13 C
Baku
Saturday, November 23, 2024

Daha çox xidmət üzərində çalışmaq istəyirik – Taleh Tahirli

Müsahibimiz: Unibankın Pərakəndə Bank Məhsulları və Proseslərinin İnkişafı departamentinin rəhbəri Taleh Tahirli

Salam Taleh bəy, ilk öncə müsahibə üçün ayırdığınız vaxta görə təşəkkür edirəm.

Unibank Azərbaycanın bank sektorunda özünəməxsus kredit siyasəti ilə fərqlənir. Bəs, sadə dillə ifadə etsək bu strategiya özündə nələri əhatə edir?

Ümumilikdə, Bankımızın riteyl strategiyası əhalinin hər bir təbəqəsinə xidmət edərək onların ehtiyaclarına uyğun olan məhsul və xidmətlər təklif etməkdən ibarətdir. Məlum olduğu kimi son zamanlar pərakəndə bazara daxil olan bankların sayı artmaqdadır və bu da öz növbəsində rəqabəti günü- gündən intensivləşdirir. Rəqabət artdıqca isə bazar trendlərinə uyğun daha operativ davranmaq, müştərilərə innovativ məhsullar təqdim etmək və xidmət səviyyəsini yüksək saxlamaq kimi amillər xüsusi əhəmiyyət qazanır. Məhz bu aspektlər bizim işimizin təşkilində prioritet məsələlərdən sayılır.

Kart bazarında perspektivli istiqamət kimi hansıları qeyd edə bilərsiniz?

Hal-hazırda Azərbaycanda kart bazarının inkişaf etdirilməsi və xüsusən də nağdsız ödənişlərin artırılması və stimullaşdırılması istiqamətində dövlət qurumları, beynəlxalq ödəniş sistemləri və banklar tərəfindən ciddi işlər görülməkdədir. Ölkədə ticarət obyektlərinin sayı artır, iri ticarət mərkəzləri açılır, elektron ticarət inkişaf edir və bütün bunlar da öz növbəsində paralel olaraq nağdsız ödənişlərin tətbiq edildiyi sahələri genişləndirir. Əhalinin gəlirlərinin artdığı və kart bazarının inkişaf etdiyi bir şəraitdə müştərilər üçün bank kartlarına bağlı internet bankçılıq və mobil bankçılıq kimi yeni xidmət sistemlərinin növbəti inkişaf mərhələsinə keçməsinə zəmin yaranacaqdır, kart sahiblərinin stimullaşdırılması üçün müxtəlif bonus proqramları tərtib edilməkdə davam edəcəkdir.

Pul köçürmə sistemləri ilə bağlı qanun layihəsi qəbul edildikdən sonra isə kartların elektron ödəniş sistemləri və elektron pullar ilə inteqrasiyası prosesi başlanacaqdır. Sözsüz ki, bütün bu perspektivlər bankların texniki imkanları ilə sıx bağlı olacaqdır və ümumiyyətlə kart bazarının inkişaf etdirilməsi, Azərbaycan bank sektorunun intensiv inkişaf modelinə keçməsində vacib faktorlardan biridir.

Bankın regionlara genişlənmə planı hazırda necədir? Ümumiyyətlə yeni filialların açılması zamanı əsas prioritetlər nədir?

Bankın qarşısında duran ən vacib məqsədlərdən biri də regionlarda öz iştirakını təmin edərək, çoxlu sayda müəssisə və əhaliyə geniş spektrdə müasir maliyyə məhsul və xidmətlərini təqdim etməkdən ibarətdir. Buna nail olmaq üçün artıq ciddi infrastruktur qurulmuşdur. Hal-hazırda ölkədə toplam 33, o cümlədən regionlarda 13 Unibank filiallı fəaliyyət göstərir.

Regionda yeni filialın açılması həmin bölgədə olan əhalinin və sənaye müəssisələrinin sayına, əsas fəaliyyət sahələrinə və bank xidmətlərinə tələbatı müəyyənləşdirməyə imkan verən digər statistik məlumatlar təhlil edilərək müəyyən edilir. Ümumiyyətlə isə regionlarda yeni filialların açılması zamanı dövlət başçısı tərəfindən təsdiqlənən Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı əsas prioritet kimi götürülür. Dövlət proqramı çərçivəsində həyata keçirilən uğurlu islahatlar, yenidən qurma işləri, yeni iş yerlərinin açılması kimi tədbirlər bir çox kommersiya təşkilatları üçün də həmin regionda aktiv fəaliyyət göstərməyə və inkişafa öz töhfələrini verməyə şərait yaradır.

Xatırlayırıq ki, bir müddət öncə bank “filialsız bankçılıq” (mobil avtomobillər vasitəsi ilə yerində kreditləşmə) təcrübəsini Azərbaycanda tətbiq etməyə başlamışdı. Hazırda proyektlə bağlı vəziyyət nə yerdədir, bu baxımdan hansı çətinliklər var?

Mərkəzi Bankın bütün satışların filiallarda aparılmasına dair tövsiyəsindən sonra bu layihə dayandırılmışdır. Ümumilikdə dünya təcrübəsinə istinad edərək onu deyə bilərəm ki, yaxın gələcəkdə Azərbaycanda da filialsız Bankçılıq təcrübəsinin rolu getdikcə artacaqdır. Texnologiya və bank sektorunun bu templə inkişafı nəticəsində yaxında innovativ proseslərin tətbiq edilməsi banklar üçün zərurət halını alacaqdır. Artıq müəyyən banklarda distant xidmət təqdim edilmə praktikalarının şahidi oluruq. Bu xidmətlərə internet banking, mobile banking və ya telebanking xidmətlərini aiddir. Lakin bir məqamı qeyd etmək lazımdır ki, bankçılığın bu istiqamətinin inkişafı ilə paralel bəzi itki və risklər də artacaqdır.

Unibank kreditləşmə sahəsində yaxın gələcəkdə hansı yeniliklər etməyi düşünür?

Pərakəndə bankçılıq perspektivindən yaxın gələcəkdə mövcud fokusumuzun dəyişilməsi gözlənilmir. Aktiv şəkildə kart biznesini inkişaf etdiririk və əhaliyə nağd kreditlərin təqdim edilməsini davam edirik. Biz daha çox xidmət üzərində çalışmaq istəyirik. Rəqiblər də məhsul çeşidliliyini artıraraq kifayət qədər inkişaf edirlər və bu səbəbdən bazarda fərqlənmək üçün əsasən servisin yaxşılaşdırılması istiqamətində işlər aparıb daha yaxşı xidmət təqdim etməyə çalışacağıq.

Taleh bəy, kredit sahəsində böyük təcrübəsi olan bir peşəkar kimi, Sizcə bu işin təməli nədən başlayır, bu sahədə karyera qurmaq istəyən gənclər özündə hansı xüsusiyyətləri, hansı bilikləri inkişaf etdirməlidir?

Kredit mütəxəssəsi olmaq həyat təcrübəsi qazandırır, insanı tanımaq qabiliyyəti qazandırır. Bu işdə analitik qabiliyyət bacarığı çox vacibdir. Kredit mütəxəssisi üçün riskləri düzgün ölçülməsi vacib amillərdəndir. Əsas odur ki, özünü istədiyin işə həsr edib, israrla hədəfə doğru addımlayasan. Əgər kimsə bank sahəsində peşəkar olmağı hədəfləyibsə, o zaman, o, bank mühiti ilə maraqlanmalı, bazarı daim araşdırmalı, təhlil etməli, oxumalı, özünü daim intellektual yöndən inkişaf etdirməlidir. Kredit sahəsində işləmək istəyən şəxs insanları tanımağı bacarmalıdır. İş təcrübəsi, detallı ixtisaslaşmış bacarıq və biliklər, məsələləri həll etmə bacarığı tədricən iş əsnasında qazanılacaqdır.

Həmçinin qeyd edim ki, bu sahədə xüsusi ixtisaslaşmış təhsil Bank karyerasına gedən yeganə yol deyildir. Buna baxmayaraq, ixtisaslaşmış təhsilin olması əlavə üstünlük təqdim edir.

Qərb ölkələrindən fərqli olaraq, Azərbaycanda banklar daha çox “kredit verən müəssisə” assosiasiyası yaradırlar.
Necə düşünürsünüz banklarımızın imici nə vaxt dəyişəcək və dəyişməlidirmi?

Son illərdə bank sektoru sürətlə inkişaf edir, yeni məhsullar və xidmətlər yaranır. Bu bazardakı mövcud tələblərlə də bağlıdır. Əhalinin iqtisadi imkanları daha da artdıqca, maliyyə savadlılığı yüksəldikcə, insanlar bankların digər xidmətlərinə də müraciət edəcək. O halda da bankların imici bazara, tələbata uyğun dəyişəcək.

Son xəbərlər
Digər xəbərlər