Deməli, belə! Tərcümədə bu – “Crab bucket theory” adlanır.
Krablar üzərində müşahidə keçiriblər və buna əsasən bu metafora yaranıb. Ovlanmış krablar səbətə yığılır. Onlar ayrılıqda hər biri səbətin iç divarı ilə yuxarı dırmaşıb azad olmaq istəyirlər. Amma bu zaman digər krablar yuxarı dırmaşmaqda olan krabın ayaqlarından yapışıb aşağı dartır. Hər hansı krab səbəti aşmağa cəhd etdikdə məhz belə olur. Başqa sözlə, hər bir krab səbəti asanlıqla tərk edə bilər, amma digər krablar buna imkan vermir. Beləcə, səbətdə olan krabların heç biri çoxsaylı cəhdlərə baxmayaraq səbətdən çıxa bilmir.
Tədqiqatçı Jon E. Royeca britan, amerikan, irland, yapon, çin, hind, sinqapur mədəniyyətlərini öyrənməklə, Krab mentaliteti ilə çoxsaylı analogiyalar aşkar etmişdir.
Əsas analogiyalar (bizim dildə populyar olan ifadələrlə)
1. Başqalarının uğurlarına paxıllıq (Məndə yoxdursa, səndə də olmasın; məndə olan və ya məndə olan qədər, yaxud səndə məndə olandan çox olmasın);
2. “Ya mənim olmalıdı, ya da heç kimin” eqoizmi;
3. İddialı, təşəbbüskar, yenilikçi adamlara qarşı təkəbbür (Sənin başqalarından nəyin artıqdır ki, Kimsən ki sən, Hamı necə sən də elə, Tısbağa qınından çıxdı qınını bəyənmədi və s.);
4. Yenilik etmək istəyən adamlara təhlükə mənbəyi kimi baxılması, bu üzdən onların tənqid, təqib, boykot edilməsi və ya mobbinq cəmiyyətimizdə tez tez rast gəldiyimiz məsələlərdir.
Bəs o zaman belə edən insanlara necə reaksiya vermək olar?
İnsan öz həyatına və verdiyi qərarlara görə özü məsuliyyət daşımalı və cavabdeh olmalıdır. Ətrafdakılar sizdə olan dəyişiklikdən həm razı qala, həm də narazı qala bilər. Çünki hər kəsin şəxsi prizması, baxış nöqtəsi var. Kimsə sizə baxıb sizin uğurunuza sevinə bilər, kimsə əksinə “nədən onda var məndə yoxdur” prinsipinə əsasən düşünə bilər. Lakin bunların heç biri sizi hədəfinizdən, doğru yoldan çəkindirməməlidir.
Bütün qərarlarınızı özünüz verin. Qəbul olunmuş qərarın bütün müsbət və mənfi cəhətlərini çəkin, resurslarınızı və güclü tərəflərinizi real qiymətləndirin. Prioritetlərinizi sıralayın. Bunu “SMART” prinsipinə əsasən etsəniz gözəl olar. İzin verməyin “krablar” sizi hədəfinizə doğru getməkdən çəkindirsinlər.
Müəllif: Psixoloq Nigar Cəbrayılova