13 C
Baku
Sunday, November 24, 2024

“Coworking” ofis nədir və onun standart ofisdən fərqləri?

Müasir dövrdə coworking sözü internetdə və ya başqa qaynaqlarda tez-tez rastımıza çıxır. Bəs əhatə dairəsi sürətlə artan coworking nədir?

Sözün dilimizə hərfi tərcüməsi əməkdaşlıq deməkdir. Lakin bu sözün əsas mənası fərqli sahədə çalışan insanların ortaq ofisdə fəaliyyət göstərməsidir. Ümumi və darıxdırıcı ofislərin əksinə bu ofislər fərqli konspetdə olub, gələcəyin iş şəraitini özündə ehtiva edir.

Banker.az olaraq biz, bu yazıda coworking sahəsinin faydalarını, necə yarandığını, burada kimlərin fəaliyyət göstərdiyini və üstünlüklərini araşdırmışıq.

“Coworking” ofis

Cowork və ya coworking lüğətdə “müxtəlif şirkətlərin və ya sərbəst iş qrafiki ilə işləyən şəxslərin (red – freelancer) çalışdığı “ortaq məkan” olaraq göstərilir. Siz öz layihələriniz üzərində işlədiyiniz zaman, yanınızda oturan şəxslər də başqa fəaliyyət sahələri ilə məşğul olur və hamınız ortaq bir məkanda çalışmış olursunuz.

Coworking ofislərdən əsasən, freelancerlər, startapçılar, ofisi olmayan amma bir şirkətə bağlı olaraq çalışan şəxslər istifadə edirlər.

“Coworking” necə meydana gəlib?

Coworking, internetin yaranması, dünyada geniş yayılması və insanların uzaq məsafədən əlaqə yaratması nəticəsində meydana gəlmişdir. Bu ideya 1995-2000-ci illər arasında Amerikada ofisdə çalışan insanları bir araya yığmaq və onlara topluluq anlayışını aşılamaq üçün yaradılmış klublar sayəsində mənimsənildi. 2005-ci ildən sonra isə oxşar adlarla yaranan ortaq məkanlarla bu ideya daha da məşhurlaşdı. Nəhayət, “Coworking” sözü 2007-ci ildə “Wikipediya”ya daxil edildi. Adı trend halına çevrilən bu ofis növü ənənəvi ofisə görə müasir nəsil tərəfindən daha üstün tutulur.

Bəs “Coworker” kimdir?

Ən sadə dildə izah etsək, “coworker” ortaq məkanda işləyən şəxslərə deyilir. Bu şəxs müdir, firma sahibi və ya freelancer ola bilər. Burada rəsmi ünvan, virtual və ya real ofis üzvü olub, tək ya qrup şəklində çalışmaq mümkündür. Əgər evdən işləmək sizin bir müddət sonra fəaliyyətinizi pisləşdirirsə, və ya işinizi daha sosial bir mühitdə davam etdirmək istəyirsizsə, “coworker” ola bilərsiz.

“Coworking”in modelləri:

“Coworking”in müxtəlif növləri və onların hər birinin özünəməxsus xüsusiyyəti var. Bunlar aşağıdakılardır:

Səyahətçi

Bu üzvlük bir masa və ya ofis icarəyə götürmədən bölüşməyə açıq ümumi sahələrdə işləyə biləcəyiniz bir modeldir. Üzvlük haqqı aylıq olduğu kimi, günlük və ya saatlıqda ola bilər.

Daimi masa                 

Açıq paylaşım sahələrində şəxsə xüsusi ayrılmış stul və masanın olduğu üzvlük modelidir.

Rəsmi ünvan

İşinizlə əlaqəli bir ünvan göstərmək və ya yük almaq üçün bu abunə modelini seçə bilərsiniz. Ümumiyyətlə, ümumi iş sahələrinin aylıq istifadəsi qanuni ünvanda və virtual ofis üzvlüyündə müəyyən bir müddətlə məhdudlaşır.

Virtual ofis

Virtual ofis modeli ilə şirkətin yaradılışını, qəbul, kargo və qarşılama xidmətlərindən faydalanmaq olar. Gələn zənglər şirkətinizin adı ilə açılıb, sizə yönləndirilir. Bu üzvlük modeli işlərini şirkətdən kənarda idarə edən şəxslər üçün idealdır.

Hazır ofis

Bu üzvlük modelində sizə və qrupunuza özəl hazırlanmış hazır ofisdə fəaliyyətə başlaya bilərsiniz. Ortaq iş sahəsi ilə birlikdə, həmçinin şirkətinizə məxsus ofis də seçmək mümkündür. Hazır ofislər əsasən böyük qrup üzvləri olan şirkətlər üçün nəzərdə tutulub.

“Coworking” ofisin faydaları nələrdir?

Coworking ofis haqqında danışdıqda, ilk düşünülən iş fəaliyyətinə necə təsir göstərməsidir. Evdən işləmək bir müddət sonra diqqətinizi dağıdır. Ortaq məkanlarda çalışan insanlar isə get-gedə bu fikirdən uzaqlaşır və daha sosiallaşırlar. Bundan əlavə, bu sosiallaşma şəxsin networking fəaliyyətinin də genişlənməsinə gətirib çıxarır.

Bu sahələrin həm adaptasiya və dizaynı, həm də işçilərin müəyyən bir qrafikə bağlı olmaması insanlara çalışarkən xüsusi motivasiya verir.

Evdə və ya kafelərdə işləmək diqqətdağıdıcı ola bilər, lakin ortaq ofislər belə problemlərlə qarşılaşmamaq üçün xüsusi dizayn edilir. Bu sosial məkanlarda digər insanları görmək, həmçinin iş fəaliyyətinizi artıra bilər.

Ortaq ofislərdə sizə təklif edilən imtiyazlar

Ortaq ofislər sizin üçün fərqli imtiyazlar da təklif edə bilər. Belə ki, bir müştəri görüşünüz və ya bir seminar üçün otaq kirayəliyə, tədbirlər təşkil edə, kargoları təslim almaq üçün qanuni ünvan yarada, gələn zənglərə cavab vermək üçün qəbul xidmətini ala, şirkət qurmağın üçün virtual və ya real bir ofis aça, hətta mühasibat məsləhətini ala bilərsiniz!

Standart ofis konsepsiyasından fərqləndirmək üçün coworking sahələri yaradılmışdır. Bu səbəblə işçilərin yemək və içki, internet, iclas otaqları kimi əsas ehtiyaclarını ödəməklə yanaşı, idman salonları, tədbirlər və musiqi studiyaları kimi əlavə motivasiya xidmətləri təklif edənlər də var.

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər