11 C
Baku
Sunday, November 17, 2024

Daha 84 gənc IBA Tech Akademiyasından məzun oldu

Azərbaycan Beynəlxalq Bankının IBA Tech Akademiyasının növbəti buraxılışı olub. İkinci proqram üzrə Akademiyaya qəbul olunmuş tələbələr tam tədris kursunu uğurla başa vuraraq sertifikatlar əldə ediblər. Bu münasibətlə təşkil edilmiş “Məzun günü” mərasimi karantin səbəbindən onlayn formatda  keçirilib. 

IBA Tech Akademiyasının ikinci proqramında Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə bu dəfə 84 tələbə təhsil alıb. Onlardan 41 nəfəri Mobil development, 43 nəfəri isə Backend üzrə intensiv kurs keçib. Yanvarda elan edilmiş proqram üzrə dərslər karantin dövrünə təsadüf etdiyindən bütün təlimlər distant qaydada aparılıb. Proqram 6 ay davam edib. Məzunların 52  nəfəri Akademiyanı fərqlənmə ilə bitirib.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov mərasimdəki çıxışı zamanı pandemiyanın IBA Tech Akademiyasında dərslərə mane olmadığını, innovativ həllər hesabına tədris prosesinin məsafədən tam şəkildə həyata keçirildiyini bildirib. O, ötən buraxılışda bu təhsil müəssisəsindən 90 nəfər gəncin məzun olduğunu xatırladıb. Onların böyük əksəriyyətinin Azərbaycan Beynəlxalq Bankında işlə təmin edildiyini, digər bir qisminin isə başqa qurumlarda karyera həyatına başladıqlarını diqqətə çatdırıb: “İnnovativ inkişaf layihələri genişləndikcə informasiya texnologiyaları mütəxəssislərinə tələbat daha da artacaq. Biz IBA Tech Akademiyasını bu tələbatı nəzərə alaraq yaratdıq. Ölkəmizin biznes sferasında bir ilk olan bu təşəbbüsümüzün uğuru bizi innovasiyalar sahəsində yeni layihələrə ruhlandırdı. Hazırda IBA İnnovasiya Mərkəzimiz  fəaliyyətdədir və FinTech üzrə 12 startap layihəsi bu Mərkəzdə inkubasiya mərhələsindədir. Mərkəzin ilk rezidentləri sırasında Akademiyamızın ilk məzunlarından təşkil edilmiş komandalar da var. Ölkəmizdə innovasiyalar ekosisteminin inkişafına kompleks dəstək layihələrimiz isə bundan sonra da davam etdiriləcək”. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər