7 C
Baku
Sunday, December 15, 2024

DəmirBank: Texnoloji yeniliklər əsas hədəfimizə aparan yolun ilk addımlarıdır

“DəmirBank” ASC-nin Marketinq departament direktoru Anar Bayramovun müsahibəsi:

– Məlum olduğu kimi, “DəmirBank” Mərkəzi Bank tərəfindən iki nominasiya üzrə birinci yerə layiq görülüb. Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.

– Bəli, Azərbaycan Mərkəzi Bankının dəyərləndirməsinə əsasən “DəmirBank” 2015-ci ildə təmassız kartlar ilə POS-terminal vasitəsilə aparılan ölkədaxili ödənişlərin ümumi sayına görə “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə birinci yerə layiq görülmüşdür. Həmçinin Bank geniş təmassız POS-terminal şəbəkəsinə malik olduğundan “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyası üzrə də birinci yeri tutmuşdur. Biz texnoloji yeniliklərin tətbiqinin əhəmiyyətini başa düşürük və bunun üçün lazım olan resursları ayırmağa çalışırıq. Təmassız kartlarla alış-veriş etmək daha rahatdır, ödəniş zamanı əlavə kod yığmağa ehtiyac olmadığından və sadəcə kartı POS-terminal yaxınlaşdırmaq kifayət etdiyindən müştəri daha az vaxt sərf edir. Düşünürük ki, təmassız texnologiyaların bütün üstünlüklərini nəzərə alaraq yaxın gələcəkdə tək Bank sektorunda yox, bir çox sahələrdə geniş istifadə ediləcək.

– Bilirik ki, “DəmirBank” Azərbaycanın plastik kartlar bazarında təmassız kartları istifadəyə verən ilk banklardan biridir. Qısa zamanda bu uğuru necə əldə etmisiniz?

– İlk növbədə qeyd etmək istərdim ki, “DəmirBank” hər zaman plastik kart biznesi üzrə ön sıralarda olmuşdur və ölkədə kart emissiya edən ilk banklardan biridir. Nağdsız ödənişlərin “DəmirBank” üçün prioritet istiqamətlərdən biri olduğundan, tərəfimizdən təmassız kartların inkişafına çox böyük önəm verilir və bu sahənin inkişafı üçün tələb olunan proqram təminatının və POS-terminal infrastrukturunun yaradılmasına böyük həcmdə investisiyalar qoyulmuşdur. Nəticədə, 2015-ci ilin 3-cü rübündə təmassız kartlar layihəsini reallaşdıraraq qeyd olunan kartları ilkin olaraq yalnız əmək haqqı layihələri çərçivəsində müştərilərə təqdim etmişik. Eyni zamanda, təmassız ödəniş kart əməliyyatların rahatlığını təmin etmək məqsədilə bir sıra ticarət nöqtələrində müvafiq POS-terminallar quraşdırılmışdır. Gözlədiyimiz kimi, layihə müştərilər tərəfindən böyük maraqla qarşılandı. Qısa zamanda təmassız kartlar kütləvi şəkildə bütün müştərilərimizə təklif olunacaq.

– Belə başa düşdüm ki, plastik kartlar istiqamətində Dəmirbank-dan başqa yeniliklər də gözlənilir…

– Tamamilə doğrudur. Nağdsız ödənişlərin inkişafı üçün cari bank sistemində bir sıra köklü yeniliklər həyata keçirilmişdir və hazırda yeni plastik kart proqram təminatına keçid işləri yekunlaşır. Bunun nəticəsində müştərilərə bir sıra yeni, innovativ bank məhsulları təqdim olunacaq. Həmçinin, Bank plastik kartların funksionallığının artırılması (sistemli şəkildə taksit proqramının təminatı, bonus sisteminin tətbiqi, kredit kartlarının idarə edilməsi və s.) və müştərilərə daha sürətli, çevik xidmət göstərilməsi imkanını əldə edəcəkdir. Eyni zamanda yeni proqrama keçid imkan verəcək ki, bir çox kart əməliyyatları (kart məhsullarının yaradılması, çap edilməsi və s.) Bank tərəfindən 3-cü tərəf təşkilatın vasitəçiliyi olmadan idarə edilsin. Qısa zamanda böyük funksionallığı ilə seçilən istifadəyə verəcəyimiz yeni internet və “mobile banking” xidmətləri vasitəsilə də müştərilərimiz Banka yaxınlaşmadan bir çox əməliyyatları həyata keçirə biləcəklər. Bu yeniliklər sadəcə plastik kartlara aid olmayacaq və demək olar ki, əksər bank xidmət və məhsullarını əhatə edəcək.

– Bəs ümumilikdə “DəmirBank”ın gələcək strateji planları haqda nə deyə bilərsiniz?

– “DəmirBank” öz inkişaf strategiyasını həm artıq öz effektliyini təsdiqləmiş yanaşmalar üzərindən, həm də yenilərini nəzərdən keçirərək qurur. Biz başa düşürük ki, yalnız texnoloji yeniliklərin tətbiqi kifayət deyil. Bank üçün əsas əhəmiyyəti müştəridə banka qarşı inamın yaradılması və bu inamın qorunub saxlanılmasıdır. Texnoloji yeniliklər isə bu əsas hədəfimizə aparan yolun yalnız ilk addımlarıdır.

Planlarımızı bazarda yaranmış yeni situasiyaya uyğunlaşdırmışıq. Yeni situasiyada dayanıqlı və təcrübəli bank olaraq xeyli üstünlüklərimiz var. Növbəti aylarda müştərilərimizi bir sıra ciddi yeniliklərlə sevindirəcəyik. Söhbət həm yeni məhsul və xidmətlərin yaradılmasından, həm də müştəri xidmətində köklü keyfiyyət dəyişikliklərinin edilməsindən gedir. Ən əsası isə bütün bu böyük həcmdə işin öhdəsindən uğurla gələ biləcək peşəkar kollektivimiz var.

APA

Son xəbərlər
Digər xəbərlər