“Prezidentin göstərişinə əsasən bankların sağlamlaşdırılması prosesi davam edir”. Bu sözləri açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bankların diaqnostikasının davam etdiyini deyən millət vəkilinin sözlərinə görə, sözügedən sektorda yaranmış hazırkı vəziyyət daha bir neçə bankın bağlanacağından xəbər verir:
“O banklar ki maliyyə imkanları yoxdur, kredit portfeli aşağıdır və likvidliklə bağlı problemləri var, onlar ya birləşəcəklər, ya da bağlanacaqlar. Bu proses hələ bir müddət, maliyyə bazarlarında və bank sistemində müəyyən problemlər aradan qalxana, yəni Azərbaycanda sağlamlaşdırılmış banklar fəaliyyət göstərənədək davam edəcək. Qarşıda konkret bağlanacaq banklarla bağlı məlumat verə bilmərik. Çünki bu barədə qərarları yalnız Maliyyə Bazarlarına Nəzarət Palatası verir”.