Martın 13-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli iclası açaraq gündəliyə birinci oxunuşda 4 məsələnin daxil edildiyini bildirib.
O, əvvəlcə İnzibati Xətalar Məcəlləsində dəyişiklik olunması haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Qeyd olunub ki, layihə inzibati icraat zamanı həyata keçirilən tədbirlərə kənar şəxslərin (hal şahidlərinin) cəlb edilməsinin aradan qaldırılmasını nəzərdə tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinə görə şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama, nəqliyyat vasitəsinə baxış və bir sıra digər tədbirlər hal şahidlərinin iştirakı ilə həyata keçirilir. Təklif edilən dəyişikliklərə əsasən, hal şahidlərinin iştirakı aradan qaldırılaraq, həmin hallarda fasiləsiz videoçəkiliş aparılmaqla icraatın həyata keçirilməsi təklif edilir. Bununla yanaşı, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya videoçəkilişin, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunması da Məcəllənin 376-cı maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olacaq.
Əli Hüseynli diqqətə çatdırıb ki, bu dəyişiklik insan hüquqlarının daha səmərəli qorunmasına xidmət edir.
Sonra komitə sədri Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, qanun layihəsi xüsusi növ dövlət qulluğu sayılan orqanların təcrübəsi öyrənilməklə, eyni zamanda, təcrübədə meydana çıxan müvafiq boşluqlar təhlil edilməklə, habelə Əsasnamənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Bu dəyişikliklərin qəbul edilməsi vergi orqanlarının işinə ciddi bir töhfə olacaq.
Diqqətə çatdırılıb ki, layihədə vergi orqanlarına xidmətə qəbulla bağlı bir sıra məsələlərin, o cümlədən staj müddətinin müəyyən edilməsi, sınaq və staj müddəti ilə bağlı məsələlərin daha detallı tənzimlənməsi, vergi orqanlarında xidmətə qəbul olunmasına yol verilməyən şəxslərin əhatə dairəsinin təkmilləşdirilməsi, vergi orqanının vəzifəli şəxsinin andının müəyyən edilməsi və digər məsələlərin daha təfərrüatlı tənzimlənməsi nəzərdə tutulub.
Daha sonra komitə sədri Əli Hüseynli “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsinin mahiyyəti barədə danışıb. Bildirilib ki, sənədə əsasən, qüvvədə olan 14 qanuna 36 dəyişiklik təklif olunur. Dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və bir sıra terminlərin dəqiqləşdirilməsini nəzərdə tutur.
Sonuncu məsələ – Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edən Əli Hüseynli bildirib ki, layihə qanunvericiliyin təkmilləşdirilməsi, ipoteka və zaminlik sahəsində meydana çıxan məsələlərin tənzimlənməsi məqsədilə, habelə Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında təsbit olunan hüquqi mövqelərə uyğun olaraq hazırlanıb.
Hər dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.