36 C
Baku
Tuesday, July 15, 2025

Dəmir yolundakı yükdaşımalardan gəlirlər azalıb

Azərbaycanda 2025-ci ilin yanvar-mart aylarında dəmir yolu ilə yük daşımalarından əldə olunan gəlir 101,1 milyon manat təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə cüzi – 0,8 faiz azdır.

Banker.az xəbər verir ki, beynəlxalq daşımalar üzrə gəlir 87,7 milyon manat olub və burada da 0,9 faizlik azalma qeydə alınıb. Lakin idxal yükləri üzrə gəlirlərdə 19,6 faizlik artım müşahidə olunub – 28 milyon manata çatıb. Əksinə, ixrac və tranzit yüklər üzrə gəlirlər müvafiq olaraq 4,8 və 10 faiz azalıb. Daxili daşımalar üzrə gəlir 13,5 milyon manat təşkil edib və bu istiqamətdə 1 faiz artım qeydə alınıb.

Sərnişin daşımalarından əldə olunan gəlir 3,7 milyon manata yüksəlib, bu da illik müqayisədə 55,1 faiz artım deməkdir. Bu məbləğin 1,4 milyon manatı şəhərətrafı daşımaların payına düşür və burada da 35,3 faiz artım olub.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, yük daşımalarının ümumi həcmi 4 milyon 346,2 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz azalma deməkdir. Beynəlxalq yüklərin həcmi demək olar ki, dəyişməyib – 3 milyon 680,8 min ton. Bu göstəricidə artım yalnız idxal yüklərində müşahidə olunub – 23,4 faiz artımla 1 358 min tona çatıb. Əvəzində, ixrac yüklərində 7,1 faiz, tranzit yüklərdə isə 10,8 faiz azalma baş verib. Daxili daşımalar üzrə 665,4 min ton yük daşınıb ki, bu da əvvəlki ilə nisbətən 18,9 faiz azdır.

Ümumi sərnişin sayı 2 074,4 min nəfərə çatıb – bu,10,3 faiz artım. Bu artım tam olaraq daxili və şəhərətrafı daşımalar hesabına baş verib.

Digər texniki göstəricilər arasında gündəlik boşaldılan vaqonların sayı 103,6 faiz artımla 431-ə çatıb. Gündəlik yükləmə isə cüzi azalma ilə 352 vaqon təşkil edib. Lokomotivlərin məhsuldarlığı və yürüşündə isə azalma qeydə alınıb – müvafiq olaraq 14,6 və 13,4 faiz. Yük vaqonlarının məhsuldarlığı da azalıb – 81 faiz səviyyəsinə düşüb, dövretmə müddəti isə artaraq 7,1 sutkaya çatıb.

Son xəbərlər
Digər xəbərlər