Banker.az Avstraliya mediasına istinadən xəbər verir ki, Avstraliya parlamentinin üzvləri ölkənin Mərkəzi bankına müraciət edərək Bitcoin valyutasının qanuniləşdirilməsini və onun rəsmi valyuta kimi tanınmasını tələb edib.
Verilən məlumatlarda qeyd olunur ki, parlament artıq kriptovalyutanın ölkədəki statusu ilə bağlı öz mövqeyini razılaşdırıb və Mərkəzi bank tərəfindən rəsmi təsdiq gözləyir.
Parlament üzvlərinin fikrincə, Bitcoin-in qanuniləşdirilməsi maliyyə xidmətləri bazarında Avstraliyanın rəqabət bacarığını artıracaq. Çünki ölkə artıq ucuz məhsul istehsalı və ucuz xidmətlərin göstərilməsi sahəsində Asiya ölkələri ilə rəqabət aparmaq iqtidarında deyil. Lakin, deputatların fikrincə, Avstraliya hazırda ölkədə Bitcoin valyutası ilə əməliyyatların tam olaraq qanuniləşdirilməsi qərarını yubatmasa, maliyyə texnologiyaları bazarında hələ də lider olmaq şansına sahibdir.
Onlar qeyd edib ki, 2015-ci ildə bir çox Bitcoin və Blockchain şirkətləri ölkəni tərk edib və kriptovalyutadan istifadə və mübadilənin daha qanuni olduğu ölkələrdə (Sinqapur, Yaponiya, Cənubi Koreya və Honq Konq) məskunlaşıb. Bu zamandan etibarən Avstraliya öz maliyyə texnologiyaları bazarını çətinliklə inkişaf etmiş Asiya ölkələrinin bazarları ilə eyni səviyyədə saxlaya bilir. Ölkə rəhbərliyi bu ilin əvvəlində maliyyə texnologiyalarının inkişafına nail olmaq üçün Bitcoin-in iki qat vergiyə cəlb olunmasını ləğv etdi.
Ölkə rəhbərliyi parlament üzvlərinin bu qərarını təsdiqlədiyi halda Bitcoin artıq yaxın aylarda Avstraliyada qanuniləşdiriləcək.