Maykl Blumberg – Donald Trampı məğlub edə biləcək yeganə namizəddir. Buna baxmayaraq, o, seçkiqabağı keçirilən debatlarda müvəffəqiyyət qazana bilmədi. Əslində mütəxəssislərin gözlədiyi bu idi: Blumbergin rəqibləri, onu ABŞ-ın hazırkı prezidentinin klonu kimi təqdim etmək ritorikasını dəyişməyərək, siyasətçiyə bir sıra ittihamlar irəli sürdülər.
“Dəfn mərasimini təxirə sala bilərsiniz?”
Maykl Blumberg Amerikanın ən darıxdırıcı şəhərlərinin birində – Medfordda (Massaçuseç ştatı) böyüyüb. Məşhur amerikan yazıçı Pol Teru deyirdi: “Həmişə düşünürdüm ki, Medfordda qalsam öləcəyəm. Medfordda böyümək yaxşıdır, yaşamaq isə bağışlanmaz səhvdir”.
Əlinə fürsət düşən kimi Blumberg ata ocağını tərk edir və elektrik mühəndisi peşəsinə yiyələnir. İki il sonra, gənc mütəxəssis MBA diplomunu alır və Amerikanın ən yaxşı maliyyə institutlarının birinə (Salomon Brother) işə düzəlir. O, kondisionersiz yeraltı otaqda istiqrazları və digər qiymətli kağızları əllə saymaqla məşğul olurdu. Bəzən, istidən soyunmaq məcburiyyətində qalırdı.
Maykl Blumbergin Salomon Brothers-dəki karyerası şübhəsiz ki, uğurlu alındı. Bu, ilk növbədə onun çalışqanlığı ilə bağlı idi. Blumberg işdən hamıdan gec çıxırdı: “Mən başa düşmürəm, niyə başqaları əvəzolunmaz olmaq istəmirlər”.
Peşəkarlığına görə Maykl Blumbergə “dahi” desələr də, şəxsi keyfiyyətlərinə görə həmkarların bir çoxu ondan narazı idi. İşçilərdən biri atasının ölümü ilə əlaqədar Blumbergdən işə gəlməmək icazəsini almaq istədi, həmin gün şirkət üçün çox vacib bir müqavilə imzalanmalı idi. “Dəfn mərasimini təxirə sala bilərsiniz?, – deyə Blumberg soruşdu. Düzdür, bir neçə saat sonra, o, iş yoldaşına zəng edərək ondan üzr istədi. Bu təkcə Salomon Brothers deyil, həmçinin Uolt-Stritdəki digər şirkətlər üçün də adi haldır. Burda qeyri-adi heç nə yoxdur.
Şirkətdən qovulmuş xoşbəxt insan
Maykl Blumbergin iki keyfiyyəti – ağıldankəmlərə qarşı səbirsizlik və sərt xarakter – günlərin birində əvəzolunmaz işçinin şirkətdən qovulmasına səbəb oldu. Bu, 1981-ci ilə, Salomon Brothers şirkətinin Phibro Corporation tərəfindən satın alındığı dövrə təsadüf edir. İşdən qovulmasına baxmayaraq, Blumberg əhval-ruhiyyəsini itirmir və öz şirkətini qurur. Bloomberg LP adlı şirkət 1981-ci ildə qeydiyyata salındı, onun ilk müştərisi isə məşhur Merrill Lynch oldu. Bir müddətdən sonra Merrill Lynch Mayklın şirkətinə 30 milyon dollar sərmayə qoydu. O vaxt 30 milyon dollar böyük pul idi və deyirlər ki, indi Blumbergin seçki kampaniyasına xərclədiyi məbləğ bundan qat-qat çoxdur.
Bloomberg LP günü-gündən genişlənirdi, terminala yeni funksiyalar əlavə edilirdi. Beləliklə, Bloomberg News agentliyi, Bloomberg TV telekanalı və Bloomberg Radio radiostansiyası yarandı. Blumberg yenidən əvəzolunmaz insana çevrildi və bu dəfə yalnız bir şirkət üçün deyil, bütün dünya üçün.
“Mer Blumberg”
2000-ci illərin əvvəllərində Blumberg siyasətlə məşğul olacağını açıqladı. O, respublikaçı kimi qeydiyyata düşərək, ABŞ-ın ən böyük şəhərlərinin – Nyu-Yorkun – merliyinə namizədliyini irəli sürdü və qalib gəldi. Qeyd edək ki, Blumberg şəhər sakinlərinin etimadını siyasətçiyə xas olmayan bir metodla qazandı – son dərəcə populyar olmayan islahatlar keçirərək, yeni qaydalar tətbiq edərək.
Blumberg barlarda siqaret çəkməyi qadağan etdi, küçə ticarətçiləri ilə aktiv mübarizəyə başladı, vergiləri artırdı və büdcə xərclərini azaltdı. Qəzetlərdə onu “mer Mrakberg” (Mayor Gloomberg) adlandırırdılar. Cinayətkarlıq aşağı düşdü, məktəblər daha təhlükəsiz və zəngin oldu. Nyu-York şəhərinin sakinlərini narahat edən əsas məsələlər təhlükəsizlik, təhsil və səhiyyə olduğundan, Blumberg bir daha mer seçildi.
Blumberg artıq çəki və diabet xəstəliyi ilə mübarizə aparmaq üçün qazlı içkilərin böyük butulkalarda satışını qadağan etdi. Seçicilər buna gülsələr də, onun biznesmen olduğunu unutmurdular. Blumbergin fikrincə, diabet və ürək-damar xəstəliklərinin müalicəsinə xərclənən vəsait, başqa şeylərə xərclənə bilər. Düzünü desək, vətəndaşlar və satıcılar bunu insan hüquqlarının pozulması və “tiraniya” kimi qiymətləndirdilər. Onların müraciət etdikləri məhkəmələr, istədikləri qədər qazlı içki içə biləcəklərini qəbul edirdi. Blumbergin şəkər tərkibli qidalara qarşı vergi tətbiq etmək cəhdi də həmçinin uğursuz olsa belə, şəhərdə onun haqqında danışmağı çox sevirlər.
Tramp 2.0?
Blumberg təkcə Nyu-York ilə kifayətlənmədi. O, əlaqələrindən, vəzifəsindən və pulunda istifadə edərək, müxtəlif hərəkatlara dəstək olmağa başladı – Pensilvaniya və Kaliforniyanın qubernatorları ilə birləşdi. Maykl “Merlər qanunsuz silahlara qarşı” təşkilatını yaratdı və nəhayət, Respublikaçı Partiyasını tərk edərək, hər iki aparıcı partiyanın üzvlərinin daxil olduğu “Etiketsiz” təşkilatına yardım etməyə başladı.
2008-ci ildə Nyu-York şəhərinin bələdiyyə başçısı yenə Maykl Blumberg olur. Qlobal iqtisadi tənəzzül dövründə ABŞ-ın onun təcrübə və biliklərinə ehtiyacı var idi. Şəhər sakinləri buna razı olsalar da, dəyişikliklər tələb etməyə başladılar və 2014-cü ilin yanvarın 1-də bu arzu yerinə yetdi: Maykl Blumberg mer vəzifəsini tərk edərək, şirkətinin idarəsinə qayıtdı.
Biznesmen prezidentliyə namizədliyini irəli sürmək niyyətində olmadığını açıqlasa da, sözünün üstündə durmadı. Çoxlarının fikrincə, Trampa qalib gələ biləcək yeganə namizəd Blumbergdir. Tramp ilə müqayisədə Blumberg daha uğurlu və daha varlı biznesmendir.
Bir dəfə Maykl Blumbergə sual verdilər: “2020-ci ilin noyabr ayında Ağ Ev uğurunda iki milyarder mübarizə aparacaq, bu haqda nə düşünürsünüz?”. O, cavab verdi: “İkinci milyarder kimdir ki?”.
O, Donald Trampa oxşadığını gizlətmirdi (əslində, bu mənasız idi) və hətta bundan istifadə edirdi. Maykl biznes sahəsində əldə etdiyi uğurlardan və qazandığı təcrübədən danışır. Dünyanın ən zəngin adamlarından biri olan Blumberg, təmənnasız olaraq Amerikaya kömək etmək istəyir. Vətəndaşları onu əvəzolunmaz insan olduğuna inandırmaq üçün seçki kampaniyasına milyonlarla pul xərcləyir.
Maykl Blumberg media ilə işləməyi sevmir və jurnalistlərin suallarına kobud cavab verir. Bəlkə, onun debatlarda məğlub olmasının əsas səbəbi budur? Deyəsən, Blumberg buna görə məyus olmayıb. Onun fiquru, keçmiş vəzifəsi və sərvəti digər namizədləri geridə qoyur. O, bu dəfə də qalib gələcəyinə şübhə etmir.