11 C
Baku
Monday, November 25, 2024

“DəmirBank”ın İdarə Heyətinin Sədri: “Bankın uğurlarının başında operativlik, təhlükəsizlik, xidmətin keyfiyyəti və şəffaflıq durur”

«DəmirBank» ASC-nin İdarə Heyətinin Sədri Roman Əmircanovun 1news-a verdiyi müsahibəni təqdim edirik: 

– Roman müəllim, bu il istər neft sektoru, istərsə də qeyri-neft sektoru üçün bir qədər çətin bir il oldu. Bu çətinliyin Bankınıza təsirini necə qiymətləndirərsiniz?

 – Cari ilin 1-ci rübündə valyuta bazarında baş vermiş dəyişiklik ümumi bank sektoruna təsir elədi. Bizim üçün də il nisbətən çətin başladı. 1-ci rübü zərərlə başa vursaq da, sonrakı müddət ərzində gəlirlərimizi artıraraq zərəri minimumlaşdıra bilmişik. Hazırda Bankımızın stabilliyi və inkişafı davam etməkdədir. DəmirBank-ın “Stabil” reytinqini bu günlərdə “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi təsdiqlədi.

9 ayın yekunlarına əsasən DəmirBank-ın  aktivlərinin həcmi 441 mln. AZN təşkil edib, bu isə ötən ilin göstəricisindən 25 mln. AZN daha çoxdur. Analoji olaraq Bankın kredit portfeli də 11 mln. artımla müşahidə olunaraq, 333 mln. AZN təşkil etmişdir. Hazırda Bankın məcmu kapitalı  62.19 mln. AZN təşkil edir.

 Amma Bankın uğuru yalnız maliyyə və ya digər kəmiyyət göstəriciləri ilə məhdudlaşmır. 26 illik zəngin tarixə malik DəmirBank Azərbaycanın aparıcı banklarından biridir. Hazırda Bankın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxtda, 20-si isə regionlarda yerləşir. Filial şəbəkəmizin yenilənməsi, modernizasiyası davam edir. Bu il ərzində 6 filial müasir dizaynda təmir olunmuş yeni binalara köçürülmüşdür. İlin sonuna kimi daha 2 filialın yeni ofisinin açılışı nəzərdə tutulmuşdur.

– Hətta bir çox şirkətlər üçün ağır keçən 2015-ci ildə də yeniliklərdən vaz keçmirsiniz…

– Qətiyyən. Yeniliklər zərurətdən irəli gəlir. Texnologiyanın, rəqabətin çox sürətlə inkişaf etdiyi bir dövrdə yeniliklərdən vaz keçilməsi doğru olmaz. Əksinə, satışların nisbətən azaldığı bir vaxtda gələcəyə baxaraq diqqəti daha çox Bankın institusional inkişafına, sistemin, biznes proseslərin təkmilləşdirilməsinə yönəltmişik. Müştərilərlə münasibətlərin daha yaxşı idarə olunması, onlara yeni-yeni, innovativ məhsulların təklif edilə bilməsi üçün bir sıra yeniliklər etmişik. Bundan başqa, biznes proseslərin avtomatlaşdırılması sahəsində də xeyli irəliləyişlərə nail olunub.

  – Hansı yenilikləri nəzərdə tutursunuz?

– Hazırda bank sektorunda müştərilərə təklif olunan maliyyə şərtlərinin bir-birindən çox fərqlənmədiyini nəzərə alsaq, rəqabətdə qalib gəlmək üçün ən vacib amil xidmət səviyyəsinin yüksəldilməsi və əməliyyatların aparılmasının düzgün təşkil olunmasıdır. Buna nail olmağın ən başlıca şərtlərindən biri isə bankın İT infrastrukturunun bu tələbləri ən yüksək səviyyədə qarşılamasıdır. DəmirBank da bu ideyanı əsas tutaraq, son illərdə İT infrastrukturunun inkişafını əhəmiyyətli dərəcədə gücləndirmiş və dünyanın ən nüfuzlu proqram təminatlarından biri olan SAP proqramının tətbiqini həyata keçirməklə banklar arasında bu mənada ilkə imza atmaqdadır. Bunun nəticəsində Bank müştərilərə göstərilən xidmətin keyfiyyətini və çeşidini əhəmiyyətli dərəcədə yüksəltmiş, ən müasir İVR (İnteraktiv Səs Cavablandırılması) sistemi ilə təmin olunmuş 24 saat müştərilərə dəstək xidmətinin tətbiqinə başlamışdır. Bununla yanaşı, bankda İnternet və Mobil Bankçılıq proqramının tətbiqi həyata keçirilir ki, bu da qarşıdan gələn ildə müştərilərə bütün məhsul və xidmətlər üzrə banka baş vurmadan, məsafəli xidmət göstərməklə bu sahədə ön sıralara iddia etməyə əsas verir. Bundan başqa, il ərzində yeni əsas və ehtiyat məlumat mərkəzinin qurulmasını uğurla başa çatdırmışıq.

  – Bilirik ki, son illərin trendlərindən biri nağdsız ödənişlərin çəkisinin artmasıdır. Dövlət Proqramı çərçivəsində də təşviq olunur bu. Bu istiqamətdə Dəmirbank nə edir?

– Çox yaxşı sualdır. Əvvəlcə deyim ki, DəmirBank ölkədə kart emissiya edən ilk banklardan biridir. Hətta bəzi banklarda nağdsız ödənişlərin həyata keçirilməsi üçün sponsorluq funksiyasını yerinə yetiririk. Bu biznesin bizim üçün xüsusi önəm daşıdığını anlayaraq böyük həcmdə investisiyalar qoymuşuq, nağdsız ödənişlərin inkişafı üçün bir sıra köklü yeniliklər həyata keçirmişik. Plastik kartların in-house prosessinq mərkəzi olan OCEAN proqramının tətbiqi uğurla başa çatdırılmışdır. Bu bizə imkan verir ki, bir çox kart əməliyyatları (kart məhsullarının yaradılması, çap edilməsi və s.) Bank tərəfindən 3-cü tərəf təşkilatın vasitəçiliyi olmadan idarə edilə bilsin. Eyni zamanda, plastik kartların funksionallığının artırılması (sistemli şəkildə taksit proqramının təminatı, bonus sisteminin tətbiqi, kredit kartlarının idarə edilməsi və s.) imkanını, müştərilərə daha sürətli, çevik xidmət göstərilməsini təmin etməlidir. Artıq növbəti aydan kartların emissiyasını OCEAN ilə həyata keçirəcəyik.

Nağdsız ödənişlərin təhlükəsizliyinin təmin olunması bizim üçün prioritetlərdən biridir. Burdan irəli gələrək bu il internet ödənişlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə bütün kartlarımız “3D secure” təhlükəsizlik xidmətinə qoşulmuşdur. Bu xidmət çərçivəsində müştərilərimiz dələduz əməliyyatlardan qorunmaq imkanını əldə edirlər.

Azərbaycan plastik kartlar bazarında ilk banklardan biri olaraq ən son texnologiyalardan olan təmassız kartlar layihəsini də reallaşdırmışıq. Bununla müştərilər vaxtlarına qənaət edərək nağdsız ödənişləri rahat şəkildə həyata keçirə bilərlər.

    – Bizdə olan məlumata görə DəmirBank bu günlərdə MikroFinanza Rating təşkilatının qiymətləndirməsi əsasında ABŞ-ın “Smart Campaign” təşkilatı tərəfindən “Müştəri Mühafizəsi üzrə Sertifikata” layiq görülmüşdür. Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.

 – DəmirBank ötən ilin fevral ayından başlayaraq Mikrofinanza Rating təşkilatı ilə “Müştəri Mühafizəsi üzrə Sertifikat” layihəsinə başlamışdır. Layihənin məqsədi xidmət və məhsullarda qiymət, şərait və şərtlər baxımından şəffaflığı təmin etməkdir. Daha dəqiq desək xidmət və məhsulların müştərilərin tələblərinə uyğun hazırlanması və çatdırılması, artıq borclanmanın qarşısının alınması, şəffaflığın təmin edilməsi, məsuliyyətli qiymət qoyuluşu, müştərilərə ədalətlə və hörmətlə davranış, müştəri məlumatlarının məxfiliyinin qorunması, müştəri müraciətlərinə baxılması ilə bağlı çevik bir mexanizmə malik olmaqdır.

Sertifikatlaşdırmanı “Smart Campaign”-in tərəfdaşı, müstəqil və lisenziyalı qiymətləndirmə təşkilatı olan MicroFinanza Rating aparmışdır. DəmirBank “Müştəri Mühafizəsi üzrə Sertifikatı”nı Smart Campaign təşkilatının 7 Mühafizə Prinsipini özündə birləşdirən müştəri maraqlarının qorunması öhdəliyinə sadiqlik nişanəsi olaraq almışdır. Qeyd edim ki, bir çox qayda və prosedurlarımızda dəyişiklik edərək hazırda Smart Campaign təşkilatının 95 standartının hamısına cavab veririk. Bu iş bəzi hallarda müştərilərin xeyrinə gəlirlərdən imtina etməyimiz hesabına başa gəlsə də, müştəri məmnuniyyətinin və maraqlarının bizim üçün vacibliyini dərk edərək bunu edirik.

Görülmüş tədbirlərin hamısı Mərkəzi Bankın “Banklarda Məsuliyyətli Kreditləşmə haqqında Metodoloji Rəhbərliyi”nə tam uyğundur. Göstərdiyimiz bank xidmətləri müştərilərin hüquqlarının müdafiəsi və onun effektiv mexanizminin, məsuliyyətli kreditləşmə üzrə davranış standartlarının tətbiqi üzrə rəhbərliyə əsasən həyata keçirilir. Burada əsas məqsəd Bankımız üçün müxtəlif risklərin azaldılması, eyni zamanda müştərilərin həddən artıq borclanmasının qarşısının alınması və məsuliyyətli borclanma vərdişlərinin inkişaf etdiirlməsidir.

Hesab edirəm ki, hər hansı bir şirkətin, xüsusilə də maliyyə-kredit qurumunun əldə etdiyi nailiyyət və uğurlarının başında operativlik, təhlükəsizlik, göstərilən xidmətlərin keyfiyyəti və şəffaflıq durur. Bu isə bizim üzərimizə düşən ən böyük məsuliyyətdir. Əməliyyatların, tariflərin və istehlakçıların hüquqlarının şəffaflığı və müştəri xidmətlərinin təkmilləşdirilməsi Bankımız üçün ən prioritet məsələlərdən  biridir.

Bank həmçinin müştərilərə mühafizəli və şəffaf əlaqələrin qurulması sahəsində əhəmiyyətli tədbirlər həyata keçirir. Bunlara müştərilərə maliyyə savadlılığının artırılması mövzusunda təlimlərin həyata keçirilməsi, Bank sənədlərinin, müqavilələlərin daha sadələşdirilmiş formatda müştərilərə çatdırılması, Bankın xidmətləri və məhsulları barəsində, həmçinin xidmət səviyyəsi ilə bağlı müştərilərin irad və təkliflərini bildirmə kanallarının genişləndirilməsi və digər bir sıra tədbirlər aiddir.

Onu da qeyd edim ki, bu sertifikat bank və müştəri münasibətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində cari ildə təqdim olunan yeganə sertifikat deyil. DəmirBank fəaliyyətində şəffaflıq prinsipləri sahəsində qiymət şəffaflığını təmin etdiyinə görə “MicroFinance Transparency” təşkilatı tərəfindən “Qiymətləndirmənin Şəffaflığı Möhürü” ilə  mükafatlandırılmış, “Şəffaf pərakəndə bankçılıq” xidmətlərinə görə “Uğur” milli mükafatına da layiq görülmüşdür.

 – Yeniliklərdən danışdıq. Ənənəvi bankçılıq sahəsində, xüsusilə kiçik və orta biznesin maliyyələşdirilməsi istiqamətində Bankın həyata keçirdiyi işlər haqqında nə deyə bilərsiniz?

 – Bankın texniki və maddi resursları bütün növ kreditləşmələrə imkan verir. Bizim üçün, kiçik və orta biznesin maliyyələşdirilməsi həmişə mühüm istiqamət olmuşdur. Bazar tələbatını nəzərə alaraq, biz bu sektora olan diqqətimizi artırmaqda qərarlıyıq. Buna görə də, kiçik və orta biznes ilə bağlı 2016-cı il üçün nəzərdə tutulan planlarımız kifayət qədər genişdir.

Gördüyünüz kimi, filial şəbəkəmizin əksəriyyəti paytaxtda yox, regionlarda yerləşir. Regionlarda mikrokreditlərin əhəmiyyətli hissəsini kənd təsərrüfatının inkişafına veririk. Kənd təsərrüfatının kreditləşməsi incə və mürəkkəb bir prosesdir və hər sahəsi fərdi yanaşma tələb edir. Məsələn, heyvandarlıq sahəsinin inkişafı üçün ayrılan kreditin şərtləri bitkiçilik və bağçılıq sahəsinə ayrılan kreditlərin şərtlərindən fərqlənir. Qeyd etmək istəyirəm ki, kənd təsərrüfatının hər sahəsinin öz riskləri, mövsümü, vaxtı və qaytarılma dövrləri var. Bizdə kənd təsərrüfatının bütün sahələri üçün xüsusi məhsullar var. Kənd yerlərində yaşayan əhalinin sayını, iqtisadiyyatda kənd təsərrüfatının rolunu və ölkə prezidenti tərəfindən aparılan siyasəti nəzərə alaraq, biz bu sektorun maliyyələşməsinə daha məsuliyyətlə yanaşırıq.

DəmirBank bir neçə dövlət fondları ilə sıx əməkdaşlıqlar aparır. Dövlət proqramları çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kreditlər üzrə Fondun partnyor banklarından biriyik. Bundan əlavə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduyla da əməkdaşlıq edirik və bu dövr ərzində ölkədə İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, elmi tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələr dəstəklənmişdir. Ən sıx əməkdaşlıq etdiyimiz fondlardan biri də İpoteka Fondudur. Fondun tələblərini yüksək səviyyədə icra etdiyinə və fond tərəfindən ipoteka kreditlərinin maliyyələşdirilməsinə görə DəmirBank 2015-ci ilin 1-ci rübündə 36 müvəkkil kredit təşkilatları arasında 1-ci yerə layiq görülmüşdür.

Son xəbərlər
Digər xəbərlər