BP Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı kimi məlumat verir ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Dərinsulu Günəşli platformasında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilir.
BP-dən verilən məlumata görə, plana əsasən “Dərinsulu Günəşli” platformasından hasilat aprel ayının 25-dən başlayaraq 15 gün müddətinə dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın.
Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən ventillərin dəyişdirilməsi, radioizotop mənbələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçiriləcək.
Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2023-cü ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2024-cü ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilmişdir.
AÇG-nin digər platformalarından, həmçinin Şahdəniz yatağının platformalarından hasilat, Səngəçal terminalında əməliyyatlar, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri (CQBK və CQBKG) vasitəsilə ixrac əməliyyatları normal davam edir.
Bu planlaşdırılmış proqram obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarətdir ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.