Vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Taley Alaverdiyev və Pənah Kərimovun cinayət işi üzrə məhkəməsi başlayır.
İş yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq-əməliyyat tədbirləri ilə “Sahil-S İnşaat” MTK-nın sədri vəzifəsində işləmiş Alaverdiyev Taley Şamil oğlunun “GG Company” MMC-nin direktoru Kərimov Pənah Sudeib oğlu ilə qabaqcadan əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən inşa olunan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət edən vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda saxta müqavilə və maliyyə arayışları tərtib edib vəzifə saxtakarlığına yol verərək çoxsaylı şəxslərin külli miqdarda pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Taley Alaverdiyev və Pənah Kərimova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.