9 C
Baku
Thursday, December 12, 2024

Daniel Graham: “Beyniniz kompüter deyil”

Çox güman ki, bu yaxınlarda aşağıdakı ifadələrdən birini istifadə etmisiniz:

“Beynimi yenidən başlatmağa ehtiyacım var”.

“Yaddaşımı araşdırıram”.

“Beynim yeniləməyə ehtiyac duyur”.

“Sistemdə qəza baş verib”.

“Beynim donub” və s.

Bu lüğətdən istifadə edərək, beyni kompüterlə eyniləşdiririk. Və mənə beyinə münasibətdə kompüter analogiyasını tətbiq etməyimizin həyatımıza necə təsir göstərdiyi maraqlıdır.

Fakt budur ki, şüurlu və ya şüursuz şəkildə beynin kompüter kimi işlədiyini düşünürük. Qeyd edim ki, insan beyni bəzi tapşırıqları yerinə yetirərkən, hesablamalar apardığı üçün müəyyən dərəcədə kompüterə bənzəyir. Ümumiyyətlə, kompüter analogiyası nevrologiyada yarım əsrdən çox mövcud olub. Bu, vizual qavrayış kimi beynin əsas prosesləri haqqında mühüm kəşflər etməyimizə kömək edib.

Lakin indi bu yanaşmanın faydalarının azaldığı bir nöqtəyə çatmışıq. Kompüter analogiyası bizi çaşdırır. Biz bu tələyə qapıldıq, buna görə beynin fəaliyyəti modelləri daha ziddiyyətli görünməyə başlayır. Bundan əlavə, yanaşmada olan qüsurlar gündəlik həyata da təsir göstərir.

Noutbukda hər hansı bir problem olduqda, əksər İT-mütəxəssislərin ilk düşündüyü “kompüterinizi yandırıb-söndürün” olur. Və bu klişe əsassız deyil: əksər hallarda yandırıb-söndürmə xırda nasazlıqları aradan qaldırır. Lakin kompüterin problemləri çox ciddi olduqda, faydalı və eyni zamanda radikal həll yollarından biri onun yaddaşını “format etmək” və ya silmək olur.

İnsanlar eyni təsirli üsulu gündəlik həyatda da tətbiq etmək istəyirlər. Məsələn, XX əsrin ortalarında beyini təmiz və səhvsiz vəziyyətə gətirməyin metodu tapıldı – elektrokonvulsiv terapiya və ya “elektroşok”. Bu gün bu prosedur ağılın “sərt sıfırlanması” kimi təsvir olunur. Nadir və həll olunmayan depressiya, o cümlədən digər hallarda elektrokonvulsiv terapiya yararsız, faydasız və hətta təhlükəlidir.

Daha yumşaq “sıfırlanmaya” nail olmağa çalışmayın. Əlbəttə ki, istirahət, dostlarınla vaxt keçirmək və fiziki hərəkət kimi “yenidən başlatma” psixiki sağlamlıq üçün faydalı ola bilər. Lakin bu hərəkətlərin beyni yenidən başlatmaq sayəsində deyil, zənginləşməsi və daha düzgün istifadə edilməsi sayəsində uğurlu olduğunu başa düşmək vacibdir.

Bəs “yaddaş banklarında axtarış” necə? Neyrobioloqlar illərdir insan yaddaşının kompüter yaddaşından fərqli işlədiyini bilirlər. Keçmiş hadisələr haqqında təsəvvürümüz bir çox məlumat növü arasındakı kompleks birləşmələri əhatə edir: bütün duyğu məlumatları (görmə, eşitmə, qoxu, dad və s.), hadisənin baş verdiyi fiziki yer, əldə etdiyimiz fayda və s. Və hər dəfə bir şeyi xatırladıqda, bu təsəvvür dəyişir.

Əgər kompüterin yaddaşı bu şəkildə işləsəydi, o çox faydasız olardı. Bunun əvəzinə kompüterlər məlumatları sabit yerdə saxlamaq üçün tamamilə deterministik və itkisiz bir strategiyadan istifadə edirlər. Prosessor məlumatı tapır, çıxarır və hər dəfə mükəmməl dəqiqliklə eyni yerə qaytarıb qoyur. Bu konsepsiya insan yaddaşı tədqiqatlarının ilk günlərində kömək etsə də, artıq köhnəlmiş sayılır.

Kompüter analogiyası praktiki deyil və bizim üçün tamamilə faydasızdır. Yaddaşın işləmə prinsipini başa düşməklə insan onun real mexanizmlərindən istifadə edə bilər. Yadda saxlama qabiliyyətini mnemonika və ya “yaddaş sarayı” adlanan yanaşma vasitəsilə yaxşılaşdırmaq mümkündür. Əsas fikir ondan ibarətdir ki, siz fərqli məlumat növləri arasında əlaqə şəbəkəsini yaratmalısınız və onu coğrafi lövbərlə əlaqələndirməlisiniz. Məncə, bu şəbəkəni internetə bənzətmək daha uyğundur. Bütün hallarda xatirələrimiz (bizim də, başqalarının da) dəyişən xarakter daşıyır. Xatirələr nə qədər canlı görünsə də, keçmiş hadisələri dəqiqliklə ifadə etmir.

Beynin kompüterlə son müqayisəsi – onun real cihazlarla uyğunlaşması və müvafiq qaydada təkmilləşdirə bilməsidir. Beyin-kompüter interfeysi bir çox tədqiqatçı və müəssisə rəhbərinin böyük arzusudur. Məsələn, İlon Mask bu ideyanı Neuralink şirkətində təcəssüm etdirdi.

Əsas ideya cərrahiyə yolu ilə kompüter portalını insanların beyinlərinə yerləşdirməkdən ibarətdir. Güman edilir ki, interfeys beyin hesablamalarını – (məsələn, xatirələri “yükləmək”) oxuya biləcək, eyni zamanda xarici stimulyasiyanı kompüterlərdən beyinə ötürəcək. Belə bir müdaxilə haqqında düşünən hər kəsə amerikalı nevroloq Fil Kennedinin təcrübəsini xatırlatmaq istəyirəm. O, beyninə elektron implant yerləşdirmişdir. Əməliyyat Belizdə keçirilmişdir, çünki ABŞ-da heç bir neyrocərrah onu həyata keçirməyə razı olmamışdır. Bir neçə həftə ərzində Kennedi nitq problemi ilə yanaşı, hərəkət məhdudiyyətindən əziyyət çəkirdi. Onun hekayəsi Daniel Enqberin Wired məqaləsində izah edilir:

“Günortadan sonra anesteziyanın təsiri bitdi, otağa neyrocərrah daxil oldu. O, metal çərçivəli eynəkləri çıxartdı və onları sarğılı xəstəyə göstərdi. Sonra isə “Bu necə adlanır?”, – deyə soruşdu. Fill Kennedi bir neçə saniyə eynəyə baxdı. Daha sonra baxışları tavana və televizora tərəf yönəldi. Və “Eee… eee… ey… ey, – deyə mırıldadı”.

Kennedinin məqsədi nəcib və alturistik idi: o, insan beyninin nitqi necə yaratdığını öyrənmək istəyirdi. Lakin yanlış olan kompüter analogiyasından  istifadə edirdi, hansıki insan beyninin birbaşa dinlənilə, oxuna və yaxşılaşdırıla bildiyini nəzərdə tutur. Doğrudur, o, nitqini bərpa etdi, lakin öz üzərində apardığı təcrübələr beynin daha yaxşı başa düşülməsinə gətirib çıxarmadı.

Lazımsız cərrahiyyə əməliyyatlarla yanaşı, beyin-kompüter interfeysi ilə bağlı bir çox digər problemlər var. Məsələn, beyinə quraşdırılan port köhnəlsə, nə baş verəcək? Bildiyimiz kimi, istənilən rəqəmsal texnologiyanın həyat dövrü təxminən on iki ildir. Köhnəlmiş port hərəkət və ya nitq qabiliyyətinə görə cavabdeh olan beynin vacib hissələrinə yerləşdirilmiş olarsa, onun çıxarılması ciddi və düzəlməz fəsadlarla nəticələnə bilər. İnsan beyni kompüter kimi təkmilləşdirilə bilməz, çünki o, kompüter deyil. Bəli, hesablamalar onun vəzifələrindən biridir. Lakin inanıram ki, bu analogiya neyrobioloqlara artıq heç bir fayda vermir və biz beyni bu şəkildə təsəvvür etməkdən çəkinməliyik.

Son xəbərlər
Digər xəbərlər