Bakı Apellyasiya Məhkəməsində “Grand Motors” MMC-nin “DəmirBank” ASC-yə qarşı verdiyi apellyasiya şikayətinə baxılıb.
Hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin barışıq sazişinin təsdiq edildiyi elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə ləğv edilib, iş üzrə icraata xitam verilib.
Qeyd edək ki, “DəmirBank” ASC “Grand Motors” MMC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank borcun tutulması barədə tələb irəli sürüb. Məhkəmə iddia tələbini qismən təmin edib. Qərardan narazı qalan “Grand Motors” MMC apellyasiya şikayəti verib.
Xatırladaq ki, 2005-ci ildə təsis edilmiş “Grand Motors” MMC Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürüb. Şirkət ağır texnika və yük avtomobillərinin Azərbaycana idxalını və satışını həyata keçirir.
Azərbaycanın aparıcı banklarından biri “DəmirBank” isə ASC 6 oktyabr 1989-cu ildə yaranıb, “Azərdəmiryolbank” adı ilə fəaliyyət göstərib. Bank 16 oktyabr 2009-cu il tarixindən etibarən fəaliyyətini “DəmirBank” adı ilə həyata keçirir.