“AZ İNTEKST” MMC-nin direktoru Ruhəddin Cabbarov, işçiləri Sənan Quliyev və Telman Fətəliyevin barəsində olan cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sənan Quliyev son sözlə çıxış edib. O, borcunu ödəyəcəyini bildirərək məhkəmədən ona bəraət verməsini xahiş edib.
Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Sənan Quliyevə 7 il 9 ay 19 gün, Telman Fətəliyevə 5 il 5 ay 20 gün və Ruhəddin Cabbarova 2 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
T.Fətəliyev və R.Cabbarov barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və onlar məhkəmə zalında həbs olunublar.
Dəymiş ziyanın ödənilməsi üçün hər üç şəxsdən müəyyən məbləğlər tutulacağı elan olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşları evlərini təmir etmək adı ilə aldadıb, onların külli miqdarda pullarını ələ keçirməkdə ittiham olunurlar.
Onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ititham elan edilib. Cinayət işi üzrə 28 nəfər zərərçəkmiş qismində tanınıb.