqa istənilən namizədi dəstəkləməyə çağırıb.
Bu barədə “Tayms” qəzeti yazıb.
Cümə axşamı baş nazir seçkilərinin üçüncü turuna beş nəfər keçib. Sunak (101) və beynəlxalq ticarət nazirinin müavini Penni Mordont (83) ən çox səs toplayıb.
Conson bəyan edib ki, heç bir namizədi açıq şəkildə dəstəkləməyəcək.
Lakin onun varisliyə uğursuz namizədlərə dair söhbətlər apardığı və Sunakın baş nazir olmasını istəmədiyini açıq şəkildə bəyan etdiyi məlumdur.
Məlumatlara görə, Boris Conson ən çox xarici işlər naziri Liz Trussa rəğbət bəsləyir. O, həmçinin keçmiş maliyyə naziri Rişi Sunakın seçkilərdə qalib gəlməmək şərti ilə Mordontun namizədliyinin əleyhinə deyil.
Qəzet qeyd edir ki, Sunak Conson kabinetini ilk tərk edənlərdən olub, hökumətin dağılmasının başlanğıcını qoyub.
“Consonun bütün komandası Rişiyə nifrət edir. Bu, şəxsidir. Bu qəzəbdir… Onun bunu aylardır planlaşdırdığını düşünürlər”, – deyə hökumətdəki mənbə qəzetə bildirib.
2019-cu ildə Tereza Meyi baş nazir postunda əvəzləyən Conson iyulun 7-də baş nazir və Böyük Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsini tərk etdiyini açıqlayıb. O, Nazirlər Kabinetinin yeni rəhbəri təyin olunana qədər vəzifəsini icra edəcək.
Xatırladaq ki, iyulun 14-də Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri və baş naziri postuna seçkilərin ikinci turu keçirilib.
Səsvermədə sabiq maliyyə naziri Rişi Sunak 101, ticarət nazirinin müavini Penni Mordont 83, xarici işlər naziri Liz Truss 64, bərabərlik və özünüidarə məsələləri üzrə sabiq nazir Kami Badenok 49, Britaniya parlamentinin xarici işlər komitəsinin rəhbəri Tom Tugendhat 32 səs toplayıb.
Cəmi 27 səs toplayan İngiltərə və Uelsin Baş prokuroru Suella Braverman mübarizədən kənarda qalıb.
Seçkilər iki namizəd qalanadək davam edəcək.