Süni intellekt sahəsində bulud hesablama xidmətləri göstərən “CoreWeave” şirkəti “OpenAI” ilə 6.5 milyard dollarlıq müqavilə bağladığını açıqlayıb. CNBC-nin qeyd etdiyinə görə, bu yeni razılaşma şirkətlər arasında əməkdaşlığı genişləndirir və “CoreWeave”in ChatGPT yaradıcısı ilə ümumi müqavilələrinin həcmini 22.5 milyard dollara çatdırır.
“Bloomberg”in yazdığına görə, “CoreWeave” bildirib ki, yeni müqavilə “OpenAI”nin “növbəti nəslin ən qabaqcıl modellərinin” təlimini təmin edəcək. Şirkətin baş direktoru Maykl İntreyter vurğulayıb ki, bu, “dünyanın aparıcı innovatorlarının CoreWeave-in ən resurs tutumlu hesablama və təlim işlərini misilsiz sürətlə təmin etmək imkanına olan etimadını” təsdiqləyir.
“Bloomberg” qeyd edir ki, “CoreWeave” süni intellekt üçün qabaqcıl çipləri icarəyə verən yeni bulud şirkətləri arasında yer alır. Bu sahədə şirkət, o cümlədən “Yandex N.V.”nin sabiq rəhbəri Arkadi Volojun təsis etdiyi “Nebius” ilə rəqabət aparır. Bu cür şirkətlərin sayının artması və onların cəlb etdiyi kapital axını göstərir ki, iri texnologiya şirkətləri arasında süni intellekt infrastrukturuna tələbat yüksək olaraq qalır.
25 sentyabrda “CoreWeave”in səhmləri Nasdaq birjasında 3.6% artaraq 138.22 dollara çatıb. Bakı vaxtı ilə 19:31-də artım 1.75%-ə qədər zəifləyib.
“CoreWeave” ilk dəfə bu ilin martında “OpenAI” ilə 11.9 milyard dollara qədər dəyərində müqavilə imzalayıb. “Bloomberg”in yazdığına görə, yeni razılaşma “CoreWeave”ə biznesini şaxələndirməyə və ən böyük müştərisi “Microsoft”dan asılılığını azaltmağa imkan verəcək. İyun ayında başa çatan rübdə “CoreWeave”in gəlirlərinin 71%-i “Microsoft”un payına düşüb.