“CoreWeave” AI sahəsində “Meta” ilə $21 milyardlıq yeni müqavilə bağlayıb

Bulud hesablama provayderi “CoreWeave” “Meta” ilə 2032-ci ilə qədər 21 milyard dollar dəyərində hesablama güclərinin təchizatı üzrə yeni müqavilə imzalayıb. Bu barədə şirkətin açıqlamasına istinadən “Bloomberg” yazır.

“CoreWeave” “Meta” üçün bir neçə məlumat emalı mərkəzində bulud resursları təqdim edəcək. Bu mərkəzlərin bir qismi “Nvidia”nın “Rubin” adlı süni intellekt çipləri ilə təchiz olunub. Ümumilikdə “Meta” ilə bağlanan müqavilələrin həcmi 35 milyard dollara çatıb və texnoloji şirkət “CoreWeave” üçün ən böyük müştərilərdən biridir.

Bu razılaşma fonunda “CoreWeave” yüksək riskli (junk) istiqrazlar bazarına çıxmaq qərarına gəlib. Şirkət 2031-ci ildə ödəniş müddəti bitəcək 1,25 milyard dollarlıq istiqraz yerləşdirməyi planlaşdırır. “Bloomberg”in məlumatına görə, ilkin gəlirlilik göstəriciləri 10%-dən bir qədər yüksəkdir. Bundan əlavə, “CoreWeave” 2032-ci ilədək müddətli 3 milyard dollarlıq konvertasiya olunan istiqrazlar da yerləşdirməyi planlaşdırır. Cəlb edilən vəsaitlər ümumi korporativ ehtiyaclara, o cümlədən borcların ödənilməsinə yönəldiləcək.

ABŞ-də “Nasdaq” birjasında ticarətin başlanğıcında “CoreWeave” səhmləri əvvəlcə 4,2% artaraq maksimum 92,64 dollara yüksəlib. Lakin daha sonra enişə keçərək 4,6% dəyər itirərək 84,8 dollara qədər geriləyib.

“Bloomberg” yazır ki, “CoreWeave” süni intellekt modellərinin yaradılması uğrunda iri texnologiya şirkətləri arasında gedən rəqabətin əsas benefisiarlarından biridir. Bu rəqabət hesablama güclərinə tələbatın kəskin artmasına səbəb olub. Şirkətin rəqibləri arasında Britaniyanın “Nscale” və Arkadi Volojun “Nebius” şirkəti də var.

Son xəbərlər
Digər xəbərlər