13 C
Baku
Thursday, November 14, 2024

Daha bir şirkət avtomobillərini bitkoinlə satmağı düşünür

“Tesla”dan sonra daha bir şirkət avtomobillərini bitkoinlə satmağı planlaşdırır. Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bu barədə “General Motors”un CEO-su Meri Barra açıqlama verib.

Jurnalistlər “Tesla”nın qurucusu İlon Maskın son açıqlamasını əsas gətirərək, şirkətin ödəniş qismində kriptovalyuta qəbul etməyə hazır olub-olmadığını Barradan soruşublar. Baş direktor bunun üçün “heç bir maneənin olmadığını” söyləyib.

“Müştərilərimizin istəklərini rəhbər tutacağıq. Əlbəttə ki, avtomobil alışını mümkün qədər asanlaşdırmaq istəyirik. Onlardan nümunə götürəcəyik”, – CEO əlavə edib.

Maraqlıdır ki, bir neçə ay əvvəl Barra tamamilə fərqli düşüncə tərzində olub. İlin əvvəlində “Tesla”nın bitkoin qəbul etməyə başlamasından sonra “General Motors”un rəhbəri buna mənfi münasibət bildirib. O, şirkətinin bu cür yeniliklərlə maraqlanmadığını vurğulayıb.

Lakin mart ayının sonunda avtomobil istehsalçısının maliyyə hesabatlarını şərh edən Barra mövqeyini bir qədər yumşaldıb. Baş direktor “General Motors”un “yüksək istehlakçı tələbi” olduğu təqdirdə ödəniş qismində kriptovalyuta qəbul etməyə başlayacağını söyləyib.

Xatırladaq ki, “Tesla”nın qurucusu İlon Mask 2021-ci ilin martında şirkətin bitkoin qəbul etməyə başladığını açıqlayıb. Həmin ərəfədə bu funksiya yalnız ABŞ alıcıları üçün əlçatan olub. Buna baxmayaraq, artıq may ayının ortalarında Mask “Tesla”nın rəqəmsal tokeni qəbul etməkdən imtina etdiyini bildirib.

Milyarderin bu açıqlamaları hər dəfə bitkoinin qiymətinə təsir göstərib. İyun ayının əvvəlində “Tesla” maynerlərin əsasən təmiz enerji mənbələrindən istifadə etdiyi təqdirdə bitkoinlə ödənişləri qəbul etməyə davam edəcəyini qeyd edib.

Son xəbərlər
Digər xəbərlər