Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bu gün Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Nizami Şirinov 8 il, Elcan Abdullayev 6 il və Nadir Tahirovun 4 il müddətinə azadlıqdan mərhum edilib. Elman Tahirov barəsində olan cinayətə cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.
Qeyd edək ki, N.Şirinov E.Abdullayev və E.Tahirov və N.Nəzirovla mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə alıb, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında ittiham olunurdu.
Xatırladaq ki, ötən ay rüşvət ittihamı ilə həbs edilmiş daha bir general – MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevə də hökm oxunmuş, ona 12 il həbs cəzası verilmişdi.