İsveçrənin “Credit Suisse” bankı “Investment Outlook 2022” araşdırmasını dərc edib, araşdırmada bankın analitikləri beynəlxalq bazarların əsas makroiqtisadi göstəriciləri, eləcə də müxtəlif aktiv siniflərinin gəlirliyinin cari vəziyyəti haqqında ümumi məlumat veriblər.
Banker.az xəbər verir ki, materialda həmçinin onların perspektivləri müzakirə edilir, əsas investisiya strategiyaları nəzərdən keçirilir və növbəti il üçün proqnozlar verilir. Bank qeyd edir ki, qarşıdan gələn ildə qlobal iqtisadiyyat 4.3% artacaq.
“Bir sıra mərkəzi bankın pandemiya əleyhinə təşviqləri aradan qaldırmağa başlamasına baxmayaraq, inkişaf etmiş iqtisadiyyatlarda faiz dərəcələri sıfıra yaxın səviyyədə qalır. Bu şərtlərdə səhmlərin gəlirliliyi keçən illə müqayisədə zəifləsə də, cəlbedici olacaq”, – deyə “Credit Suisse” bankının analitikləri hesab edirlər.
Bank 2022-ci ildə ABŞ-da ÜDM-in real artımının 3.8% olacağını, 2021-ci ildə qeyd olunan kəskin sıçrayışdan sonra inflyasiyanın isə 3.9%-ə qədər yavaşlayacağını proqnozlaşdırır. “Biz FED-in stimullaşdırıcı proqramını geri götürdüyü üçün ABŞ dollarının digər inkişaf etmiş bazar valyutaları üzərində üstünlük qazanacağını gözləyirik”, – deyə bank vurğulayır.
Avrozona haqqında danışarkən “Credit Suisse” analitikləri proqnozlaşdırırlar ki, “inflyasiyaya səbəb olan təchizat zəncirinin pozulması problemi aradan qaldırılsa”, 2022-ci ildə ÜDM artımını 4.2% səviyyəsində gözlənilir.
Eyni zamanda 2022-ci ildə Avropa Mərkəzi Bankı aktivlərin geri alınması proqramlarını azaltmağa başlayacaq. Hesablamalara görə, ilin əvvəlində avro ABŞ dolları qarşısında zəifləsə də, il ərzində sabitləşəcək və möhkəmlənəcək.
Rusiya üçün “Credit Suisse” 2021-ci ildə real ÜDM artımı proqnozunu 4.0%-dən 4.5%-ə qaldırıb və 2022-ci ildə iqtisadi artımın potensial 2.4% səviyyəsinə enəcəyini gözləyir. “Biz hələ də Rusiyada inflyasiyanın 2022-ci ilin sonunda və ya 2023-cü ilin əvvəlində hədəf 4% səviyyəsinə qayıtmasını gözləyirik”, – analitiklər əlavə ediblər.