27 C
Baku
Saturday, July 27, 2024

“COVID-19” xəstəliyi ilə əlaqədar Maliyyə Nazirliyinin inzibati binasına giriş qaydalarında yenilik

Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycan hökumətinin gördüyü tədbirlər çərçivəsində avqustun 31-dən etibarən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binasına daxil olan əməkdaşlar və qonaqlar “E-Təbib” tətbiqi yüklənmiş smartfon telefonlarını xüsusi qurğuya yaxınlaşdıraraq oxutmalıdırlar. Statusu “qırmızı” və ya “sarı” olan şəxslərin Nazirliyin inzibati binasına girişi qadağan olunacaq.
Banker.az xəbər verir ki, təlimata əsasən, “qırmızı” statuslu şəxs “COVID-19” virusunun daşıyıcısı olduğuna görə dərhal izolyasiya olunmalı, “sarı” statuslu şəxs isə testinin cavabı pozitiv olan aktiv xəstə ilə yaxın məsafədə olduğuna görə yoluxma ehtimalına qarşı izolyasiya edilərək yoxlanışdan keçməlidir.
Qurğu vasitəsi ilə yoxlanılması təmin edilməyən əməkdaşlar və qonaqlar isə inzibati binaya buraxılmayacaq.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsəd ilə müəyyən preventiv tədbirlərin görülməsi üçün “E-Təbib” mobil tətbiqi hazırlanaraq istifadəyə təqdim olunub.
Bu tətbiq vasitəsilə istənilən şəxs ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edilirlər. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olan şəxsə (məsələn, növbədə, dükanda, ictimai nəqliyyat vasitələrində, ticarət mərkəzlərində və s.) bildiriş göndərilir və laboratoriya testinə dəvət olunur.
“E-Təbib” bluetooth texnologiyası əsasında işləyir və yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur.
Son xəbərlər
Digər xəbərlər