Bütün valideynlər uşağının hərfləri və hesabı birinci öyrənməyini, şeirləri dərhal əzbərləməyini, geniş söz ehtiyatına malik olmağını və hamıdan yaxşı oxumağını istəyirlər. IQ – intellekt əmsalı isə Eynşteyninki kimi olsa yaxşı olar. Bəs bu intellekt əmsalını necə ölçmək olar, uşaq kvadrat kökləri həll etmək, “Yevgeni Onegin” romanını əzbərdən öyrənmək istəmir, cizgi filmlərinə baxmağa və oyuncaqlarla oynamağa üstünlük verirsə, onu parlaq intellektual başlanğıca yönəltmək üçün nə etmək lazımdır?
Öz sürəti ilə
Uşağın inkişafı ilə məşğul olarkən ən əsası anlamaq lazımdır ki, bu istiqamətdə etdiyiniz hər bir cəhd nəticəsini verəcək, lakin uşağınızın ilk illərdə əldə etdiyi uğurlar gələcəkdə də onun yaşıdlarından irəlidə olacağına zəmanət vermir. Hətta əksinə, uşaqların bəziləri bir yaş yarımda, digərləri isə üç yaşında danışır, bəziləri dörd yaşında sərbəst oxuyur, digərləri isə birinci sinfin sonunda hələ mətni hecalarla oxuyur.
Vaxt keçdikcə aradakı fərq düzəlir: geriyə qalan uşaqlar irəlidə olanlara çatırlar, çünki hər kəsin öz inkişaf sürəti var, buna görə də körpəniz bəzi şeylərin öhdəsindən gələ bilmədikdə, üzülməyinə dəyməz. Şübhəsiz, elə sahələr var ki, orada onun tayı-bərabəri yoxdur, digər sahələrdəki geriləməni isə sizin köməyinizlə vaxtında yoluna qoyacaq.
Parlaq zəka
Təkmilləşdirilmiş məktəblərdə şagirdlərin yalnız oxumaq və hesablama qabiliyyətini deyil, eyni zamanda intellekt əmsalını da yoxlayırlar. Normal uşağın intellekt əmsalı 100 faizə bərabər olmalıdır. Bu göstərici 120-135 rəqəminə çatırsa, bu, uşağın istedadlı olduğu bildirir, 160-dan çox toplamış uşaqlar isə artıq vunderkind hesab olunurlar.
İntellekt əmsalını 1916-ci ildə fransız psixoloqu Alfred Binet icad edib, lakin o bunu istedadlı uşaqları aşkar etmək üçün tətbiq etmirdi. Əksinə, bu göstəricilərə əsasən o əqli inkişafın ləngiməyini təyin edir və ləngimə dərəcəsini qiymətləndirirdi. Amma tezliklə Avropa və Amerikada IQ vasitəsilə uşaqların istedadlılığı ölçülməyə başlayırlar və bu müəllifin özünün belə təəccübünə səbəb olur: öyrənmək bacarığı olmayan uşaqların seçilməsi üçün düşünülmüş əmsal, əqli bacarıqların əsas göstəricisi hesab edilir.
Amma əslində, o, əqli potensial haqqında deyil, sadəcə təcrübəçinin məntiqi düşüncəsinin inkişaf səviyyəsi və dünyagörüşü, onun müxtəlif suallara dair məlumatlılığı haqqında təxmini hökm verməyə imkan verir. Bu isə böyüklərin uşaqla nə qədər çox məşğul olmalarından, onun hansı – valideynlərinin hərəsinin üç ali təhsili və iki elmi dərəcəsi olan və ya sadə ailədə böyüməsindən asılıdır.
Yüksək IQ dahiliyin zəmanəti deyil, bunu amerikalı alimlərin uzun illər apardığı təcrübənin nəticələri göstərir. 1920-ci illərdə başlamış bu təcrübə zamanı intellekt əmsalı testləri əsasında 1500 yüksək istedadlı uşaq aşkar olunmuş, sonra isə onların bütün həyatı yaşlanana qədər izlənmişdir. Artıq orta siniflərdə vunderkidlər, demək olar ki, həmyaşıdlarından fərqlənmir, yuxarı siniflərdə isə çoxu əvvəllər intellekt və bacarıqlarına görə parlamayan şagirdlərdən geriyə belə qalırdılar.