20 C
Baku
Thursday, October 16, 2025

Dəmir filizi ucuzlaşmaqda davam edir: bazar profisitə hazırlaşır

Dəmir filizinin qiymətləri ardıcıl üçüncü gündür aşağı düşür. Polad istehsalı üçün əsas xammal hesab edilən bu məhsulun bir tonunun qiyməti hazırda təxminən 104 dollar səviyyəsindədir ki, bu da həftənin əvvəlində qeydə alınmış səkkiz aylıq maksimumdan 4% aşağıdır.

Qiymətlərin enməsi iki əsas amillə əlaqələndirilir:

  • treyderlər Qvineyada yeni şaxtanın işə düşməsinin qlobal təklifə necə təsir edəcəyini qiymətləndirirlər;

  • bazar Çində polad sənayesi ilə bağlı həftəlik hesabatın dərcini gözləyir.

Qvineya hökuməti Simandou yatağında dəmir filizi layihəsi üçün dəmir yolu və liman infrastrukturunun 11 noyabrda istifadəyə veriləcəyini bildirib. Eyni zamanda treyderlər Çinin “Mysteel” konsaltinq şirkəti tərəfindən hazırlanacaq sənaye məlumatlarının dərcini gözləyirlər. Bu hesabat Asiyanın ən böyük iqtisadiyyatında tələbin dinamikasını göstərəcək.

Çin dünyada dəmir filizinin ən böyük istehlakçısı sayılır, onun əsas tədarükçüləri isə Avstraliya və Braziliyadır. Lakin Simandou yatağında hasilat başladıqda, bazardakı qüvvələr nisbəti dəyişə bilər. Həftənin əvvəlində bu yatağın “SimFer” blokunda pay sahibi olan “Rio Tinto” şirkəti ilk yükləməni artıq gələn ay həyata keçirəcəyini bəyan edib. Layihənin qlobal bazarlarda təklifin həcmini əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.

“Bloomberg” agentliyinin məlumatına görə, bazarda Sinqapurun “Radiant World” ticarət evinin aqressiv yüksəliş mövqeləri də narahatlıq yaradır. Məlumata əsasən, onun maliyyə sponsoru olan “Glencore Plc” şirkəti “Radiant World” ilə bağlı risklərini izləmək üçün xüsusi komanda yaradıb.

Son xəbərlər
Digər xəbərlər