Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkətinin Azərbaycandakı törəmə qurumu – “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ixrac gəlirləri 2026-cı ilin yanvar–iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4 dəfə artaraq 184,5 milyon ABŞ dollarına çatıb.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ixrac icmalında bildirilir. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk yarısında nümayəndəliyin ixrac gəlirləri 46,3 milyon ABŞ dolları təşkil etmişdi.
Şirkətin açıqladığı əməliyyat nəticələri də ixrac gəlirlərindəki kəskin artımı təsdiqləyir. Belə ki, 2026-cı ilin ikinci rübündə “Anglo Asian Mining” mis istehsalını ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7,8 dəfə artıraraq 5 129 tona çatdırıb. Artım əsasən Dəmirli yatağında istehsalın genişləndirilməsi hesabına baş verib.
Hesabat dövründə qızıl hasilatı 6 272 unsiyaya yüksələrək 1%, gümüş hasilatı isə 50 059 unsiyaya çataraq 56,3% artıb.
İlin ilk altı ayında şirkət rekord istehsal göstəricilərinə nail olub. Bu dövrdə mis hasilatı 1 188 tondan 8 840 tona yüksələrək təxminən 7,4 dəfə, qızıl hasilatı 12 114 unsiyadan 12 329 unsiyaya qalxaraq 1,8%, gümüş hasilatı isə 62 348 unsiyadan 92 855 unsiyaya çataraq 48,9% artıb.
Yanvar–iyun aylarında şirkət 58 577 quru metrik ton mis konsentratı sataraq 125,9 milyon ABŞ dolları gəlir əldə edib. Bu məbləğin 71,4 milyon ABŞ dolları ilk dəfə istehsala qoşulan Dəmirli yatağının, 54,5 milyon ABŞ dolları isə Gədəbəy yatağının payına düşüb.
Bununla yanaşı, qızıl külçələrinin satış həcmi 27,1% azalsa da, orta satış qiymətinin 51,6% artaraq 4 664 ABŞ dollarına yüksəlməsi gəlirlərə müsbət təsir göstərib.
Şirkətin maliyyə vəziyyəti də yaxşılaşıb. İyunun sonuna pul vəsaitləri 69,8 milyon ABŞ dollarına yüksəlib, borcları isə 12,2 milyon ABŞ dollarına enib. Nəticədə xalis pul mövqeyi martın sonundakı 17,7 milyon ABŞ dollarından 57,6 milyon ABŞ dollarına çatıb. Bir il əvvəl isə şirkətin 13 milyon ABŞ dolları həcmində xalis borcu mövcud idi.
“Anglo Asian Mining” bildirib ki, Dəmirli yatağında tam istehsal gücünə 2026-cı ilin üçüncü rübündə çatılması planlaşdırılır. Şirkət cari il üzrə proqnozunu dəyişməyərək 20–25 min ton mis, 28–33 min unsiya qızıl və 170–210 min unsiya gümüş hasil etməyi gözləyir.







