Bir neçə gün əvvəl Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilmiş “Texnikabank”ın rəhbəri Etibar Əliyev müsahibə verib. Bank bağlanan gündən dəfələrlə etdiyimiz müraciətlərdən yayınan E. Əliyevdən, nəhayət ki, telefonla da olsa bir neçə suala cavab ala bildik.
Onun cavablarını olduğu kimi təqdim edirik:
-Etibar müəllim, bank bağlanan gündən sizin mövqeyinizi öyrənməyə dəfələrlə cəhd etməyimizə baxmayaraq, açıqlama verməkdən yayınırsız. Niyə danışmaq istəmirsiz?“Texnikabank”ın ölkənin bank sektorunda, eləcə də cəmiyyətdə mühüm yeri olduğunu nəzərə alsaq, belə bir bankın lisenziyasının ləğv edilməsinin məqsədi və sirri nə idi?
– Mən bəzi elektron medianın bu və ya buna bənzər suallarına konkret cavab vermişəm. Hesab edirəm ki, eyni məzmunlu suallara cavab vermək lazım deyil. Lakin bütün KİV-ə böyük hörmətim olduğundan sizi qırmamaq üçün bir daha bildirirəm ki, “Texnikabank” ölkənin bank sektorunda çox mühüm yeri, böyük infrastukturu var. Bank sistem əhəmiyyətli, eləcə də hazırda 700 nəfər yüksək peşəkarlığa malik təcrübəli, vicdanlı və işinin öhdəsindən gələ bilən komandadan ibarətdir. Bankın lisenziyası ləğv edilən günə qədər bütün cari öhdəliklər yerinə yetirilib və likvidliyi mövcud olub. Bütün müştərilərinə yüksək bank xidməti göstərib və hər kəs tərəfindən yüksək dəyərləndirilib. Mən heç zaman inanmazdım ki, Mərkəzi Bankın İdarə Heyəti belə bir qərar versin. Çünki bu ən azından 700 nəfər işçinin itirilməsi, belə bir infrastrukturun dağıdılması, bütövlükdə bank sektoruna inamın itirilməsi demək idi. Lakin bütün bunlara baxmayaraq, mən Mərkəzi Bankın bu qərarına qarşı deyiləm və məhkəmədə mübahisələndirmək fikrim yoxdur.
– Etibar müəllim, peşəkar mütəxəssis və bir bankir kimi ölkə iqtisadiyyatını yaxın gələcəkdə necə görürsünüz?
– Mənim “Xalq” və “Respublika” qəzetlərində ölkə iqtisadiyyatının bu günü və gələcəyi ilə bağlı fikirlərim dərc olunub. Cənab prezident İlham Əliyevin yorulmadan ölkə iqtisadiyyatında, bank-maliyyə sektorunda apardığı islahatlar eləcə də, sahibkarlığın inkişafı üçün göstərdiyi tədbirlər barədə geniş təhlilim var. Bir daha bildirirəm ki, prezidentin bununla bağlı verdiyi müvafiq fərman və sərəncamlar deməyə əsas verir ki, yaxın və uzaq dövrlər üçün ölkə iqtisadiyyatı hər kəsin gözü önündə inkişaf edəcək, biz də sizinlə birlikdə bunlara şahid olacağıq.
– Bankın gələcək taleyi ilə bağlı suala cavab vermədiniz. Ölkə ictimaiyyətini çox ciddi maraqlandırır ki, sizin rəhbərliyinə yeni qayıtdığınız “Texnikabank”ın lisenziyasının ləğv edilməsininin məqsədi və pərdə arxasi sirri nədir?
– Mən düşünürəm ki, sizin suallarınızı yetərincə cavablandırdım, əgər telefon vasitəsi ilə suallarınıza cavab verdimsə, bu, mənim mətbuata böyük hörmətimdən irəli gəlir. Əgər həqiqətəndə cəmiyyət üçün sizin bu sualınız çox əhəmiyyətlidirsə, bunun üçün sizə müəyyən vaxt ayıraram, sözügedən suallarınızı geniş cavablandıraram. Çox yaxın zamanda…
Qafqazinfo