İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində daha 223 tam təmirli mənzil siyahıya əlavə edilib. Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksi üzrə 36 mənzil təklif olunur ki, bunlar da 1 və 2 otaqlı yaşayış sahələridir. Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 187 mənzil təklif olunur.
Banker.az Fonda istinadən xəbər verir ki, vətəndaşların müraciətləri tam elektronlaşdırılıb. Sənədlər Fonda təqdim edildikdən sonra təcrübədə ən qısa vaxtda, 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır.
Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 17 oktyabr 2022-ci il tarixindən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.