Klassik siyasi iqtisadın inkişafında D.Rikardonun rolu diqqətəlayiqdir və həm də bu məktəb onun şəxsində başa çatır. Rikardonun rolu onunla izah olunmur ki, o, öz təhlilini sona çatdırır, tamamlayır yaxud da ondan sonra iqtisadçılar arasında kifayət qədər qabiliyyətli və ya hazırlıqlı insanlar olmamışdır. Bu rol dərin səbəblərlə izah olunur və ona şahidlik verir ki, klassik siyasi iqtisadın inkişafı burjua sinfinin iqtisadi təfəkkür forması kimi bir tərəfdən obyektiv sosial-iqtisadi qanunlara, digər tərəfdən burjua sinfinin onunla sıx bağlı olan iqtisadi baxışlarının qanunauyğunluğuna tabe olur. Bu hal əsasən XVIII əsrin sonu və XX əsrin əvvəllərində sənaye inqilabının təsiri altında burjua cəmiyyətində baş verən sosial-iqtisadi dəyişikliklərlə müəyyən olunur.
Bu dövrdə İngiltərə müharibələrlə rastlaşmış, Napoleonun ingilis ticarətini boğmağa ümid bəslədiyi qitə mühasirəsi parçalanmış olsa da onun varlanmağına maneçilik törətmişdir. İngiltərə sənaye inqilabı dövrünü yaşayırdı. Kapitalizm manufaktura mərhələsindən maşın sənaye mərhələsinə qədəm qoymuşdu. Kustar emalatxanaların yerini yüzlərlə adamın işlədiyi fabriklər tutmağa başlamışdı.
Klassik siyasi iqtisadın görkəmli nümayəndəsi David ailənin 17 uşağından üçüncüsü olmaqla 1772-ci ilin aprel ayında Londonda anadan olmuş, adi ibtidai məktəbdə oxumuş, sonra isə iki illiyə Amsterdama göndərilmişdir ki, burada da öz dayısının kontorunda ticarətin sirlərini öyrənməyə başlamışdır. 14 yaşında onun müntəzəm təhsili başa çatmışdır. 16 yaşında David kontor və birjada atasının ən yaxın köməkçisi olmuşdur. 21 yaşında ailə qurmuş və onun səkkiz uşağı olmuşdur.
O, birja alış-verişindən başqa digər bir iş tanımır və bu işlə atasının köməkçisi kimi yox, artıq müstəqil olaraq məşğul olurdu. Beş il müddətində o, artıq varlı idi və böyük əməliyyətlarla məşğul olurdu. 26 yaşında Rikardo maliyyə cəhətdən müstəqilliyə və hətta müəyyən sərvətə nail olmuş bir adam kimi gözlənilmədən təbii elmlərə, o cümlədən təbiətşünaslıq və riyaziyyata müraciət edir. Onun təfəkkürü ciddi, demək olar ki, riyazi məntiqiliklə, dəqiqliklə fərqlənirdi. Bu vaxt Rikardo ilk dəfə olaraq bir elm kimi siyasi iqtisadla üz üzə gəlir. Bu zaman siyasi iqtisadda bütünlüklə Adam Smit hökmran idi və gənc Rikardo onun təsiri altına düşməyə bilməzdi. Bununla yanaşı Maltus ona güclü təsir bağışlamışdır. Bir qədər sonra Londonda sosial-iqtisadi məsələlər üzrə kəskin publisist və yazıçı gənc şotlandiyalı olan Cems Mill meydana çıxır. Rikardo onunla tanış olur və bu tanışlıq tezliklə dostluğa çevrilir.
İlk illərdə Mill Rikardoya hami tərbiyəçi rolunu oynamış, onu ilk əsərlərini yazmağa vadar etmişdir. Rikardonun əsas əsərləri çapdan çıxdıqdan sonra Mill özünü onun şagirdi və davamçısı elan etmişdir.
David Rikardo elm aləmində ilk dəfə öz diqqətini pul tədavülü problemləri üzərində cəmləşdirir. 1809-cu ildə o “Qızılın qiyməti” adlı anonim məqalə ilə çıxış edir və bu bir sıra imtinalara səbəb olur. Onlara cavab verməklə Rikardo öz mövqeyini yaradır və “Külçənin yüksək qiyməti- banknotların ucuzlaşmasına sübutdur” adlı broşüra buraxır. Bundan sonra banknotların bilavasitə qızıla dəyişdirilməsinin məhdudlaşdırılması ilə əlaqədar qəbul edilmiş qanun İngilis banklarından qızılın sürətlə azalmasına, banknotların isə qiymətdən düşməsinə səbəb olduğu üçün Rikardo yaranmış mübahisələrin mərkəzində durur. Nəticədə parlament komitəsi yaradılır və Rikardo həmin komitəyə seçilir. Komitədə etdiyi çıxış banknotun qiymətdən düşməsini elan edən qərarın qəbul edilməsinə səbəb olur.
1811-ci ildə Rikardo “Komitetdə külçə haqqında” çıxışa “Bozanketin praktik iradlarına cavab” adlı işlə, 1916-cı ildə “Xarici çörəyin idxalının məhdudlaşdırılması siyasətinə baxışların əsasları” adlı Maltusun işinə qarşı çıxır və 1916-cı ildə isə “Qənaətli və sabit pul dövriyyəsinin xeyrinə təkliflər” məqaləsini yazır.
Bu işləri ilə o, İngiltərədə pul tədavülünün sağlamlaşdırılması uğrunda ciddi mübarizə aparır və dövlət borcunu idarəetməklə qazanc götürən İngiltərə bankını (ingilis hökuməti emissiya və kredit əməliyyatlarını bu səhmdar cəmiyyətə həvalə etmişdir) kəskin tənqid edir.
Nəhayət, 1817-ci ildə Rikardo özünün iqtisadi təliminin əsaslarını əks etdirən “Siyasi iqtisadın və vergi qoyulmasının əsasları” adlı sanballı elmi əsəri ilə çıxış etmişdir.
1819-cu ildə Rikardo parlamentə seçilir. Özünün parlament fəaliyyətində “Dictionary of National Biography” adlı Rikardonun tərcümeyi-halının müəllifi Lesli Stefan yazır ki, o, həmin dövrün radikal partiyalarının siyasəti ilə demək olar ki, sözsüz razılaşır… hər cür dini təqibləri kəskin tənqid edir, çörək qanunlarına, sələmçilik haqqında qanunlara, ümumiyyətlə, göstəriş və məhdudiyyətlərə qarşı çıxırdı. Rikardo siyasətçi kimi radikal olmuş, çörək qanunlarının əksinə çıxmış, ticarət azadlığı, koalisiya, fəhlə ittifaqı və parlament islahatı uğrunda mübarizə aparmışdır. Rikardo özü sənaye burjuaziyasının mənafeyini müdafiə etmişdir. Bununla yanaşı, o, dövlət azadlıqlarının məhdudluğundan da öz şikayətlərini gizlətmir və göstərir ki, palatada mənə göstərilən hörmətə baxmayaraq çox müdrikliklə, sağlam ehtiyatlılıqla, sakitcə səs verməklə qənaətlənməli olurdum. Rikardo elmdə qərəzsiz və məlum olduğu kimi özünə tənqidi yanaşma qabiliyyətinə malik olmuşdur. O məhsuldar qüvvələri inkişaf etdirməklə kapitalizmə, kapitalist istehsal üsuluna, ümumiyyətlə, istehsal üçün ən əlverişli üsul kimi baxmışdır.
Adam Smit və David Rikardo yaşadıqları dövr etibarilə feodal cəmiyyətinin qalıqlarına qarşı mübarizəyə təsadüf etməklə məhsuldar qüvvələri artırmaqla sənaye və ticarətə yeni təkan vermək, burjua istehsal münasibətləri şəraitində sərvətin əldə edilməsini aydınlaşdırmaq, bu münasibətləri kateqoriya və qanunlar şəklində şərh etmək, bununlada bu qanun və kateqoriyaların sərvət əldə edilməsi işində feodal qanun və kateqoriyalarından yüksəkdə durduğunu göstərmək zəruri idi.
D.RİKARDONUN İQTİSADİ SİSTEMİ VƏ METODU
Rikardo ingilis klassik siyasi iqtisadının sonuncu nümayəndəsi olmaqla onun iqtisadi sistemi Smitin sistemindən fərqli olaraq özünün nisbətən tamlığı, bütövlüyü, məntiqi quruluşu, ardıcıllığı ilə xarakterizə olunur. Xarici formasına görə Rikardonun sistemi bir çox hallarda Smitin, hətta Tyurqonun sistemindən fərqlənir. Lakin Rikardonun əsərində kompozisiya uyğunluğu baxımından ciddi bir monizm, bir ümumi prinsip baxımından dərin vəhdətlik gizlənmişdir. Əsərinin ilk fəsillərindən görünür ki, Rikardonun bütün sistemi dəyərin əməklə müəyyən olunması prinsipinə köklənir. Onun təlimində iqtisadi nəzəriyyənin dövrün gündəlik məsələləri ilə sıx əlaqələndirilməsi və tədqiqatının vahid ümumi konsepsiya əsasında qurması ən mühüm xüsusiyyətdir. Rikardo iqtisadiyyatı mürəkkəb bir sistem kimi tədqiq edir və burada obyektiv iqtisadi qanunların fəaliyyətini qəbul edir. Bununla yanaşı, bu qanunların fəaliyyətini təmin edən mexanizmlərin mövcudluğunu göstərmiş olur. İqtisadi siyasət məsələsində dövlətin iqtisadiyyata nüfuzunun məhdudlaşdırılması və azad rəqabət tərəfdarı kimi çıxış edir. Rikardo kapitalist təsərrüfatının fəaliyyət mexanizminin öyrənilməsi üzrə Smitin işini davam etdirir. Mövcud siyasi iqtisadın ənənələrinə uyğun olaraq təsərrüfatın inkişafının hərəkətverici qüvvəsini şəxsi maraq və xüsusi sahibkarlıq hesab edir. Məhsuldar qüvvələrin inkişafına böyük əhəmiyyət verir və sahibkarlığın rolunu bu vəzifənin həyata keçirilməsində görür. Bu baxımdan sənaye burjuaziyasının mənafeyini müdafiə edir və başqa siniflərdən üstün tutur.
Rikardonun tədqiqat metodu ilə əlaqədar göstərmək olar ki, o, öz sisteminin əsasını siyasi iqtisadın əmək-dəyər kateqoriyasına qoymaqla deduksiyanı tətbiq edir. O hər vəchlə göstərməyə çalışır ki, burjua cəmiyyətinin iqtisadi kateqoriyaları – əmək haqqı, mənfəət, renta- dəyərin ifadəsindən başqa bir şey deyildir. Rikardo onları dəyərdən ayırıb nəzəri cəhətdən dəyərin təzahür formaları kimi inkişaf etdirmək istəyir.
Rikardo ingilis klassik siyasi iqtisadının başa çatdırıcısı olmaqla onun metodunun da işlənməsinin yekunlaşdırıcısı hesab olunur. Lakin metodologiyada o, sələflərinin də yaradıcılığında yol verilən empirizmə bağlılığın aradan qaldırılması xəttini tutmuşdur. O deduksiya və sintezin tətbiqini inkişaf etdirmiş, eyni zamanda induksiya və analizdən də imtina etməmişdir.
Rikardonun müasir fəlsəfə ilə əlaqəsindən danışılırsa, onun metoduna Qobbas və Dekartın fəlsəfəyə göstərdikləri yeni ideyalar təsir etmişdir. Bu ideyalar riyaziyyatın inkişafı ilə əlaqədar olub, onun təbii biliklər sferasına tətbiqilə bağlı olmuşdur. Burada söhbət siyasi iqtisadda riyazi tədqiqat metodunun tətbiqindən getmir. Rikardo öz sisteminin işlənməsində riyazi metod sistemi mühakiməsindən istifadə etmişdir.
Rikardo öz sisteminin əzəlini haradan götürmüşdür? O, dəyərin əməklə müəyyən edilməsini necə əsaslandırmışdır və nə üçün bunu öz sisteminin özülü hesab etmişdir kimi suallara cavab axtarmalı olsaq aşağıdakıları söyləmək olar: O, dəyərin əməklə müəyyən edilməsinin düzgün olub-olmamasının sübut edilməsinə xüsusi əhəmiyyət verməmiş və iki məqama söykənmişdir. Birincisi, mövcud, təcrübi və tarixi fakt olan “arzu olunan, bütün nemətlərin əksər hissəsinin əməklə əldə edilməsi”. O nemətlər ki, bilavasitə təbiət tərəfindən verilir və onun yaradılmasında əmək iştirak etmir, dəyəri yoxdur və əməklə müəyyən olunmur. İstisna olaraq nadir əmtəələr bu cür müəyyən olunma sferasından kənarda qalır. Bu qayda Rikardoda heç bir şübhə doğurmur. Belə ki, cəmiyyətin inkişafının ilkin inkişaf mərhələlərində əmtəələrin dəyəri onların istehsalına sərf olunan əməyin miqdarından asılı olmuşdur. Sondakı inkişaf mərhələlərində bu əmək sərfinə istehsalda istehlak olunmuş istehsal vasitələri məsrəfləri, “Kapital” məsrəfləri də əlavə olunur. İkincisi, Rikardo əmək-dəyər nəzəriyyəsini öz sələflərindən düzgün hesab edərək mübahisəsiz qəbul etmişdir. Bu siyasi iqtisadın iki yüz illik təcrübəsinin mahiyyəti idi. D.Rikardo bu elmi nəzəriyyənin davamçısı olmuşdur.
Rikardonun iqtisadi təlimində onun mövqeyinin xüsusiyyətlərindən biri siyasi iqtisadın predmetinin bölgü sferasının öyrənliməsində görməsidir. O, hesab edir ki, iqtisad elminin problemi gəlirlərin bölgüsünü tənzimləyən qanunu tapmaqldan ibarətdir. “Siyasi iqtisadın və vergi qoyuluşunun əsasları” əsərində yazır: “Torpağın məhsulu – əmək tətbiqi, maşın və kapitalın birləşməsilə onun səthindən alınan nə varsa – cəmiyyətin üç sinfi arasında bölüşdürülür: bilavasitə torpaq sahibləri, pul və yaxud kapital mülkiyyətçiləri və onu əməyilə becərən işçilər. Lakin torpağın bütün məhsulundan bu siniflərə “renta”, “mənfəət” və “əmək haqqı” adı altında çatan pay cəmiyyətin müxtəlif inkişaf mərhələlərində olduqca müxtəlifdir. Bu bölgünü idarə edən qanunların müəyyən edilməsi siyasi iqtisadın başlıca vəzifəsidir.
Rikardo bütün gəlirlərin yeganə mənbəyinin əmək olduğunu göstərərək belə bir nəticə çıxardır ki, siniflərin mənafeyi müxtəlifdir, bir-birinə ziddir. Lakin o, siniflərin mənafeyinə yalnız istehsalın inkişafı, millətin sərvətinin artması nöqteyi-nəzərindən baxmışdır. Yəni o, öz təhlil obyektindən istehsal sferasının təhlilini kənar etmir. Bununla birlikdə, bölgü sferasını vurğulamaqda istehsalın ictimai formasını siyasi iqtisadın bilavasitə predmeti kimi ayırmaq məqsədini güdür. Lakin bu problem Rikardo tərəfindən özünün tam elmi həllini tapmamışdırsa da klassik məktəbin başa çatdırıcısının əsərlərində məsələnin bu şəkildə qoyuluşu mühüm əhəmiyyət kəsb edir.
D.Rikardo əsərlərində faktiki olaraq cəmiyyətin məhsuldar qüvvələrindən fərqli olaraq insanların istehsal münasibətlərini ayırmaq və onu siyasi iqtisadın predmeti elan etmək səyi aydın görünür. Bu siyasi iqtisadın predmetinin elmi təhlilində mühüm addım idi. Lakin, o, insanların istehsal münasibətlərini xüsusi sosial hadisə kimi açmamış və bu kateqoriyanı şərh etməmişdir.
D.Rikardo iqtisadi hadisələrin tədqiqinin elmi metodunun işlənməsində mühüm addım atmış və siyasi iqtisad tarixində ilk dəfə olaraq kapitalizmin iqtisadi nəzəriyyəsinin əsasına anlaqlı şəkildə əmək-dəyər nəzəriyyəsini qoymuşdur ki, bu də kapitalist münasibətləri üçün ümumi, xüsusilə də əmtəə münasibətləri üçün tipik olan xüsusiyyətləri əks etdirir. Rikardonun kapitalizmin təhlilində ilk dəfə şüurlu olaraq əmək-dəyər nəzəriyyəsinə əsaslanması məsələni əhəmiyyətli şəkildə dəyişmiş və kapitalist iqtisadiyyatının fərdi, eləcə də xüsusi hadisələrini deyil, onların daxili əsası nöqteyi nəzərdən məcmu halda elmi təhlilinə şərait yaratmışdır. İqtisadi hadisələrə yeni baxış metodu həmçinin bir çox hallarda Smitin iqtisadi ziddiyyətlərinin aradan qaldırılmasında Rikardoya imkan vermişdir.
D.RİKARDONUN “SİYASİ İQTİSADIN VƏ VERGİ QOYULMASININ ƏSASLARI” ƏSƏRİ VƏ İQTİSADİ
NƏZƏRİYYƏLƏRİ
“Siyasi iqtisadın və vergi qoyulmasının əsasları” əsəri D.Rikardonun əsas və qiymətli əsəri hesab olunur. O, parlamentin üzvü olduğu üçün sessiyalar dövrü onun bütün vaxtını alırdı. İqtisadi problemlər Rikardonun parlament fəaliyyətində mühüm yer tutsa da 1819-1923-cu ildəki bütün əsərləri parlamant fəaliyyəti ilə bağlı idi. Bu əsərlərdən başlıcaları çörək qanunlarına və dövlət borcuna həsr olunmuşdur. Rikardo yay aylarında elmlə məşğul ola bilir və əsərin üçüncü nəşri üzərində işləməklə dəyər, torpaq rentası, maşınların tətbiqinin iqtisadi nəticələri problemləri üzərində gərgin fikirləşməkdə davam edirdi. 1823-cü ilin sentyabrında 51 yaşında qəflətən Getkemb-parkda vəfat etmişdir.
Əsərin üçüncü nəşri üç hissəyə bölünən 32 fəsildən ibarətdir. Müəllifin əsas iqtisadi fikirləri 7 fəsildən ibarət birinci bölmədə şərh olunur. Xüsusilə də dəyər və renta haqqında məsələlər birinci iki fəsildə – dəyər haqqında və renta haqqında- şərh olunur. Qalan 27 fəsildən 12-si vergi məsələlərinə həsr edilir. 13 fəsil isə müxtəlif əlavələr, digər iqtisadçıların, əsas etibarilə Smitin, Maltusun və Seyin ünvanına söylənilmiş fikirlər və tənqidi mülahizələri əhatə edir. Bu əsərlə Rikardo K.Marksın ifadəsilə desək, “Burjua sistemi fiziologiyasının çıxış nöqtəsinin əsasını” təhlil edir. Bilavasitə bu əsərdə bəşəriyyətin keçdiyi bütün tarixi, iqtisadi, sosioloji inkişaf mərhələlərində müəyyən mülahizələr, ideyalar, fikirlər söylənilmədən keçinmək mümkün olmayan, elmi-iqtisadi mübahisələrə səbəb olan dəyər anlayışını və eləcə də dəyər qanununu inkişaf etdirmişdir. Kitabda birinci fəsil “dəyər haqqında” adlanır.
İqtisadi hadisələrin öyrənilməsində Rikardonun metodologiyası abstraksiyadan istifadə və siyasi iqtisad sisteminin işlənməsinə əsaslanmaqla iqtisadi nəzəriyyənin əsasına dəyər nəzəriyyəsinin qoyması təsadüfi deyildir. Rikardoya görə bu kateqoriyanın izah edilməsində qeyri-müəyyənliyin aradan qaldırılması “Siyasi iqtisad üçün ən yüksək mənada mühüm əhəmiyyət kəsb edir”. Bu problemə baxarkən o, Smit tərəfindən söylənilən ideyanı davam etdirir, eyni zamanda bir sıra məqamlar üzrə onunla qələm mübahisəsinə girir.
Rikardo özünün “Siyasi iqtisadın və vergi qoyulmasının əsasları” əsərində A.Smitin “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” əsərində dəyər ifadəsinin izahında belə bir məqama diqqət yetirir. Smit yazır: “Dəyər sözü iki müxtəlif əhəmiyyətə malikdir: bəzən o hər hansı cismin faydalılığını göstərir, bəzən isə həmin cisim başqa cisimlərin əldə edilməsi üçün imkan verir. Birincini istehlak dəyəri adlandırmaq olar, ikincini – mübadilə dəyəri. Daha çox istehlak dəyərinə xas olan cisimlər çox vaxt cüzi mübadilə dəyərinə malik olurlar yaxud da buna heç malik olmurlar; əksinə, daha çox mübadilə dəyərinə malik olan cisimlər çox vaxt cüzi istehlak dəyərinə malik olub, yaxud da heç ona malik olmurlar”[1]
Rikardo göstərir ki, hava və su həddən artıq faydalıdırlar, onlar yaşamaq üçün zəruridir, lakin adi şəraitdə onların əvəzində mübadilə ilə heç nə almaq mümkün deyildir. Əksinə, qızılın hava və su ilə müqayisədə istehlak dəyəri çox azdır, lakin çox miqdarda başqa nemətlərə mübadilə olunur. Beləliklə, faydalılıq mübadilə dəyəri üçün nə qədər zəruri olsa da onun ölçüsü ola bilməz. Faydalılıq, faydalı əmtəələr öz mübadilə dəyərlərini iki mənbədən götürürlər. Bu onların nadir olması və əmtəələrin istehsalına daha çox əmək sərf olunmasının tələb edilməsidir. Nadir əmtəələr dedikdə, bu az bir qrup məhsullara aid edilməlidir və hansı ki, həmin əmtəələr azad surətdə yenidən təkrar istehsal (bərpa) olunmur və ya uzun müddət məşhur anbarlarda saxlanılmış olur.
Dəyər haqqında ümumi qanunauyğunluğa gəldikdə Rikardonun fikrincə əmtəələrin dəyəri onların istehsalına çəkilən əməklə düz və əmək məhsuldarlığı ilə tərs mütənasibdir. O, ilk dəfə olaraq əməyi fərdi və ictimai zəruri əməyə bölür və göstərir ki, dəyər fərdi əməklə deyil, zəruri əməklə müəyyən olunur.
Rikardo Smitin dəyərin yalnız kapitalın və muzdlu əməyin olmadığı “cəmiyyətin ibtidai vəziyyətində” əməklə, iş vaxtı ilə müəyyən olunması fikrini qəbul etmir və dəyər qanununun kapitalizm şəraitində tam surətdə tətbiq olunduğunu göstərir. Bundan başqa, Smitin “müasir cəmiyyətdə dəyər faktiki olaraq əmtəənin istehsalından və realizə olunmasından alınan əmək haqqı, mənfəət və renta şəklində gəlirlərin məcmusu ilə müəyyən olunur” kimi fikri Rikardonun ciddi məntiqi zəkası üçün əl vermirdi. Çünki dəyər qanunu kimi belə əsaslı qanun cəmiyyətin inkişafı ilə tam dəyişə bilməz. Rikardo deyirdi ki, bu ola bilməz; dəyərin iş vaxtı ilə müəyyən edilməsi mütləq, ən ümumi qanundur. Smitin və xüsusən onun davamçılarının baxışlarından belə çıxırdı ki, pul, əmək haqqının artması (ümumiyyətlə, dəyişməsi) əmtəələrin dəyərində və qiymətlərində müvafiq dəyişiklik əmələ gətirməlidir. Rikardo bu fikri qətiyyətlə rədd edərək göstərir ki, əmtəənin dəyəri və ya onun mübadilə olunduğu hər hansı bir digər əmtəənin miqdarı onun üçün lazım olan nisbi əmək miqdarından asılıdır, bu, əmək üçün haqq kimi verilən çox və ya az mükafatdan isə asılı deyildir. Əgər əmək məhsuldarlığında heç bir dəyişiklik baş vermədən əmək haqqı yüksələrsə əmtəənin dəyəri bunun nəticəsində dəyişməyəcəkdir.
A.Smit, həmçinin dəyər haqqında öz təhlilində göstərir ki, “hər bir əmtəənin həqiqi qiyməti” ona sərf olunan əmək və onu əldə etmək istəyindən asılıdır. Odur ki, o, Rikardoya mübadilə dəyərinin köklü mənbəyini nə qədər düzgün müəyyən etsə də A.Smit bu işdə ardıcıl olmamışdır. Rikardo daha da irəliyə gedərək göstərir ki, əmtəələrin dəyəri bazarda nə məqsədə və hansı miqdarda məhsul almaq istəyi və imkanı ilə deyil, “onlarda maddiləşmiş əməklə” bu və ya digər məhsulun istehsal məsrəfləri ilə müəyyən olunur. Əmtəələrin dəyərlərinin dəyişməsinə səbəb onların istehsalının çox və ya az yüngüllüyü, başqa sözlə, əmək miqdarının çoxalması və ya azalmasıdır. Daha dəqiq demiş olsaq “cisimlərin dəyəri onlara sərf olunan əməkdən asılıdır”.
Rikardo istehsal olunan məhsulların dəyərinə onun yaradılmasında iştirak edən əsas kapitalın dəyərini də daxil etməklə Smitin mövqeyinə düzəliş verir. O göstərir ki, əmtəənin dəyərində təkcə onun istehsalına bilavasitə sərf olunan əmək deyil, maddiləşmiş əmək də iştirak edir. Başqa sözlə, maşın və avadanlığa sərf olunan əmək, onların vasitəsilə tətbiq olunur. Yəni əmək vasitələri başqa insanların əməyi ilə yaradıla bilər, lakin onların köməyi ilə başqaları əmək sərf edirlər. Belə ki, məhsulların qiyməti həm bilavasitə məhsul istehsalına sərf olunan əməyə, həm də maşın və avadanlıqda maddiləşmiş əməyə nisbətən müəyyən olunur.
Rikardo Smitdən fərqli olaraq dəyərlə sərvət arasındakı fərqə də ciddi aydınlıq gətirmiş, onların eyniləşdirilməsini düzgün hesab etməmişdir. Smitə görə “insanın varlı və ya kasıb olması onun zərüri yaşayış vasitələrindən, rahatlıq və zövqdən istifadə etmək səviyyəsindən asılıdır”.
Bu fikrin sonrakı aydınlığı baxımından Rikardo göstərir ki, dəyər əhəmiyyətli dərəcədə sərvətdən fərqlənir və nəticə etibarilə ondan bolluğa görə deyil, istehsalın yüngüllük və ya çətinliyindən asılıdır. İnsanın varlı yaxud yoxsulluğu onun sərəncamında olan yaşayış vasitələri və zinət şeylərinin (qiymətli şeylərin) miqdarından asılıdır. Pula, çörəyə, yaxud əməyə nisbətdə götürülməklə bu cisimlərin mübadilə dəyəri necə dəyişirsə-dəyişsin, o istər çox yüksək, yaxud çox aşağı olsun onlar öz sahibkarlarına eyni təminat, eyni rahatlıq, eyni dəbdəbə gətirəcəkdir. Yalnız dəyər və sərvət, yaxud rifah halı anlayışlarının qarışdırılması nəticəsində təsdiq etmək olar ki, sərvət əmtəələrin kəmiyyətinin azalması yolu ilə arta bilər, əgər dəyər sərvətin ölçüsü olsaydı biz bununla razılaşmalı olardıq. Ona görə ki, əmtəələrin dəyəri onların nadir olmaları nəticəsində yüksəlir. Lakin əgər Adam Smit haqlıdırsa, yəni sərvət zəruri cisimlərlə və cah-cəlalla bağlıdırsa, onda sərvət onların kəmiyyətinin azalması yolu ilə arta bilməz, lakin ölkənin sərvətinin ikili yolla artırılması mümkündür. O gəlirin daha çox hissəsinin əmək məhsuldarlığının saxlanmasına sərf olunmaqla artırıla bilər. Bu vaxt sərvət yalnız kəmiyyətcə deyil, bütün əmtəə kütləsinin dəyəri baxımından artar. Yaxud da o əlavə əmək sərf etmədən arta bilər. Əgər həmin miqdar əmək daha məhsuldar olarsa, onda əmtəələrin dəyəri yox, kəmiyyəti arta bilər. Beləliklə, Rikardo istehlak dəyəri ilə dəyər arasındakı fərqi (“faydalılıq”, “sərvət”), – bu faydalılığın istehsalına çəkilən məsrəfləri daha ardıcıllıqla izləmiş olur və dəyər qanununu formalaşdırır. Aydın olur ki, əmtəənin dəyəri onun istehsalına çəkilən əməklə düz və əmək məhsuldarlığı ilə tərs mütənasibdir. O, J.B. Seyin “cismin faydalılığı əmtəələrin dəyərinin tənzimləyicisidir” fikrini tənqid edərək göstərir ki, bu o vaxt düzgün olardı ki, əmtəələrin dəyəri yalnız alıcılar tərəfindən tənzimlənmiş olsun. Rikardo qeyd edir ki, əmtəələrin faydalılığı, başqa sözlə, istehlak dəyəri əmtəənin dəyərə malik olması üçün zəruridir, lakin dəyərin mənbəyi deyildir. Rikardonun belə bir fikri daha aktual səslənir ki, siyasi iqtisadda bir çox səhvlər əmtəənin iki tərəfinin – dəyər və mübadilə dəyəri – qarışdırılması ilə izah olunur.
Rikardonun dəyər nəzəriyyəsində mühüm yer tutan məsələlərdən biri də odur ki, o əmtəənin substansiyası kimi əməklə, dəyərin daxili ölçüsü kimi əməyi biri-birindən fərqləndirmişdir. O, qeyd etmişdir ki, “…əmək bütün dəyərlərin əsası hesab olunur və … onun müəyyən miqdarı demək olar ki, ancaq əmtəələrin müəyyən dəyərini müəyyən edir”. Bu fərqləndirmə abstrakt dəyər kateqoriyasının müəyyən edilməsinə səbəb olmuşdur. Baxmayaraq ki, Rikardo əməyin ikili təbiətini açmamışdır, ancaq o, Smitdən fərqli olaraq əməyin sahəvi xüsusiyyətini daha tam verməklə göstərmişdir ki, əmək, bütün istehsal sahələrində dəyərin mənbəyi kimi eyni səviyyədə çıxış edir.
Əmtəənin dəyər kəmiyyətini onun istehsalına sərf olunan əməklə müəyyən etməklə Rikardo bu kəmiyyətin əmək məhsuldarlığının səviyyəsindən ümumi asılılığını görə bilmişdir. Əgər əmtəələrin mübadilə dəyəri onlarda maddiləşən əməyin kəmiyyətilə müəyyən edilirsə, onun artması əmək sərf olunan əmtəənin dəyərini artırmalı, hər cür azalması isə onu aşağı salmalıdır. Əmtəənin dəyərinin onun istehsalına sərf olunan əməklə bağlı olmasını müəyən etməklə Rikardo dəyərin bilavasitə hansı əməklə tənzimlənməsi sualı ilə qarşılaşmış olur. Buna görə də ictimai əmək probleminin qoyuluşu onun xidməti hesab olunur. Belə ki, xırda sənətkarın, manufaktura fəhləsinin və maşınlı fabrik işçisinin eyni növdən olan əmtəələrinin istehsalı zamanı sərf etdikləri əmək ictimai əməkdən əhəmiyyətli dərəcədə fərqlənirlər. Rikardo belə nəticəyə gəlir ki, əmək məhsuldarlığı dəyərin əməklə müəyyən edilməsini aradan qaldırmır. Çünki dəyərin kəmiyyəti məlum əmtəənin hazırlanmasına faktiki sərf olunan əməklə deyil, pis şəraitdə onun istehsalı üçün zəruri olan əməklə tənzimlənir.
Burada Rikardo iqtisadi fikrin əsrlərlə düşündüyü problemin həll edilməsində mühüm addım atır. O, faktiki olaraq fərdi və ictimai zəruri əməyi fərqləndirməklə dəyər qanunu mexanizminin mahiyyətinə toxunmuş olur. Bu həmçinin iqtisad elminin inkişafında da mühüm rol oynayır. Lakin Rikardonun təklif etdiyi qərar, yaxud da dəyərin tənzimlənməsi probleminin həlli məqsədilə gəlinən nəticə heç də tam və dəqiq deyildir. Bu ondan irəli gəlir ki, pis şəraitdə əmtəələrin dəyərini yaradan fərdi əmək məsrəfi dəyər kəmiyyətinin tənzimləyicisi kimi əks etdirilir. Digər tərəfdən, qiymətin əmələ gəlməsində kənd təsərrüfatı, hasilat sənayesi və nadir hallarda emal sənayesi üçün tipik olan proses iqtisadiyyatın bütün sahələrinə aid edilir. Bu da öz növbəsində əmtəələrin dəyər kəmiyyətinin həqiqətən məhsuldar qüvvələrin inkişaf səviyyəsindən asılı olduğunun dərk olunmasını çətinləşdirmiş olur.
D.Rikardo dəyərin əməklə müəyyən edilməsində sadə və mürəkkəb əmək məsələsini də qoymuş və bu da öz həllini tapmışdır. Birincisi, o müəyyən edir ki, bu növ fərqləndirilmə dəyərin mənbəyi kimi əməyə baxılmasına maneçilik etmir. Müxtəlif keyfiyyətli əməyin qiymətləndirilməsi bazarda bütün praktik məqsədlər üçün tezliklə kifayət qədər dəqiqliklə müəyyən olunur: “Bununla Rikardo faktiki olaraq bazarda müxtəlif keyfiyyətli əməklərin müəyyən kəmiyyətdə sadə əməklə müqayisə olunmasını, ortaq ölçüyə gətirilməsini görmüşdür. İkincisi, o, belə bir nəticəyə gəlir ki, əməyin müxtəlif səviyyədə mükafatlandırılması əmtəələrin dəyərinin onların istehsalına sərf olunmuş əməklə müəyyən edilməsində mühüm dəyişikliklərə gətirib çıxartmır. O, qeyd edir ki, “müxtəlif keyfiyyətli əmək müxtəlif şəkildə mükafatlandırılır. Bu vəziyyət əmtəələrin nisbi dəyərlərinin dəyişməsinə səbəb olmur”, belə ki, əmək haqqı əmtəələrin dəyərini müəyyən etmir.
Bununla birlikdə D.Rikardo müəyyən edir ki, cəmiyyətin siniflərə bölünməsi və gəlirin siniflər arasında bölüşdürülməsi əmtəələrin dəyərinin əmək prinsipi əsasında müəyyən edilməsini aradan qaldırmır.
D.Rikardo muzdlu işçilərin əmək haqqının dəyişməsinin, onların əməyilə yaradılan məhsulun dəyərinə təsiri haqqında məsələyə də xüsusi fikir verir. Özünün dəyər qanununun izahına əsaslanaraq o, əmək haqqının əmtəənin dəyərinə təsirini inkar edir. Rikardo yazır: “əmtəənin dəyəri və ya onun mübadilə olunduğu hər hansı bir əmtəənin miqdarı onun istehsalı üçün lazım olan nisbi əmək miqdarından asılıdır. Bu, əmək üçün haqq kimi verilən çox və ya az mükafatdan isə asılı deyildir”, əgər əmək məhsuldarlığında heç bir dəyişiklik baş vermədən əmək haqqı yüksələrsə əmtəənin dəyəri bunun nəticəsində dəyiməyəcəkdir. Digər bərabər şərtlər daxilində bu əmtəələrin satıldığı qiymətə də təsir etməyəcəkdir, yalnız əmtəənin qiymətində əmək haqqı ilə mənfəət arasındakı nisbət dəyişə biləcəkdir.
Renta nəzəriyyəsi Rikardonun iqtisadi təlimində mühüm yer tutur və o, renta münasibətlərinin əsaslı təhlilçisi kimi həmişə xatırlanır. İlk baxışda renta özündə xüsusi, gizli məna daşımır. Maraqlı burasıdır ki, müxtəlif ərazilərdə, torpaqlarda, iqlim şəraitində əkilib yetişdirilməsinə baxmayaraq taxıl istehlakçılar tərəfindən bu fərqlər nəzərə alınmadan qoyulan qiymətlərə alınıb satılır. Taxıla olan tələbat istər yüksək məhsuldarlığa malik olan, istərsə də az məhsuldar olan torpaqlardan istehsal olunan məhsul hesabına ödənilir.
Rikardoya görə renta – yerin pozulmayan qüvvələri və imkan istifadəsindən əldə edilən məhsuldan torpaq sahibinə verilən hissədir. Onu adətən kapitala görə mənfəət və faizlə qarışdırırlar. Hesab edək ki, eyni təbii məhsuldarlığa və eyni sahəyə malik olan iki firma var. Onlardan birində bütün səmərəli təsərrüfat tikintiləri var, qurudulub, gübrələnib və s., digəri isə bu üstünlüklərə malik deyildir. Təbiidir ki, birinci sahənin istifadəsi ikinciyə nisbətən daha çox mükafatlandırılacaqdır. Bununla birlikdə hər iki halda bu mükafatlandırma renta adlandırılır. Yəqin ki, hər il keyfiyyətcə yaxşılaşdırılmış fermaya ödənilən külün bir hissəsi yerin ilkin və pozulmamış qüvvəsinə görə verilir, digər hissəsi isə yerin istifadə üçün yararlı vəziyyətə gətirilməsi üçün sərf olunan kapitala görə verilir.
Bundan başqa əgər bütün torpaqlar eyni xüsusiyyətli, kəmiyyətcə qeyri-məhdud və keyfiyyətcə yekcins olsaydı onda xüsusi əlverişli vəziyyətdə olan torpaqlardan başqa, onlardan istifadəyə görə ödəniş almaq mümkün olmazdı. Deməli, torpaqdan istifadəyə görə həmişə ödəniş ona görə verilir ki, torpaqlar kəmiyyətcə məhduddur, keyfiyyətcə eyni deyildir, əhali artdıqca isə becərilməyə daha aşağı keyfiyyətli və az əlverişli torpaq sahəsi daxil olur. Cəmiyətin inkişafı ilə məhsuldarlığına görə becərməyə ikinci dərəcəli torpaq daxil olur. Bu zaman birinci dərəcəli torpaq üçün renta əmələ gəlir və həmin rentanın həcmi bu iki torpaq sahəsinin fərqini müəyyən etmir.
Rikardo öz təhlilində belə nəticəyə gəlir ki, əgər yaxın torpaqlar çox olsaydı və köhnə torpaqlara daim qoyulan kapitalın gəliri azalmasaydı rentanın səviyyəsi yüksəlməzdi. Çünki daimi renta ona görə baş verir ki, əlavə miqdar əmək tətbiqi proporsional olaraq az gəlir gətirir. Becərməyə aşağı keyfiyyətli torpaq daxil olduqca xam materialın mübadilə dəyəri yüksəlir. Belə ki, onların istehsalı üçün daha çox əmək tələb olunur. Deməli, çörək bahadır ona görə yox ki, renta ödənilir, renta ödənilir ona görə ki, çörək bahadır. Rikardo fiziokratların “renta (onlar bunu xalis məhsul adlandırır) təbiətin bəxşişidir” fikrinin səhv olduğunu sübut etmişdir. O, həmçinin Smitin də rentaya baxışında ardıcıl olmadığını görə bilmişdir. Smit dəyərin mənbəyinin əmək olduğunu qəbul etməsinə baxmayaraq, yenə də əkinçilikdən əldə olunan gəlirin bir hissəsinin öz yaranmasına görə təbiət qüvvəsinin hesabına olduğunu israr edirdi. Qeyd etmək lazımdır ki, renta nisbətən məhsuldar olan torpaq sahəsi hesabına torpaq sahibinin payına düşən artıq məhsul deyil. Təbiət rentanın yaranmasında iştirak etmir, o qiymətin səviyyəsini müəyyən etmir. Rikardo yazır ki, “çörəyin dəyəri onun istehsalına sərf olunmuş əməyin kəmiyyətilə tənzimlənir”. Deməli, “çörək bahadır ona görə yox ki, renta ödənilir. Renta ödənilir ona görə ki, çörək bahadır… Əgər torpaq sahibi özünün bütün rentasından imtina etmiş olsaydı belə, çörəyin istehsalına çəkilən məsrəflər, eləcə də çörəyin qiyməti əvvəlki səviyyədə qalmış olardı”.
Smitin “əkinçi daha yüksək əmək məhsuldarlığına malikdir, ona görə ki, bu spesifik sahədə əməklə yanaşı dəyərin yaranmasında təbiət də iştirak edir” fikrinə Rikardo öz etirazını bildirir. O göstərir ki, “məgər emal sənayesində təbiət insan üçün heç bir şey etmir? Məgər maşınları və gəmiləri hərəkətə gətirən külək və suların gücü sıfıra bərabərdirmi? … Sənayenin elə bir sahəsini göstərmək olmazmı, təbiət insana əvəzsiz və səxavətlə kömək etməmiş olsun”.
Rikardo diferensial rantanın mövcudluğunu qəbul edir və onu ilk dəfə olaraq dəyərin ümumi nəzəriyyəsi əsasında izah edir. Rentanın mənbəyini hər hansı bir səxavətdə deyil, torpağa tətbiq olunan əməkdə görür. O göstərir ki, kənd təsərrüfatı məhsullarının qiyməti pis sahələrdəki əmək məsrəflərilə müəyyən olunur. Orta və yaxşı torpaqlar əlavə gəlir verir, bu həmin torpaqlardakı istehsal xərclərindəki fərq kimi çıxış edir. Əldə olunan əlavə gəlir renta formasında torpaq sahiblərinə çatır. O, mütləq rentanı inkar edir və torpağın münbitliyinin azalması qanununu qəbul edir.
Əmək haqqı məsələsini bilavasitə təhlil edərkən Rikardo yazır ki, bütün cisimlər alınır, satılır və onların kəmiyyəti bazardan asılı olaraq artıb-azala bildiyi kimi əmək də özünün təbii və bazar qiymətinə malikdir. Əməyin təbii qiyməti fəhlələrin yaşaması və saylarını artırıb-azaltmadan nəsillərini davam etdirməsi üçün zəruri olan qiymət hesab olunur. Bu səviyyədə həyat tərzini təmin etməsi üçün fəhlənin özünü və ailəsini yaşada bilmək qabiliyyəti təkcə onun əmək haqqı kimi aldığı pulun miqdarından deyil, həmin adla ala biləcəyi (yaşayış vərdişlərinə görə) zəruri həyat vasitələrinin miqdarından bilavasitə asılıdır. Ona görə də əməyin təbii qiyməti bu şeylərin qiyməti ilə bağlıdır. Bunların qiyməti artdıqca əməyin təbii qiyməti artır, aşağı düşdükcə isə azalır.
Rikardo həmçinin göstərir ki, cəmiyyət inkişaf etdikcə əməyin təbii qiymətində həmişə yüksəlmə meyli vardır. Əmək və xammaldan başqa bütün əmtəələrin təbii qiyməti cəmiyyətin və əhalinin tərəqqisi ilə bağlı olaraq aşağı düşməyə meyl edir.
Əməyin bazar qiyməti tələb və təklif arasındakı təbii təsir nisbətinin dəyişməsilə ona ödənilən həqiqi qiymət hesab olunur. Lakin əməyin təbii qiymətilə bazar qiyməti arasındakı fərqlənmə peşə dəyişirsə dəyişən əmtəələrin qiyməti kimi onunla uyğunlaşma meylinə malikdir.
Beləliklə, Rikardo hesab edir ki, fəhlə öz əməyini satır və əmək haqqını əməyin təbii qiyməti adlandırır. O, əmək haqqının minimum yaşayış vasitələrinin dəyərini keçməməsini qeyd edir. O, Maltusa əsaslanaraq hesab edir ki, əmək haqqı kapitalizmin özündən doğan spesifik qanunları üzündən deyil, ümumi təbii qanun nəticəsində sərt fiziki minimum hüdudlarında qalır. Belə ki, orta əmək haqqı yaşayış vasitələri minimumundan bir qədər artıq olan kimi fəhlələr daha çox uşaq törədib tərbiyə edə bilərlər, bu da əmək bazarında rəqabəti gücləndirmiş olar və əmək haqqı yenidən aşağı düşər. Onun fikrincə əməyin bazar qiyməti onun təbii qiymətindən yüksək olduqca fəhlə özünün çiçəklənən və xoşbəxt vəziyyətinə çatır, ona görə də daha çox artım imkanına malik olur. Əmək haqqının fəhlənin və onun ailəsinin yaşayış vasitələrinin dəyəri ilə müəyyən edilməsi Rikardo tərəfindən öz sələflərindən qəbul edilmişdir. O, Maltusun əhali nəzəriyyəsinin əsas prinsiplərini qəbul edir və əsas etibarilə cəmiyyətin üç əsas sinfinin ilkin gəlirləri olaraq əmək haqqı, mənfəət və renta haqqında Smitin baxışlarını inkişaf etdirmişdir.
Rikardonun fikrincə əməyin bazar qiymətinə tələb və təklif təsir göstərirsə, onun əsasını əməyin təbii qiyməti, yaxud əməyin dəyəri təşkil edir. Onun təsəvvürünə görə əgər çörəyin qiyməti artdığı şəraitdə əmək haqqı artmazsa, fəhlələr acından ölməyə və onların nəsli kəsilməyə başlayar. Bu baxımdan o, dövlətin əmək bazarının fəaliyyətinə qarışması mövqeyindən çıxış edir.
Əhalinin artması, daha çox yaşayış vasitələrinin tələb olunması, qızılın dəyəri, onun miqdarı, əmək məhsuldarlığı, münbit torpaqların bolluğu, kapital artımı, qiymətlərin dəyişməsi və s. məsələlərə toxunaraq əmək haqqı ilə bunları əlaqələndirməklə Rikardo yazırdı ki, əmək haqqının yüksəlməsi, ümumiyyətlə o zaman baş verir ki, sərvətin və kapitalın çoxalması əməyə yeni tələb yaratsın, bu da qeyri-şərtsiz olaraq əmtəələrin istehsalının artırılması ilə müşahidə olunur. Hər dəfə əvvəlkindən çox miqdarda əmtəələr tələb olunduqda onları əldə etmək üçün lazım olan əmtəələrin dəyərilə müqayisədə onun nisbi dəyəri yüksəlmiş olur. Əgər daha çox qızıl lazım gələrsə, onda onun qiyməti yüksələr, inflyasiyanın qiyməti aşağı düşmüş olar, çünki əvvəlki miqdar qızıl əldə etmək üçün indi daha çox qızıl və digər bütün şeylər zəruri olar. Belə olan halda əmək haqqının artmasına görə əmtəələrin qiymətləri yüksəlmişdir, deməklə biz bilərəkdən ziddiyyətə yol vermiş oluruq. Əvvəlcə biz deyirik ki, tələbin artması nəticəsində, qızılın nisbi dəyəri yüksəlir, sonra isə qiymətlər yüksəldiyi üçün onun nisbi dəyəri aşağı düşür. Məsələnin bu növ qoyuluşu tamamilə bir-birinə uyğun gəlməyən şeydir. Belə ki, əmtəələrin qiymətləri yüksəlmişdir demək, pulun nisbi dəyəri aşağı düşmüşdür demək kimi bir şeydir. Ona görə ki, qızılın nisbi dəyəri əmtəələrlə müqayisədə hesablanır. Əgər bütün əmtəələrin qiymətləri yüksəlmişdirsə onda bu bahalı əmtəələrin alınması üçün lazım olan qızıl xaricdən axa bilməz. Əksinə, belə halda qızıl ölkədən kənara axmış olar və nisbətən ucuz olan xarici əmtəələrin əldə edilməsi üçün istifadə edilmiş olardı.
Beləliklə görünür ki, metalın evdə (ölkədə), yaxud da xaricdə istehsal olunmasından asılı olmayaraq, əmək haqqının yüksəlməsi əmtəənin qiymətini qaldırmır. Əlavə pul miqdarı olmadan – tədavülə əlavə pul kütləsi daxil olmadan eyni vaxtda bütün əmtəələrin qiyməti yüksələ bilməz. Əlavə və ya hər hansı pul miqdarının (qızılın) xaricdən alınması, yaxud daxil olması üçün ölkədə əmtəələr baha yox, ucuz olmalıdır. Qızılın ixracı və onun alınmasına sərf olunan ölkə əmtəələrinin bütövlüklə eyni vaxtda qiymətlərinin yüksəlməsi bir araya sığa bilməz. Kağız pulların geniş miqyasda istifadəsi vəziyyəti dəyişdirmir. Ona görə ki, kağız pullar qızılın dəyərinə uyğun, yaxud ona müvafiq olmalıdır. Odur ki, onların dəyərinin dəyişməsinə amillər təsir edir ki, metal pulun da dəyərinə təsir etmiş olsun.
Nəticə etibarilə bütün cəmiyyətlərdə əhalinin nisbətən çox hissəsinin rifahını və əmək haqlarını idarə edən qanunlar belədir. Bütün digər müqavilələrdə və razılaşmalarda olduğu kimi əmək haqqının miqdarının müəyyən edilməsi azad bazar rəqabətinin ixtiyarına verilməlidir və heç vaxt qanunvericilik müdaxiləsinin nəzarətində olmamalıdır.
Rikardonun fikrincə yoxsullar haqqında verilən qanunlar onların vəziyyətinin yaxşılaşmasına doğru yox, əksinə, həm yoxsulların, həm də varlıların vəziyyətinin pisləşməsinə doğru aparır. O hesab edir ki, fəhlənin taleyində yoxsulluq böyük bədbəxtlikdir. Bu bədbəxtlik ya ərzaq məhsullarının, yaxud da insan çatışmazlığından irəli gəlir. Ona görə də qeyri-mümkün olan şeyin dalınca qaçmaqla mümkün olan yaxşını da itirə bilərik və yazşı olar ki, bu gücün həddini öyrənək. Bu fikri davam etdirərək Rikardo qeyd edir ki, yoxsulluğun təbiəti özü onun dərmanını göstərir. Yoxsullar haqqında qanunların tətbiqi sferasını getdikcə məhdudlaşdırmaq, onlara asılı olmamağın dəyərliliyini başa salmaq, onları sistemli olmayan, yaxud təsadüfi xeyirxahlığa öyrətmək əvəzinə, onları öz gücünə inandırmaqla biz tədricən nisbi normal və sağlam vəziyyətə gələ bilərik. O, hesab edir ki, yeni yaradılmış dəyər iki hissədən – əmək haqqı və mənfəətdən ibarətdir; əmək haqqı və mənfəət yalnız əks nisbətdə diyişə bilər. Belə ki, əgər əmək haqqı artarsa onda mənfəət aşağı düşür və əksinə, mənfəət artarsa, əmək haqqı aşağı düşür. Rikardonun bu fikrə gəlməsi heç də təsadüfi olmamışdır. Əmək- dəyər nəzəriyyəsinə əsaslanmaqla o, kapitalistlərin bütün gəlirlərinin – mənfəət, torpaq rentası və faiz vahid bir ümumi əsasa söykənməsini görmüşdür. Baxmayaraq ki, o, izafi dəyər qanunu məsələlərini açmamışdır, amma dəyərin yeganə mənbəyinin əmək olmasına əsaslanmaqla istehsalda iştirak etməyən siniflərin, sosial qrupların gəlirlərinin özgə əməyinin ödənilməyən hissəsinin mənimsənilməsinin nəticəsi olduğunu aydın şəkildə təsəvvür etmişdir. D.Rikardo, A.Smit kimi kapitalizm cəmiyyətində üç əsas sinfin mövcudluğunu – kapitalist, muzdlu fəhlə, torpaq sahibləri müəyyən etmişdir. Lakin Smitdən fərqli olaraq Rikardo bu siniflər arasında iqtisadi ziddiyyət olduğunu görmüş və əmək-dəyər nəzəriyyəsi mövqeyindən onlar arasında “daxili əlaqəni” göstərmişdir. D.Rikardonun bu nöqteyi-nəzəri biri-birinə əks proporsional asılılıqda olan mənfəət və əmək haqqı, eləcə də mənfəət və torpaq rentası konsepsiyasında öz əksini tapır.
Əmək-dəyər nəzəriyyəsi mövqeyindən yanaşmaqla D.Rikardo bölgünün bayağı konsepsiyasını ciddi surətdə rədd edir. O, izafi dəyərin başlıca forması olan mənfəətin təhlilində mühüm elmi nəticəyə gəlir. Lakin o, bu mövqedən onu sübut edə bilmir. O, müəyyən edir ki, mənfəət əmtəənin dəyərinin bir hissəsidir və hər bir dəyər kimi onun da mənbəyi muzdlu fəhlənin əməyidir. Deməli, Rikardo məsələyə bu mövqedən yanaşmaqla mənfəətin istismar mahiyyətini açmış olur, fəhlənin və kapitalistin sinfi mənafelərinin əksliyini görür. Belə ki, Rikardoya görə mənfəət faktik olaraq kapitalist tərəfindən ödənilməyən muzdlu əməyin mənimsənilməsi kimi çıxış edir. Lakin Rikardo əməyin ikili xarakterini (təbiətini) təhlil etmədiyi üçün, əməyin məzmunu, onun ictimai forması açılmadığı üçün əməklə iş qüvvəsi biri-birindən fərqləndirilmir. Rikardoya görə əmək əmtəədir və kapitalistlə muzdlu əməkçinin sövdələşməsində əmək reallaşır. O, mənfəətə izafi dəyərin konkret bir forması kimi baxmır. Əslində isə mənfəətlə əmək haqqının tərs proporsional asılılığı izafi dəyərlə iş qüvvəsi dəyərinin biri-birindən asılılığına gətirib çıxarır. Belə ki, mənfəət izafi dəyəri iş qüvvəsinin dəyərinə deyil, bütün kapitala (istehsala qoyulan, avans edilən kapitala) nisbəti əks etdirdiyi üçün sabit kapitalın kəmiyyəti dəyişdikdə o da dəyişdiyi kimi, əmək haqqı dəyişdikdə də o nisbət dəyişir. Bu iki amil biri-birinə əks istiqamətdə də dəyişə bilər.
D.Rikardonun mənfəət nəzəriyyəsinin təhlili göstərir ki, mənfəətlə izafi dəyərin qarışdırılması mənfəət nəzəriyyəsi ilə izafi dəyər nəzəriyyəsinin eyniləşdirilməsinə gətirib çıxarır. İkinci tərəfdən o, mənfəəti bizə məlum olan nisbi izafi dəyərlə qarışdırmış olur. İş ondadır ki, Rikardo iş günü müddətinin dəyişməzliyini və eyni zamanda mənfəətin həcminin əmək məhsuldarlığından bilavasitə asılılığını nəzərdə tutur.
D.Rikardo iqtisadi təhlilində elmi cəhətdən haqlı olaraq əmək-dəyər nəzəriyyəsinə (əmtəənin dəyərinin onun istehsalına sərf olunmuş əməklə yaranmasına) əsaslanır. Digər tərəfdən, əməyi əmtəə hesab etməklə belə nəticəyə gəlir ki, mənfəət yalnız qeyri-ekvivalent mübadilənin nəticəsidir. Beləliklə, əgər Rikardo əmək-dəyər nəzəriyyəsi əsasında çıxış edirsə onda o, izafi dəyər nəzəriyyəsini inkar etməli idi. Əksinə, əgər o, izafi dəyər nəzəriyyəsini (mənfəəti) qəbul edirsə onda o, dəyər nəzəriyyəsini inkar etməli idi.
Digər tərəfdən Rikardonun mənfəət nəzəriyyəsində dəyər nəzəriyyəsi ilə orta mənfəət nəzəriyyəsi arasında ziddiyyət yaranır. Belə ki, Rikardo dəyərin istehsal qiymətinə çevrilməsi prosesinə toxunur, onu həll etməyə çalışır. Bunu əmək-dəyər nəzəriyyəsi ilə əlaqələndirməyə cəhd edir. Lakin bu sahədə müəyyən çətinliklərlə rastlaşır. Son nəticədə orta mənfəət qanununu bilavasitə dəyər qanununa qarşı qoyur və onların arasında ziddiyyət olduğunu qeyd edir, dəyəri istehsal qiymətilə eyniləşdirir. O, orta qiymətlərin dəyərlə uyğun gəlməsini təsadüfi, müstəsna bir hal kimi verir.
Rikardo belə nəticəyə gəlir ki, mənfəət işdə olan işçilərin yaxud onların tutulmasına sərf olunan kapitalın həcminə proporsional olmalıdır. Həqiqətdə isə mənfəətin bütün kapitalın həcminə proporsional olması aydınlaşır. Bununla o, hesab edirdi ki, kapital yeni dəyər yaratmır və bu səbəbə görə mənfəət bütün kapitalın həcminə proporsional olmamalıdır. Ona görə də, bu halda ziddiyyət yaranır və əmək-dəyər nəzəriyyəsinə uyğun gəlmir.
Rikardonun iqtisadi təlimində kapital anlıyışına diqqət yetirərkən sənaye çevrilişi dövründə əmtəə istehsalına sərf olunmuş istehsal vasitələrinin dəyərinin götürülməsi probleminin qoyuluşu böyük əhəmiyyət kəsb edir. Belə ki, bu zaman o, məhsuldar formada külli miqdar kapital yığımı yaratmışdır. Bu məsələyə əvvəllər diqqət yetirilsə də ilk dəfə olaraq problemin qoyuluşunu konkretləşdirmiş və göstərmişdir ki, “Əmtəənin dəyərinə təkcə bilavasitə ona tətbiq edilən əmək deyil, bu əməyə şərait yaradan avadanlığa, maşına, alətlərə, binaya sərf olunan əmək də təsir edir”. Lakin Rikardo dövriyyə kapitalının rolunu aydınlaşdırmamışdır. Bu ondan irəli gəlir ki, Rikardonun yaşadığı dövr kapitalın bir tərəfdən əsas və dövriyyə kapitalına, digər tərəfdən isə sabit və diyişən kapitala bölgüsünün aparılmasına ya elmi cəhətdən imkan verməmiş, yaxud da bu onun üçün məqsəd olmamışdır. Bu da öz növbəsində kapitalın üzvi quruluşunu müəyyənləşdirməyə və eləcə də kapitalist iqtisadiyyatının bir sıra mürəkkəb problemlərinin (istehsal qiyməti, mütləq renta, izafi dəyərin konkret formaları, mənfəət normasının azalma meyli qanunu və s.) həlli haqqında müəyyən fikir söylənilməsini çətinləşdirmişdir. Nəticə etibarilə Rikardo kapitalı istehsal vasitələrilə eyniləşdirmişdir.
D.Rikardonun iqtisadi təlimində pul tədavülü və banklar məsələsi mühüm yer tutur. Bu Rikardonun dərin nəzəriyyəçi olması ilə yanaşı, yaşadığı dövrlə də bilavasitə bağlıdır. Belə ki, XYIII əsrin sonu, XIX əsrin əvvəllərində İngiltərədə banknotların qiymətdən düşməsi, onun qızıla dəyişdirilməsinin qadağan edilməsi, qızıl valyutaya qayıtmaq kimi iqtisadi əhəmiyyətli məsələlər müzakirə olunurdu və Rikardo bunlardan kənarda qala bilməzdi.
Rikardo hələ o vaxt pul tədavülü haqqında çox deyildiyini göstərərək yalnız tədavüldə olan pulların kəmiyyətini və onların dəyərini tənzimləyən bəzi qanunların qısa oçerkini verməklə kifayətlənmişdir. Onun fikrincə qızıl və gümüşün dəyəri, eyniylə də bütün digər əmtəələrin dəyəri onların istehsalı və bazara çıxarılması üçün zərüri olan əməyin miqdarına bərabərdir. Qızılın gümüşdən bahalığı ona olan tələbin çoxluğu ilə deyil, qızılın həmin miqdarda gümüşdən əldə edilməsi üçün sərf olunan əməkdən artıq əməyə başa gəlməsi ilə əlaqədardır. İkincisi, ölkədə istifadə oluna bilən pulun miqdarı onların dəyərindən asılıdır. Belə ki, əgər tədavüldə yalnız qızıldan istifadə olunarsa onda onun miqdarı həmin məqsədə istifadə olunan gümüşdən aşağı olar. Yəni qızıl gümüşjən 15 dəfə bahadırsa, onda tədavülə lazım olan qızıl gümüşdən 15 dəfə az olacaqdır. Üçüncüsü, tədavül heç vaxt o qədər bol ola bilməz ki, öz həddindən kənara çıxa bilsin. Çünki tədavül vasitəsinin dəyərini aşağı salmaqla həmin nisbətdə onların kəmiyyətini artırmaq, onların dəyərini artırmaqla isə kəmiyyətini azaltmaq olar. Bununla yanaşı Rikardo İngiltərədə pul kəsilməsi işinə, onun tənzimlənməsinə öz münasibətini bildirir və göstərir ki, tədavül vasitəsi (metal pul nəzərdə tutulur) heç vaxt onların çəkisinin azalmasına bilavasitə proporsional olaraq aşağı salınmamışdır. Bunun da səbəbi odur ki, onların kəmiyyəti heç vaxt metal pulların daxili dəyərinin (çəkisinin) aşağı düşməsinə proporsional olaraq artırılmır.
Rikardonun fikrincə ölkədə pul buraxılışı qaydaya salınmalı və kağız pulların buraxılışı məlum məhdudiyyətlərə və nəzarətə əsaslanmalıdır. Digər tərəfdən, o göstərir ki, hər cür qiymətli metal külçələrinin idxal və ixracına tam azadlıq verilməlidir. Onun fikrincə pulun dəyəri tədavüldə bərqərar olur və onların kəmiyyətindən asılıdır. Belə ki, əgər qızıl pul ölkəyə çox gələrsə onda qiymətlər yuxarı olar, əgər az gələrəsə qiymətlər aşağı olar. Bununla o, ölkədə qızılın toplanmasına müsbət hal kimi baxır və göstərir ki, bu halda qiymətlər yüksəlir, xaricdən ölkəyə mal gətirilməsi faydalı olur. Deməli, ölkənin ticarət balansında qızılla ödənilməli olan vəziyyət yaranır, qızıl ölkədən kənara çıxır, qiymətlərin aşağı düşməsi baş verir. Bu da öz növbəsində xarici malların ölkəyə gətirilməsini məhdudlaşdırır və müvazinət yaranır. Ölkədə qızıl çatışmadıqda vəziyyət əks istiqamət alır və beləliklə, ticarət balanslarını bərabərləşdirən və ölkələr arasında qızılı bölüşdürən avtomatik mexanizm yaranır.
Ümumiyyətlə götürdükdə, Rikardo pul tədavülünün çatışmazlıqlarını göstərməklə yanaşı bazar iqtisadiyyatının inkişaf tələblərinə uyğun gələn pul sistemini hazırlamışdır. O, iqtisadiyyatın inkişafının mühüm şərti kimi sabit pul tədavülünü qəbul edir və bu sabitliyin yalnız qızıla əsaslanan pul sistemində görür. İngilis bankına banknotlar buraxmaq, dövlət vəsaitini idarə etmək hüququ almaq və s. Milli Bank yaratmağı təklif edir. Pul nəzəriyyəsinin əsasına əmək-dəyər nəzəriyyəsini qoyur, qiymətli metallara xüsusi növ əmtəə kimi baxır və onların dəyərini əmək məsrəflərilə müəyyən edir. Digər tərəfdən isə, kağız pul tədavülü ilə qızıl əsasında prinsipial fərq qoymur və hesab edir ki, qızıl da mahiyyət etibarilə dəyərin nişanəsidir və qızıl pullar kağız pula dəyər nişanəsi kimi tam dəyişdirilə bilər. Odur ki, pulu tədavül vasitəsi hesab edir.
D.Rikardonun yaşadığı dövr və ondan da əvvəl İngiltərə üçün xarici ticarət mühüm rol oynamışdır. “Siyasi iqtisadın və vergiqoymanını əsasları” əsərində o, beynəlxalq ticarət məsələlərinə, onun reallaşdırılması amillərinə diqqət yetirmiş, öz iqtisadi mülahizələrini söyləmişdir. Onun fikrincə, xarici ticarətin genişlənməsi ölkədə bilavastə dəyərin məbləğini artıra bilməz, amma bu əmtəə kütləsinin, nəticə etibarilə həyat rahatlıqlarının miqdarının sürətlə artmasına səbəb ola bilər. Göründüyü kimi xarici ticarətin açıq, yaxud da qapalı iqtisadiyyat üçün əhəmiyyət kəsb etmədiyi, əmək haqqına və mənfəət normasına təsir etmədiyi, lakin ölkənin sərvətinin və gəlirinin real olaraq artmasına səbəb olacağı təsdiq olunur. Daha sonra Rikardo ardıcıl olaraq təhlil etdiyi üç növ nemətlər arasındakı fərqləri aydınlaşdırmağa çalışır: ölkə daxilində istehsal edilmiş, daxili istehlak üçün nəzərdə tutulmuş nemətlər- parça, ayaqqabı, taxıl, baş geyimləri və s; ölkə daxilində istehsal edilən, lakin ixrac olunan nemətlər; idxal olunmuş dəbdəbə- zinət, bəzək əşyaları, şərab kimi məhsullara olan tələbi elastik hesab olunur. Mahiyyət ondan ibarətdir ki, əgər idxal olunan əmtəələr əmək haqqına əldə olunan əmtəələrdən ibarət deyildirsə mənfəət norması yüksəlməyəcəkdir. Buna baxmayaraq o, idxal olunan dəbdəbə zinət əşyalarının nisbətən ucuz olmasını, istehlakçı kimi kapitalistlərin qənaət etmələrinə səbəb olmasını və kapital yığımını stimullaşdırması fikrini irəli sürür. Bu da öz növbəsində müqayisəli xərclər “coğrafi əmək bölgüsü” qanununa gətirib çıxarır.
Rikardo demək olar ki, ilk iqtisadçıdır ki, xarici ticarəti daxili ticarətdən ayıraraq xüsusi nəzəriyyə kimi irəli sürür. Kapitalın ölkələr arasında hərəkətə qabil olmaması, əmək-dəyər nəzəriyyəsinin milli sərhədlər vasitəsilə aparılan ticarətə aid edilməməsi bu nəzəriyyənin əsasında durur. Belə hesab edilir ki, xarici ticarətdə ölkələr arasında mənfəət norması bərabərləşir. Belə olan halda ölkələr arasında ticarət hərəkəti tənzimləyicisinin nə olacağı, barter ticarətinin nə əsasda müəyyən ediləcəyi suallarına cavab axtarılır və müqayisəli xərclər prinsipinə üstünlük verilir. Müqayisəli xərclər dedikdə bu və ya digər əmtəələr üzrə çəkilən xərclərin bərabər, mütləq və müqayisəli səviyyələri nəzərdə tutulur. Rikardoya görə əgər mövcud ölkə həm yulafı, həm də şərabı az xərclə istehsal edirsə, lakin şəraba nisbətən yulafda onun üstünlüyü çoxdursa, o zaman xərclərin müəyyən nisbətində və mübadilənin müəyyən proporsiyalarında onun üçün, yalnız yulaf, başqa ölkə üçün yalnız şərab istehsal etmək hər halda daha faydalı olar. Müqayisəli xərclər prinsipi və ya müqayisəli üstünlük prinsipi bunu nəzərdə tutur. Bu fərdi mənafe ardınca getmək ən təəccüblü formada hamının ümumi rifahı ilə bağlıdır. Eyni zamanda əməksevərliyə stimul yaradır, fərasətliliyi, bacarığı mükafatlandırmaqla, təbiətin bizə verdiyi bütün qüvvələri müxtəlif millətlər arasında ən faydalı, daha da qənaətli əmək bölgüsünə gətirir. Bütövlükdə məhsul kütləsini artırmaqla o ümumi rifahı yüksəldir, ümumi mənafe və birlik naminə bütün sivil millətləri vahid ümumdünya icması ilə bağlamış olur. Lakin Rikardoya görə bu o şərtlə mümkün olar ki, şərab Fransa və Portuqaliyada, çörək Amerika və Polşada, müxtəlif metal məmulatları və digər əmtəələr İngiltərədə hazırlanmış olsun.
D.Rikardonun vergilər haqqında fikirləri də diqqəti cəlb edir. Onun fikrincə vergilər ölkənin torpağı və əməyinin məhsulundan dövlətin sərəncamına daxil olan hissədir və onlar nəticə etibarilə ya ölkənin kapitalından, yaxud da gəlirindən ödənilir. Rikardo kapitala, istehsal vasitələrində təcəssüm edən yığıma əmək kimi baxır. Ölkənin illik istehsalı onun illik istehlakını əsaslı şəkildə qabaqlayarsa, belə deyilir ki, kapital artır. Ölkənin illik istehlakını illik istehsalı ödəmədiyi halda, belə deyilir ki, kapital azalır. Beləliklə, kapital istər istehsalın artırılması ilə, istərsə də istehlakın (qeyri istehsal istehlakın) azalması nəticəsində arta bilər.
Əgər dövlətin istehlakı əlavə vergilərin alınması nəticəsində artırsa və istehlak istehsalın artırılması yaxud da əhali tərəfindən istehsalın azalması yolu ilə ödənilirsə onda vergi gəlirin üzərinə düşür və milli kapital toxunulmamış qalır. Əgər istehsal artmırsa yaxud əhalinin istehlakı (qeyri-məhsuldar) bütövlükdə azalmırsa, onda vergilər kapitalın üzərinə düşmüş olur. Başqa sözlə, nəzərdə tutulmuş istehsal təyinatlı fonda toxunulur. Ölkənin kapitalı tarazlı (mütənasib) şəkildə azaldıqda onun istehsalı da azalmış olur. Ona görə də xalqın və dövlətin qeyri-istehlak xarakterli xərcləri davam edirsə və əgər illik təkrar istehsal daim azalırsa, onda xalqın və dövlətin resursları artan sürətlə aşağı düşər, nəticə isə dilənçilik və yoxsullaşma ilə bitmiş olar.
Rikardonun fikrincə İngiltərənin timsalında əhalinin artması, əkinçiliyin genişlənməsi, gəmiçilik və sənayenin inkişafı, limanların tikilməsi, ümumiyyətlə qiymətli (burada kapital tutumu nəzərdə tutulur) müəssisələrin tikilməsi həm kapitalın, həm də illik istehsalın artmasına əyani sübutdur. O, qeyd edir ki, əgər vergilər olmasa kapitalın artımı daha da yüksək ola bilər. Bununla Rikardo vergilərin əleyhinə çıxmır və bütün vergilərin ya kapitalın yaxud da gəlirin üzərinə düşdüyünü təkidlə israr edir. Belə ki, əgər vergilər kapitalın üzərinə düşərsə onda ölkənin istehsal fəaliyyətinin həcmini tənzimləyən fond müvafiq olaraq azalmış olur. Əgər vergilər gəlirin üzərinə düşərsə onda ya yığım azalmış olur, yaxud da vergi ödəyicilərini, özlərinin əvvəlki qeyri-məhsuldar (həyati tələbatların ödənilməsi baxımından) istehlakları müvafiq olaraq aşağı salmağa məcbur edir. Bu fikri davam etdirərək Rikardo vergilərin tətbiqi məsələsində göstərir ki, insanların öz ictimai vəziyyətlərini və öz sərvətlərini nail olduqları səviyyədə qoruyub saxlamağa çalışmaları həmişə onları vergilərin gəlirlərdən ödənilməsinə sövq edir. Ona görə də vergi qoyuluşlarının və dövlət xərclərinin artdığı hallarda insanlar müvafiq olaraq öz kapital və gəlirlərini artıra bilmirlərsə onda rahatlıqları üçün istifadə etdikləri nemətlərin (əşyaların) kəmiyyətini azaltmalıdırlar. Buna görə də yığıma olan səyləri mükafatlandırmaq dövlət siyasətində bir vəzifə kimi qoyulmalıdır. O, kapitalın üzərinə düşə biləcək vergiləri heç bir zaman tətbiq etməməlidir. Belə ki, bu əməyin saxlanması fonduna toxunur və bununla da ölkənin gələcək istehsalını aşağı salmış olur.
İngiltərədə bu siyasətə etinasızlıq göstərilmişdir. Belə ki, ölən adamdan sağ qalan adama mülkiyyətin keçməsində, vergilərin qoyulması və vəsiyyətnamənin təsdiq edilməsində rüsumlar tətbiq olunurdu. Əgər 1 min f. st. mirasa 100 f. st. vergi qoyulmuşsa vərəsə mirası 900 f. st.-qə bərabər hesab edir və həmin verginin öz xərcləri üçün nəzərdə tutduğu gəlir hesabına ödəməyə xüsusi həvəs göstərmir. Odur ki, ölkənin kapitalı azalmış olur. Bununla yanaşı, əgər o, həqiqətən 1 min f. st. almış olsa onda vergi kimi nəzərdə tutulmuş 100 f. st.-qi ödəmək üçün yəqin ki, öz xərclərini həmin miqdarda azaltmış olardı və ölkənin kapitalı toxunulmamış qalardı.
D.Rikardo Adam Smitin fikrinə müraciət edərək göstərir ki, mülkiyyət ölən adamdan sağ qalan adama keçərkən vergilər son nəticədə mülkiyyətin verildiyi şəxsin üzərinə düşür. Torpaq satılarkən vergilər bütövlüklə satanın üzərinə düşür. Satıcı həmişə zərurət üzündən bu addımı atır və ona təklif olunan qiymətə razılaşmalıdır. Satıcı isə demək olar ki, almaq üçün heç vaxt məcburiyyətdə qalmır və ona görə də istədiyi qiyməti verməyi zəruri hesab edir. Digər tərəfdən o, torpağın vergi ilə birlikdə neçəyə başa gələcəyində maraqlı olur və verginin məbləği çox olduqda torpağa daha aşağı qiymət qoyulmsı ilə razılaşır. Ona görə də belə vergilər həmişə ehtiyacı olan şəxsin üzərinə düşür və odur ki, tez-tez kəskin, incidici mövqe tutmalıdır.
Mülkiyyətin bütün növlərinin, bir əldən digərinə keçərkən ödənilən vergilərin bu mülkiyyət növlərinin kapital dəyərini aşağı salır və bu da öz növbəsində məhsuldar əməyin saxlanılması üçün nəzərdə tutulmuş fondun azalmasına səbəb olur. Bunu əsas götürərək Rikardo hesab edir ki, bu hallar həmişə istər az və ya istərsə də çox səviyyədə xeyirsiz vergilərdir.
D.Rikardonun fikrincə ümumi rifah naminə mülkiyyətin sahibini dəyişmək və mübadiləni hər cür yüngülləşdirmək lazımdır. Belə ki, bu hər cür kapitalın onu tez və nisbətən əlverişli tətbiq edən əllərə düşməsinə yol açar, ölkədə istehsalın artmasına səbəb olar. O, Seyin belə bir fikrini də əsas götürür ki, rüsumlar, vergilər nə qədər ağır olarsa, hər cür razılıqlara, işgüzar fəaliyyətə və ümumi gəlirin artmasına bir o qədər maneçilik edər.