Daha dissiplinli olmaq üçün 7 tövsiyə

Daxili nizam-intizam – biznes dünyasında müvəffəq olmaq arzusunda olanlar üçün ən vacib keyfiyyətlərdən biridir. Əgər insan həmişə gecikirsə, layihələri vaxtında təhvil vermirsə, bütün gününü sosial şəbəkələrdə keçirirsə, onun daxili nizam-intizamla problemləri var. Bu keyfiyyəti özünüzdə inkişaf etdirsəniz, asanlıqla idman zalına gedə, sağlamlıqla məşğul ola və bütün problemləri vaxtında həll edə biləcəksiniz.

“Dissiplin” sözü insanlarda adətən neqativ hisslər oyadır və özünü nəyəsə məcbur etmək kimi qiymətləndirilir. Bu yanaşma tamamilə yanlışdır.

Dissiplinin sizin üçün nə qədər faydalı ola biləcəyini düşünün. Əslində dissiplinli olmaq çətin deyil və hətta faydalıdır!

1. Hər gün eyni vaxtda yatmaq və yuxudan durmaq

Özünüz üçün optimal vaxt müəyyən edin. Yəqin ki, tələsmədən işə hazırlaşmaq üçün və eyni zamanda yuxudan doymaq üçün neçə saat yatmalı olduğunuzu bilirsiniz. Hər bir insan unikaldır, buna görə də sizin üçün rahat olacaq bir qrafik tərtib edin. İlk başlarda bu qrafikə riayət etməkdə çətinlik çəkə bilərsiniz, lakin sonra hər şey qaydasına düşəcək. Əgər bu qrafikdən kənara çıxsanız, özünüzü cəzalandırın. Bəli, bu çox gülməli səslənsə də, təsəvvür edə bilmədiyiniz qədər effektivdir. Cəza kimi jim etməyi, özünüzü sevdiyiniz şirniyyatdan məhrum etməyi və s. seçə bilərsiniz.

2. İdmanla məşğul olmaq

Bütün idman növləri bizə daha dissiplinli olmağa kömək edir. Sevə biləcəyiniz idman növünü tapın, idman zalına yazılın. Məsələn, bazar ertəsi, çərşənbə və cümə günlərində saat 18.00-19.30 arası idmanla məşğul olun. Əgər dərsləri buraxmasanız, həyatınızın digər sahələrində də daha dissiplinli olmağı öyrənəcəksiniz.

Eyni zamanda idman zalına getmədən də idmanla məşğul ola bilərsiniz. Məsələn, səhərlər qaçmaqla və ya müəyyən idman hərəkətlərini etməklə. Çətin olsa da, bunu müntəzəm olaraq edin. Dissiplini inkişaf elətdirməklə yanaşı, daha sağlam və gözəl bədənə sahib olmaq imkanını əldə edəcəksiniz.

3. Gündəlik işlərin siyahısını yazmaq

Özünüz üçün gündəlik və ya qeyd dəftəri tutun və bütün vacib işləri ora yazın. Tapşırıqları bu formada yazmağınız tövsiyə olunur: tapşırıq – yerinə yetirilməsinə sərf edəcəyiniz vaxt – vaciblik. Əgər vaxtı dəqiq olaraq müəyyən edə bilmirsinizsə, gün ərzində yerinə yetirə biləcəyiniz tapşırıqların sayını hesablaya bilərsiniz. Birinci olaraq ən vacib tapşırıqları, daha sonra isə xırda tapşırıqları yerinə yetirmək lazımdır. Bu halda vaxtınız çatmasa, çox da əhəmiyyətli olmayan tapşırıqları növbəti günə qədər təxirə sala bilərsiniz. Məsələn, kitab rəfini sabah da divara vura bilərsiniz, amma nənənizə bu gün baş çəkməyiniz məqsədəuyğun olar.

4. Hər şey göz qabağında olmalıdır

Əgər gününüzün çox hissəsi kompüter qarşısında keçirsə, cari vəzifələri qeyd kağızlara yazaraq monitorun üzərinə yapışdıra bilərsiniz. Psixoloqlar sübut ediblər ki, bu halda həmin vəzifələri daha tez yerinə yetirəcəksiniz.

5. Diqqəti cəmləşdirmək

Dissiplinin əsas düşmənlərindən biri tez-tez diqqətin yayınmasıdır. Tutaq ki, hər hansısa layihə üzərində çalışırsınız və gözlənilmədən fikriniz sosial şəbəkələrə yayınır, çünki bildirişin səsini eşidirsiniz. Bitdi, konsentrasiyanı əldən qaçırdınız. Bütün diqqətinizi yenidən layihə üzərində cəmləşdirmək üçün bir qədər gözləməyiniz tələb olunur. Əgər diqqətiniz yayınmasaydı, bu qədər vaxt itirməzdiniz.

Konsentrasiyanı inkişaf etdirməyin bir çox vasitələri var. Hər dəfə diqqətiniz kənar faktorlara yayınanda özünüzə deyin: “Ayıb olsun sənə!” və yenidən işinizə qayıdın.

6. Maliyyə üzərində nəzarət

Çox vaxt insanlar evlərini lazımsız əşyalarla doldururlar, bunun əsas səbəbi isə maliyyə nəzarətinin olmamasıdır. Bəzən biz impulsiv alış-verişlər edirik, çalışın onları minimuma endirəsiniz. Yalnız ehtiyac duyduğunuz şeylər alın. Əmək haqqının bir hissəsini qırağa qoymağı öyrənin. İnanın ki, gələcəkdə buna görə özünüzə “sağ ol” deyəcəksiniz”.

Gəlir və xərcinizi yazın. Bu halda maliyyə durumunuz göz qarşısında olacaq və siz pulunuzu daha yaxşı idarə edə biləcəksiniz.

7. Şirnikləndirmə

Dissiplini inkişaf etdirmək üçün təkcə qamçıdan yox, kökədən də istifadə edin. Özünüzü xırda bir uğura görə sevin, mükafatlandırın. Qohumlarınıza pomidor əkməkdə kömək etdiniz? Özünüzü mükafatlandırın. Bu gün iki kilometr çox qaçdınız? Axşam kinoya gedin. Əgər çətin bir işə başlaya bilmirsinizsə, özünüzə deyin: “Bu işi bitirəndən sonra uzun müddətdir baxa bilmədiyim filmə  baxacağam”. Mükafat sizi motivasiya edəcək.

Və sonuncu. “Mən iradəsiz insanam”, “mənim üçün bu çox çətindir”, “mən çox tənbələm və bütün həyatım boyu tənbəllik edəcəyəm” kimi ifadələri ağlınızdan çıxarın. Bütün bunlar bəhanədir. Özünüzə inanın, onda iradəniz daha güclü olacaq və dissiplinli olmaq sizə çətin gəlməyəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.