COVID-19 virusunun Azərbaycanın maliyyə sektoruna necə təsiri olacaq?

Ötən gün axşam AzTV-yə müsahibə verən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, koronavirusun minimal təsirə məruz qoyduğu və yaxud təsir etmədiyi sektor maliyyə (bank, sığorta) sektordur.

“İndiki halda razıyam ki, karantin tədbirləri digər sahələrlə müqayisədə maliyyə və rabitə sektoruna daha az təsir göstərir” – deyə, iqtisadçı Rəşad Həsənov  Banker.az-a deyir.

İqtisadçının qənaətincə, uzunmüddətli dövr üçün isə maliyyə sektoru üçün vəziyyət dəyişəcək – çünki, biznesin aktivliyinin azalması maliyyə sektorunun təklif etdiyi xidmətlərə tələbi zəiflədəcək: “Nəticədə bankların, sığorta şirkətlərinin dövriyyəsi və mənfəəti azalacaq. Digər tərəfdən proqnozlaşdırma aparmaqda çətinlik çəkən vətəndaş əmanət yerləşdirməkdə maraqlı olmayacaq. Bundan başqa likvidliyi, dolayısı ilə kredit qaytarma qabiliyyəti gün bə gün zəifləyəcək vətəndaş və biznes banklar qarşısında öz öhdəliklərini yerinə yetirə bilməyəcək. Sadalanan faktorlar maliyyə sektorunu böhrana sürükləyə bilər. Başqa sözlə virusun digər sektorlara təsirləri növbəti mərhələdə digər sektorlara o cümlədən də maliyyə sektoruna transformasiya olunacaq”.

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd edib ki, koronavirus nəticəsində bir sıra sahələrdə baş verən tənəzzül üzündən həmin sahələrdə çalışanların aldıqları kreditlər üzrə ödəmə qabiliyyəti əhəmiyyətli dərəcədə azalacaq. Ucuz neft dövrünün uzanması  Qazaxıstanda və Rusiyada ilə yanaşı Azərbaycanın da iqtisadi artımın səngiməsinə və deməli, aktivlərin daha sürətli keyfiyyətsizləşməsinə səbəb olacaq.

Agentlik deyir ki, bununla belə əlavə edir ki, son illər həyata keçirilən tənzimləmə tədbirləri aktivlərin keyfiyyətilə bağlı böhranı bir qədər yumşaltmağa kömək edəcək. Reytinq agentliyi MDB ölkələrinin əksəriyyətində bu kimi tədbirlər ya artıq həyata keçirilib, ya da hazırlıq mərhələsində olduğunu deyir.