Riçard Brenson 18 iyul 1950-ci ildə Böyük Britaniyada qraf Edvard Brensonun ailəsində dünyaya gəlib. Riçardın atası disleksiyadan əziyyət çəkirdi və buna görə də universitetə qəbul ola bilməmişdi. O Riçardın gələcək anası stüardessa işləyən İvett Flint ilə ailə qurur. Bu qadın xasiyyətcə avantürist idi və pilot olmaq üçün kişi paltarları geymişdi (o zaman qadınların pilot olmasına icazə verilmirdi). Daha sonralar İvett stüardessa olaraq işləsə də, ailə həyatı qurduqdan sonra karyerasına son qoydu. Ailədə maddi çətinliklər olduğundan İvett xalça toxuyur və səbət hörürdü.
Riçard Brenson məktəbdə təhsil aldığı müddətdə məktəbin futbol və reqbi komandalarının kapitanı idi. Bu səbəbdən də onun bir çox hərəkətlərinə göz yumulurdu. Lakin o ayağından travma aldıqdan sonra demək olar ki, o hər gün müxtəlif səbəblərdən danlanılırdı.
Riçardın ilk biznes təcrübəsi tətil zamanı Yeni il yolkalarının satışı idi. Daha sonralar Brenson kollece başladıqda özünə daha qlobal bir məşğuliyyət tapmışdı. O “Stou-skul” islahat proqramını yaratmış və reallaşdırmağa başlamışdı. O zaman təhsildə dəbdə olan liberal cərəyanların təsiri altında bir proqram yaranmışdı və bu proqrama uyğun olaraq gənclərin hüquqları imkansız hesab edilirdi. Bu zaman Riçard “incimiş” tələbələrin öz fikirlərini irəli sürə biləcəkləri – “Tələbə” adlı jurnal yaratmağa başladı.
Jurnalı yaratmaq üçün sponsor tələb olunurdu və Brenson jurnalda ödənişli reklam yerləşdirmək qərarına gəldi. Beləliklə Brensonun işləri yoluna düşməyə başlayırdı.
1970-ci ildə Riçard başqa bir sahədə biznes qurmağa cəhd etdi. O plastinkaların çatdırılması ilə məşğul olan bir şirkət yaratdı və onu “Virgin Meyl-Order” adlandırdı. Riçard bu yeni sahədə yeni uğurlar qazanmağa başladı.
Biznesini genişləndirməyi planlaşdıran Brenson məşhur musiqiçilər ilə əməkdaşlıq etməyi qərara aldı. Lakin bütün musiqiçilər artıq nəhəng şirkətlərlə əməkdaşlıq edirdilər və özlərinin ticarət şəbəkələri mövcud idi. Belə olduqda o belə bir qərara gəldi: əgər rəqiblərindən bir rok ulduzunu ala bilmirsənsə onu özün yarat! Beləliklə, 1972-ci ildə “Virgin Records” adlı səs yazma studiyası yaradıldı. Beləliklə, Riçard Brenson milyoner oldu, lakin bununla yanaşı o öz həyat tərzini dəyişmədi. O daim yeniliklərin axtarışında idi və yeni-yeni biznes sahələrinə can atırdı. O öz “Virgin” şirkətini bir neçə biznes sahələri üzrə inkişaf etdirməyə çalşırdı.
Brensonun uğurlu qələbələri tarixində bir fakt böyük maraq doğurur ki, bu da onun öz ideyalarını gerçəkləşdirməsi üçün hər zaman sponsor tapması idi. Məsələn, 1993-cü ildə “Virgin Cola” adlı içki “Pepsi” və “Coca-Cola”-nı bazarda sıxışdıraraq Böyük Britaniyada satış həcminə görə üçüncü yeri tutmuşdu. Bundan bir qədər sonra “Virgin Vodka” da yaradıldı.
Riçard Brensonda daima yeni fikirlər yaranır. Çox vaxt onun daima özü ilə gəzdirdiyi qeyd kitabçası bu yeni ideyalar üçün əsas mənbə rolunu oynayır. O demək olar ki, bu qeyd kitabçasından ayrılmır və öz əməkdaşları və ortaqları ilə olan rəsmi danışıqları bu kitabçaya daxil edir.
Hazırda Riçard Brenson Böyük Britaniyanın ən varlı insanlarının siyahısında 4-cü yeri tutur və demək olar ki, 2 milyard dollar sərvətə sahibdir.