22 C
Baku
Friday, May 24, 2024

Daha bir Avropa ölkəsi ehtiyaclarını ödəmək üçün Azərbaycandan qaz alır

Albaniya 2026-cı ildə Azərbaycan təbii qazından öz ehtiyaclarını ödəmək üçün istifadə etməyi planlaşdırır.

Bu məqsədlə zəruri qazpaylayıcı infrastrukturun inkişafı üzrə planlar hazırlanır.

“Trans-Adriatik Boru Kəməri (TAP) kimi mövcud infrastruktur vasitəsilə Albaniya enerji mənbələrini şaxələndirir və hidroenergetikadan asılılığını azaldır. TAP-ın Albaniyada əsas rolu Azərbaycan qazının Avropa bazarlarına, o cümlədən İtaliyaya tranzitinə dəstək olmaqdır”, – “S&P” qeyd edir.

Azərbaycan qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon kubmetr həcmində gözlənilir. Bu, Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyətinin 1,2 milyard kubmetrə qədər genişləndirilməsinin birinci mərhələsinin dövrünə təsadüf edəcək ki, bunun da 1 milyard kubmetri İtaliya üçün nəzərdə tutulub.

Beləliklə, Albaniya İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Gürcüstan, Türkiyə, Macarıstan və Serbiyadan sonra Azərbaycandan təbii qaz tədarük edən 9-cu ölkə olacaq. Eyni zamanda, Azərbaycandan qaz almaq istəyən bir qrup ölkə də var. Bunlar Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniyadır.

Azərbaycan Avropaya təbii qaz ixracını 2021-ci ildəki 8 milyard kubmetrdən 2023-cü ildə 11,8 milyard kubmetrə qədər artırıb. Ümumilikdə, ötən il ölkə 23,8 milyard kubmetr qaz ixrac edib.

Avropa İttifaqı ilə memoranduma əsasən, Bakı 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü 20 milyard kubmetrə çatdırmalıdır.

Qeyd edək ki, Azərbaycan qazının “Şahdəniz” qaz-kondensat yatağından Trans-Adriatik Qaz Kəməri ilə Avropaya tədarükü 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi boyunca və 8 km-i İtaliya ərazisindən keçir.

Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Ölkənin “Babək”, “Abşeron”, “Ümid” və “Qarabağ” kimi daha bir neçə perspektivli qaz yataqları mövcuddur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər