8 C
Baku
Friday, December 13, 2024

“Credit Suisse” və “Nomura” üç gündə 9 mlrd. dollar itirdilər

İsveçrənin “Credit Suisse” bankının və Yaponiyanın “Nomura” şirkətinin kapitallaşması üç gündə 9 milyard dollar azalıb. Bu, “risk faktoru” olan “Archegos Capital” fondu ilə bağlı qalmaqalla əlaqələndirilir.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, “Credit Suisse”ın qiymətli kağızları çərşənbə günü 4.93% azalaraq 9.9 İsveçrə frankına (10.5 ABŞ dolları) düşüb. Hərracların sona çatdığı 26 mart tarixi ilə müqayisədə bankın səhmləri təxminən 21% ucuzlaşıb. Cümə günündən bəri “Credit Suisse” bankının kapitallaşması 5 milyard İsveçrə frankı (5.3 milyard ABŞ dolları) azalaraq 25.57 milyard frank (27.12 milyard ABŞ dolları) səviyyəsinə düşüb. Xatırladaq ki, çərşənbə günü “S&P Global Ratings” agentliyi “Credit Suisse”ın proqnozunu “sabitdən” “mənfiyə” endirib.

“Nomura” şirkətinin səhmləri 2.9% ucuzlaşıb, kapitallaşması isə 2.3 trilyon Yaponiya yenindən (20.8 milyard ABŞ dolları) 1.88 trilyon yenə (16.8 milyard ABŞ dolları) enib. Yaponiya şirkəti “Archegos” ətrafında yaşanan qalmaqalın 2 milyard dollar itkiyə səbəb olacağını əvvəlcədən proqnozlaşdırdığını açıqlayıb. Bir gün əvvəl “JPMorgan” bu hadisədən təsirlənən bankların ümumi itkilərinin 10 milyard dollara çatacağını bildirmişdir.

Qeyd edək ki, “Archegos” fondunun brokerləri arasında digər banklar da olmuşdur – “Goldman Sachs”, “Morgan Stanley” və “Deutsche Bank”. “Goldman Sachs” və “Morgan Stanley” martın 26-da “Archegos”un mövqeyini ləğv etməyə başlayıblar.

“Goldman Sachs”, “Morgan Stanley” və “Deutsche Bank” sövdələşmələri zərərsiz olaraq başa çatdırıblar, “Credit Suisse” və “Nomura” isə ləngiyiblər və nəticədə “hedge” fondun dağıntıları altında qalıblar.

“Archegos”un qurucusu və rəhbəri Bill Hvan 2012-ci ildə dələduzluqda iştirak etdiyini etiraf edib, 2014-cü ildə isə onun Honkonqda ticarət etməsinə qadağa qoyulub.

Son xəbərlər
Digər xəbərlər