16 C
Baku
Wednesday, May 1, 2024

Daha yüngül işə keçirilmə zamanı əməkhaqqının ödənilməsi qaydası

Səhhətinə görə daha yüngül əməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Bəs bu halda həmin işçilərə ödəniləcək əməkhaqqı necə hesablanır?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, suala əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir:

Əmək Məcəlləsinin 232-ci maddəsində işçinin sağlamlığının mühafizəsi məqsədilə başqa yüngül işə keçirildiyi və əməkhaqqının saxlandığı hallar müəyyənləşdirilib. İşçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçinin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əməkhaqqı saxlanılır.

Vərəm və digər xroniki ağır xəstəliyə tutulmuş və bu səbəbdən başqa az maaşlı işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri bütün vaxt ərzində, lakin dörd aydan çox olmayaraq əvvəlki iş yerində aldığı əməkhaqqı saxlanılır. İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyətı orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir.

Misal: Dəmir məmulatlarının istehsalı müəssisəsində çalışan işçinin ərizəsi və tibbi rəyə uyğun olaraq, 01.04.2023-cü il tarixdən onun daha yüngül işə keçirilməsinə qərar verilib. İşçinin fevral və mart aylarında aldığı əməkhaqqı, müvafiq olaraq, 1.135 manat və 1.350 manat təşkil edib. Həmin aylarda iş günlərinin sayı, müvüfiq olaraq, 20 və 17 gün olub. Bu halda, işçi yeni işində 800 manat məbləğində maaş alacaq, 01.05.2023-cü il tarixədək isə əvvəlki işi üzrə orta əməkhaqqı hesablanacaq:

1.135 + 1.350 = 2.485 manat;
20 + 17 = 37 gün;
2.485 : 37 = 67,16 manat (bir iş gününə düşən orta əməkhaqqı);
17 x 67.16 = 1.141,72 manat.

Beləliklə, işçi 01.05.2023-cü il tarixədək 1.141,72 manat, ondan sonra isə 800 manat əməkhaqqı alacaq.

Mənbə: Nüsrət Xəlilov “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı

Son xəbərlər
 ⁠
Digər xəbərlər