Bir insanda hər birimizə xəyal kimi təsiri bağışlayan cəhətlərin birləşməsi həqiqətən də inanılmazdır. Məsələn, Daniel Tammet sağı soldan ayırd edə bilmir, yaxud elektrik cihazını şəbəkəyə qoşa bilmir. Lakin bunun əvəzində o 11 dildə danışa bilir və beynində ən çətin riyazi hesablamaları edir.
Daniel 1979-cu ilin yanvar ayında Londonda autizm diaqnozu ilə dünyaya gəlir. Onun 4 yaşı olduqda ağır epilepsiya tutması keçirir və bundan sonra onda qeyri-adi hesablama bacarığı peyda olur. Daniel artıq 4 yaşında 3 rəqəmli ədədləri bir-birinə vura bilirdi. O Pi-dən sonraki 22 minə yaxın rəqəmi əzbər olaraq deyə bilir.
Bundan başqa, Daniel Tammet bir çoxlarının həsəd aparacağı linqvistik bacarıqlara sahibdir. Onun doğma dili ingilis dili olsa da, ən sevdiyi dil litva dilidir. Yeri gəlmişkən, qeyd edək ki, Daniel məktəbi bitirdikdən sonra, Litvada ingilis dilini tədris etmişdir. Bu poliqlot fransız, alman, rumın, eston, fin, ispan, uels və süni esperanto dilini mükəmməl bilir. Daniel televiziya tok-şousu çərçivəsində 1 həftəyə irland dilini öyrənmişdi. Bundan əlavə, Daniel özünün “menti” adlı dilini yaratmışdır və bu eston və fin dilləri ilə müəyyən oxşarlığa sahibdir.
Tibb terminologiyasında bu cür fenomen savantizm və yaxud Savanta Sindromu adlanır. Daha doğrusu müəyyən inkişaf qüsurlarına sahib insanın mükəmməl bacarıqlara malik olması deməkdir. Daniel tamamilə müxtəlif kriteriyalar üzrə düşünür. Onun üçün bütün dünya rəqəmlərdən ibarətdir: yaxşı və pis, gözəl və bir o qədər də gözəl olmayan.
Daniel bütün bu həsəd aparan bacarıqlarına baxmayaraq bəzi xoşbəxtliklərdən məhrumdur. Məsələn, o dənizin kənarında gəzmək şansına sahib deyil. Belə ki, onun beyni avtomatik olaraq sahildə gördüyü daşları hesablamağa başlayır. O hətta gündəlik həyatımızda etdiyimiz işlərin demək olar ki, hamısını riyazi dəqiqliklə həyata keçirir.
Daniel Tammet autizmdən əziyyət çəkməsinə baxmayaraq, onu cəmiyyətin nümunəvi üzvü adlandırmaq olar. O bir neçə kitabların müəllifidir və daim jurnalist və alimlərin diqqətini özünə cəlb edir. Kitab yazmaqdan əlavə, məşhur britaniyalı online olaraq xarici dil və hesablama vərdişlərini öyrədir.